“Artıq həlledici məqam yetişib və biz ona hazır olmalıyıq”
İndi nəinki Azərbaycan xalqı və dövləti, eyni zamanda beynəlxalq ictimaiyyət də əmin olmağa başlayıb ki, Ermənistanla danışıqlar aparmaqla işğala son verilməsi, Qarabağ məsələsinin ərazi bütövlüyümüz çərçivəsində həlli mümkün olmayacaq. Odur ki, hərb variantı günbəgün daha real görünür. Bu mövzuda Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”ın suallarını cavablandırdı.
- Eldar bəy, cəmiyyətdə mövcud olan bu yanaşmanı - “unikal məqam yetişib, savaş qaçılmazdır” fikrini siz də bölüşürsünüzmü, yoxsa durumla bağlı fərqli mövqedəsiniz?- Sualınıza konkret cavab verim ki, mənim aləmimdə belə bir şərait yetişib və hazırlıq işləri də göz qabağındadır. Azərbaycan hakimiyyəti bunu gizlətmir, dünya ictimaiyyəti də bunu görür. Düşmən tərəfdə də hazırlıq işləri gedir. Ona görə də sizin sualınızın cavabı birmənalıdır: belə bir şərait yetişib və hərbi əməliyyatlar hər an bərpa oluna bilər. Ancaq bu addımı nə vaxt atmaq məsələsi yalnız Azərbaycan Prezidenti, Ali Baş Komandanın səlahiyyətindədir. Bu da təbiidir. Çünki həm ordu işləri, həm diplomatiya sahəsində atılan addımlarla bağlı bütün dəqiq informasiyalar Prezidentin masasının üstündədir və o informasiyalar nəzərdən keçirilməklə son qərar verilməlidir. Ona görə də bizim cəmiyyət sadəcə olaraq bu addıma hər an hazır olmalıdır, ordumuz da, diplomatiyamız da öz işini görməlidir. İnformasiya müharibəsi sahəsində, cəmiyyətdə səfərbərlik məsələlərində zəruri olan məsələlər həyata keçirilməlidir. Artıq həlledici məqam demək olar ki, yetişib və biz ona hazır olmalıyıq.
- İşğal zonasına terrorçu qruplaşmaların köçürülməsi məsələsi də ciddi narahatlıq doğurur. Livandan “erməni ailələrinin köçürülməsi” adı altında əslində ərəb ölkələrindən terrorçu qruplaşmalar Qarabağa gətirilir. Bunlar Azərbaycanın antiterror əməliyyatı keçirməsinə əsas yarada biləcək faktlar kimi qəbul oluna bilər, yoxsa daha ciddi təhlükələr vəd edən məsələlərdir?- Gəlin burda konkret və dəqiq informasiyanı müxtəlif şayiələrdən və qeyri-dəqiq məsələlərdən ayıraq. Dəqiq informasiya ondan ibarətdir ki, hələ 90-cı illərin əvvəllərində Qarabağda döyüşlər olanda Yaxın Şərqdən və dünyanın başqa yerlərindən erməni daşnaklarının terror qruplarının üzvləri Qarabağa gəlib bizə qarşı vuruşublar. Bu, ermənilərin daimi taktikası olub. Onların ən məşhur terrorçularından biri Monte Melkumyanı da Azərbaycan əsgərləri Qarabağda gəbərtmişdilər. İndiki situasiyada Suriyadakı Rusiyaya yaxın qruplarının içərisində Suriya ermənilərinin batalyonu da vuruşurdu. Həmin erməni batalyonunun yaradıcısının adı ilə bağlı olan təşkilat (“Nubar Ozanyan” - E.P.) mövcuddur. O təşkilat 90-cı illərin əvvələrində Qarabağ döyüşlərində döyüşmüş erməni terrorçunun adını daşıyır. Bu, artıq real, qəbul olunmuş faktdır ki, Qarabağda döyüşlər başlayanda Yaxın Şərqdən də, Avropa, Amerikadan da ASALA şəbəkəsinin, erməni daşnaklarının terrorçu qruplarının üzvləri dərhal Qarabağa gəlib bizə qarşı vuruşurlar. Təbii ki, yenidən hərbi əməliyyatlar bərpa olunanda, indiki zamanda da onların Yaxın Şərqdən, həmçinin digər ölkələrdən bölgəyə gəlmələri gözlənilən bir haldır. O ki qaldı Livan və ya Suriya ermənilərinin buraya köçürülmə planlarına, əslinə qalsa, o gözdən pərdə asmaq üçün bir şeydir. Onlar bunu niyə elan edirlər, niyə bu haqda kadrlar yayırlar? Axı, onlar bilirlər ki, Azərbaycan diplomatiyası əks hücuma keçəcək, onları qınayacaq, ifşa edəcək, bununla bağlı BMT-yə müraciət edəcək. Ermənilər bunu yaxşı bilirlər. Ancaq bilə-bilə də videoreportajlar yayırlar.
