MÜHARİBƏNİN İLK HƏFTƏSİ... - İnformasiya cəbhəsində nələr dəyişib?

5-10-2020, 16:14   


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz müharibənin ilk həftəsində informasiya cəbhəsindəki dəyişiklikləri təhlil edib.
Ekspert bütün sahələrdə müsbət dinamika olduğunu bildirir. Onun hazırladığı təhlili oxuculara təqdim edirik:
1. Ölkədə yeni sosial media resurslarına, "Telegram"-a, o cümlədən uzun illərdən bəri ölkədə populyarlaşa bilməyən "Twitter"-ə diqqət sürətlə artıb.
Müdafiə Nazirliyinin və bəzi rəsmi qurumların "Telegram" kanalı açması, Prezidentin son tvitləri bu prosesi xeyli sürətləndirib.
2. Azərbaycandilli sosial media platformasının keyfiyyət və peşəkarlıq göstəriciləri, ictimai çəkisi xeyli artıb. Bu platformada söyüş, təhqir və böhtan tam dayandırılıb. Nəhəng bir ictimai platformaya çevrilib.
3. Ümumiyyətlə, həm koronavirus pandemiyası, xüsusən də son müharibə əhalinin rəqəmsal bacarıqlarının sürətlə artmasına stimul verib.
İstifadəçilər VPN texnologiyalardan, yeni sosial media resurslardan kütləvi olaraq daha aktiv istifadə etməyə başlayıblar.
VPN-dən istifadə müəyyən risklər yaratsa da, informasiya ilə peşəkar işləyənlərin ondan istifadə edərək informasiya istehsalını təşkil etməsi informasiya mühitinin inkişafına çox müsbət təsir edib.
4. Sadə istifadəçilərin də informasiya mədəniyyəti, informasiya ilə işləmək bacarıqları xeyli yüksəlib. Dezinfromasiyanın xüsusi çəkisi hədsiz dərəcədə azalıb. Rəsmi mənbələrə, rəsmi informasiyalara inam və istinad xeyli yüksəlib.
5. İnternetin və sosial medianın məhdudlaşdırılması nəticəsində informasiya mənbəyi funksiyası TV-lərə keçib. Həmçinin, informasiyanın ötürülməsi funksiyası da müharibənin ilk günlərində əsasən TV-lərdə və internet mediada olsa da, VPN məsələsindən sonra sosial media yenidən aktivləşib.
Xüsusən də müharibə başlayandan AzTV və İTV hədsiz populyarlaşıb. TV-lərdə cəbhədən təşkil olunan canlı bağlantılar və canlı verilişlər, peşəkar müzakirələr və plüralizm efirə olan diqqəti xeyli artırıb.
Prezidentin və digər dövlət rəsmilərinin tez –tez yerli və xarici TV-lərdə çıxışları informasiya cəbhəsində vəziyyətə ciddi müsbət təsir göstərib.
Xarici TV-lərin ölkədə yayımı yenidən gündəmə gəlib və MTRŞ bununla əlaqəli xarici TV-lərin yeni retranslyasiya siyahısını hazırlayır.
6. İnternetin və sosial medianın məhdudlaşdırılması ilə ilk günlərdə beynəlxalq anti-Azərbaycan informasiya cəbhəsində, beynəlxlaq mediada üstünlük hiss olunsa da, son zamanlar həm diplomatik korpus və diaspora, xaricdə yaşayan həmvətənlərimiz tərəfindən, həm də yenə də VPN texnologiyadan istifadə edənlər, bu sahə üzrə bacarıqları olanların səyləri ilə vəziyyət xeyli yaxşılaşıb.
7. İnformasiya təhlükəsizliyi ilə bağlı səlahiyyətli dövlət qurumların, DTX, NRYTN Elektron Təhlükəszilik Xidməti və CERT-in aktivliyi xeyli artıb.
8. Müdafiə Nazirliyinin informasiya siyasəti peşəkarlıq və operativlik baxımından, yeni texnologiyaların, multimedia texnologiyaların tətbiqi baxımından müsbət istiqamətdə xeyli inkişaf edib.
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.