“Əgər Ermənistan sərhədlərimizi keçib torpaqlarımızı işğal edirsə, Azərbaycan ordusunun da sərhədi keçib öz tarixi torpaqlarını azad etmək hüququ var” |
- Artıq rəsmən bəyan edirlər ki, 1200 nəfər Livandan Ermənistana gəlib...- Bəli. Bu məlumatları ona görə yayırlar ki, pərdə arxasında onlar Livandan terrorçu qrupların gəlməsini gizlədirlər. Minlərlə erməni terrorçusunun Dağlıq Qarabağa gəlməsini gizlətmək üçün onlar xəbərlər yayırlar ki, guya hərbi əməliyyatlar, yaxud Livandakı partlayışlar zamanı mülklərini itirən adi erməni ailələri bura gəlir. Guya humanitar bir missiya kimi Ermənistan onları qəbul edir. Bütün bunlar gözdən pərdə asmaq üçündür. Əslinə qalsa, Yaxın Şərqdəki müharibələrdə iştirak edən erməni terrorçularından Azərbaycana qarşı döyüşlərdə istifadə etmək üçün Ermənistana gətirirlər. Bu, faktdır. Biz bunu fakt kimi qəbul etməliyik.
- Qarabağ məsələsində Türkiyə faktoru nə dərəcədə rol oynaya bilər? Təbii ki, müstəsna əhəmiyyətə malikdir. Amma konkretləşdirsək...- Bu, böyük geopolitik savaşda Türkiyənin öz tarixi missiyası var və bu məsələ Azərbaycan üçün çox böyük önəm daşıyır. Mən deyərdim ki, hətta həlledici amilə çevrilib. Türkiyə Cənubi Qafqazda balansı dəyişməyə qadir bir ölkədir. Türkiyə Ermənistana hərbi dəstək verən Rusiya amilini neytrallaşdırmaq üçün böyük imkanlara malik bir dövlətdir. Minsk Qrupunun fəaliyyətsizliyi hamının gözü qarşısındadır. Əslinə qalsa, real danışıqlar üçbucaqda keçirilir: Bakı-Moskva-İrəvan. Bu üçbucaq Qarabağ məsələsinin həlli üçün qənaətbəxş model deyil. Ona görə ki, bu, üçbucağın bir bucağı Azərbaycan torpaqlarını işğal edib, digəri isə işğalçıya hərbi dəstək verir. Bu mənada Qarabağ probleminin həllini bu üçbucaqda axtarmaq ağılsızlıqdır, yersiz vaxt itirməkdən başqa bir şey deyil. Türkiyənin bu bölgəyə gəlişi geopolitik balansı dəyişir və dördbucaq yaranır. Türkiyə NATO-nun ikinci güclü ordusuna malik olan və indi Yaxın Şərqdə keçirdiyi əməliyyatlar zamanı Yaxın Şərqin, ön Asiyanın aparıcı hərbi qüvvəsi olaraq Rusiya amilini tam neytrallaşdıra bilər. Mən bu barədə əvvəllər də demişəm, Azərbaycan bu yeni siyasəti quranda onu güzgü prinsipi əsasında qurmalıdır, bu, diplomatiyada çox geniş istifadə olunan, həm də effektli bir yanaşmadır. Yəni sənə qarşı hansı addım atılırsa, sən də ona elə həmin həcmdə cavab verirsən. Ona görə də güzgü prinsipi diplomatiyada çox geniş yayılmış, qəbul olunmuş və effektli bir prinsipdir. Bizim işğal olunmuş ərazilərimizlə bağlı güzgü prinsipi o deməkdir ki, ruslar Ermənistanda hərbi baza yaradıblarsa, Türkiyə də Azərbaycanda hərbi baza yaratmalıdır. Ruslar ermənilərlə birgə qoşun hissələri yaradıblarsa, Naxçıvanda da Əlahiddə Ordu ilə Türkiyənin Üçüncü Səhra Ordusu arasında saziş əsasında vahid qoşun hissələri yaradılmalıdır. Ruslar Ermənistanda həm adi, həm nüvə başlıqları daşıyan İsgəndər raketləri yerləşdirirlərsə, Azərbaycan da nüvə silahına malik olan yeganə müsəlman ölkəsi Pakistandan, bizim çox yaxın müttəfiqimizdən ona uyğun raket sistemlərini almalıdır. Pakistan həm nüvə sistemlərini, həm də adi başlıqları daşıya biləcək raketlər istehsal edir, Azərbaycan da onları almalıdır. Güzgü prinsipi o deməkdir ki, bizə qarşı atılan addımlara cavab olaraq eyni həcmdə adekvat addımlar atırıq. Bu proses Cənubi Qafqazda güclərin balansını dəyişib, Rusiyanın Ermənistana hərbi dəstəyini neytrallaşdıra bilən bir amil olmalıdır. Türkiyə də bunu həyata keçirməyə qadirdir. İnşallah belə də olacaq.
- Eldar bəy, PKK, erməni terrorçuları məsələsi təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı təhdiddir. Qardaş ölkənin mediası da bu təhlükədən geniş bəhs edir və yəqin hökumət də biganə deyil. Bölgədə illərdir antiterror əməliyyatları aparan Türkiyə bu istiqamətdə hansı addımları ata bilər?- Azərbaycan ordusuna xalqımızın dəstək aksiyalarından sonra mən bildiyimə görə, 70 minə yaxın Azərbaycan könüllüləri orduya səfərbər olunmaq üçün müraciət edib. Bu, faktiki olaraq ikinci ordunun yaradılması deməkdir. Bu könüllülərin bəlkə də 10-20 faizinin səfərbər olunması kifayət edir ki, biz Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad edilməsini öz gücümüz hesabına həyata keçirək. Bunun üçün hansısa başqa ordu gücünün dəstəyi lazım deyil. Bizimçün əsas Rusiya amilini neytrallaşdırıb, işğalçı ilə üz-üzə qalmaqdır. Azərbaycan prezidenti dediyi kimi, Ermənistanın gücü və imkanı varsa, o gərək bizimlə təkbətək vuruşsun. İndi Türkiyə amili həmin şəraiti yarada bilər və yaratmaq üzrədir. Həmin terrorçu dəstələrini Azərbaycan ordusu tam öz gücü ilə darmadağın edə, işğalçıları torpaqlarımızdan çıxara bilər. Türkiyə amili geopolitik amildir. Bu, Cənubi Qafqazın bütün geopolitikasını dəyişə biləcək, yeni şərait yarada biləcək bir faktordur. Bu da dediyim kimi, bizimçün taleyüklü məsələdir və missiyadır. Qardaş Türkiyə də bu missiyanı həyata keçirtməyə hazırdır.
“Bu, Azərbaycanın Qarabağ siyasətində çox böyük və ciddi bir yenilikdir” |
- Belə bir yanaşma və ümumiyyətlə, cəmiyyətin istəyi var ki, hərbi əməliyyatlar başlayarsa, o halda Ermənistanın Tovuz, Gəncə, Şəmkir təxribatları və təhdidlərinə cavab olaraq Azərbaycan tarixi ərazilərinin azad olunması istiqamətində hərəkətə keçməli, Mehri dəhlizini açıb, Naxçıvanla, həmçinin Türkiyə ilə quru əlaqələrini bərpa ertməlidir. Bu barədə sizin düşüncələriniz maraqlıdır. Mümkün görünürmü? - Azərbaycan mətbuatı bir məsələyə o qədər də diqqət yetirmədi. Prezidentin ölkə jurnalistlərinə verdiyi müsahibədə mühüm bir yenilik var idi. Prezident qeyd etdi ki, bizim ordumuzun Ermənistanın dövlət sərhədlərini keçib, orda hansısa mövqelər əldə etməyə imkanı var idi, ancaq bu, heç vaxt dövlət sərhədlərindən kənarda hansısa mövqelər əldə etmək bizim hədəfimizdə olmamışdı. Prezident ilk dəfə olaraq xəbərdarlıq etdi ki, ermənilər yenidən təxribata əl atsalara, artıq Azərbaycan beynəlxalq normaları gözləməyəcək. Dedi ki, əgər erməni tərəf o normaları gözləmirsə, Azərbaycan da müvafiq addımlar atacaq. Bu, çox mühüm məsələdir. Bu, Azərbaycanın Qarabağ siyasətində çox böyük və ciddi bir yenilikdir. Vaxtilə elə sizin qəzetinizdə, başqa media orqanlarında əksini tapan, Zəngəzur məsələsi, Türkiyə ilə Azərbaycan arasında quru sərhədlər məsələsi və digər məsələləri özündə ehtiva edən bir yanaşmadır. İlk dəfə olaraq Azərbaycan prezidenti bu məsələni səsləndirib, xəbərdarlıq edib. Mən hesab edirəm ki, müxtəlif dillərdə bunun arqumentləşdirilmiş şəkildə izahatı verilməlidir. Təkcə özümüz üçün yox. Dünya ictimaiyyətinə də çatdırmalıyıq ki, Ermənistan dövləti Azərbaycan torpaqlarında yaradılıb, 20-ci əsrin əvvəllərində müəyyən bir konsensus var idi ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisi olaraq qalır, ancaq bizim əzəli torpaqlarımız olan Zəngəzuru bolşeviklər Ermənistana vermişdilər. İndi ermənilər Dağlıq Qarabağ iddialarını növbəti dəfə ortalığa qoymaqla həmin o paket-konsensus da ləğv olunur. Azərbaycanın tarixi torpaqlarının Ermənistana verilməsi məsələsi artıq öz legitimliyini itirir. Əgər Ermənistan sərhədlərimizi keçib Azərbaycan torpaqlarını işğal edirsə, Azərbaycan ordusunun da sərhədi keçib öz tarixi torpaqlarını azad etmək hüququ var. Bu, yanaşma, ölkə başçısı səviyyəsində səsləndirilən bu mesajlar çox ciddi xəbərdarlıqlardır və biz bunu dünya ictimaiyyətinə olduğu kimi, arqumentlərlə, faktlarla çatdırmalıyıq ki, sabah bu proseslər baş verəndə bütün dünya ictimaiyyəti də nə baş verdiyini dəqiq bilsinlər və başa düşsünlər.
Elşad PAŞASOY,“Yeni Müsavat”