Ermənistanın BTC-ni və digər layihələri hədəfə alması ciddi rezonans doğurdu

8-10-2020, 08:57   



İşğalçı ölkənin terror təhdidləri ilə bağlı BP açıqlama yaydı: “Azərbaycan ərazisində mülki yaşayış yerlərinin və infrastrukturun hədəfə alınmaqla hərbi əməliyyatların genişləndirilməsindən çox narahatıq”

Ordumuzun zərbələrinə davam gətirməyən ermənilər Azərbaycanın müxtəlif ərazilərində mülki vətəndaşları, qeyri-hərbi xarakterli obyektləri vurmağa çalışırlar. Mingəçevirə açılan uğursuz atəşdən sonra oktyabrın 6-da ermənilər Azərbaycan neftini Avropaya çatdıran Bakı-Tiflis-Ceyhan neft kəmərini vurmağa cəhd ediblər. Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri oktyabrın 6-da regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tiflis-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində terror cəhdinin qarşısı alınıb.
Dünən isə Azərbaycan BTC-ni vurmaq üçün atılan raketin qalıqlarını nümayiş etdirib.
Qeyd edək ki, SOCAR-ın sözçüsü İbrahim Əhmədov Ermənistanın BTC-ni hədəf almasına münasibət bildirib: “Boru kəmərinin operatorundan aldığımız məlumata görə, BTC ixrac boru kəməri hazırda əvvəlki kimi öz fəaliyyətini davam etdirir. BTC boru kəmərinin paydaşları arasında dünyanın müxtəlif aparıcı enerji şirkətləri yer almaqdadır. Azərbaycanın neft-qaz infrastrukturunu hədəfə almaqla Ermənistan təkcə bizim ölkənin deyil, Avropa Birliyinin də enerji təhlükəsizliyinə qarşı ciddi təhlükələr yaradır. Bu təhdid yeni deyil, sonuncu dəfə cari ilin iyul ayında Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin hücumu beynəlxalq əhəmiyyətli neft-qaz infrastrukturumuzu birbaşa təhlükə altına qoymuşdu”.
İbrahim Əhmədov: “SOCAR BP ilə birgə layihə reallaşdıracaq”
SOCAR rəsmisi: “Cənub Qaz Dəhlizinin tamamlanması müddəti yaxınlaşdıqca Ermənistanın bu infrastruktura hücumlarının artması təsadüfi deyil”
İ.Əhmədov “Yeni Müsavat”a onu da bildirdi ki, BTC ilə bərabər həmin ərazidən Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Cənubi Qafqaz qaz Boru Kəməri də keçir: “Hələ bir həftə əvvəl də mən qeyd etmişdim ki, Cənub Qaz Dəhlizinin tamamlanması müddəti yaxınlaşdıqca Ermənistanın bu infrastruktura hücumlarının artması təsadüf deyil. Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarının Ermənistanın uzunmüddətli işğalı altında olması beynəlxalq neft və qaz boru kəmərləri üçün daimi təhdid və təhlükə mənbəyidir. Azərbaycanın Milli Ordusu hazırda Ermənistanın hücumlarını dəf etməklə, bu infrastrukturun təhlükəsizliyini təmin edən əsas faktordur. Azərbaycan Ordusunun hazırkı əks-həmlə əməliyyatı işğal altında olan əraziləri tam azad etməklə Ermənistanın təhdidlərini tam aradan qaldıra biləcək yeganə faktor kimi görünür. Bu isə boru kəmərlərimizin davamlı təhlükəsizliyini də təmin edəcək”.
Ombudsman Aparatı: Səbinə Əliyeva öz fəaliyyətini davam etdirməkdədir |  Report.az
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən BTC-nin kaset bombalarla atəşə tutulması ilə bağlı dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edib. Müraciətdə bildirilir ki, hərbi əməliyyatlar başlayandan davamlı olaraq mülki obyekt və insanları hədəf alaraq bu müharibə cinayətlərini törətməklə kifayətlənməyən işğalçı Ermənistan region üçün ciddi ekoloji fəsadlar törədə biləcək və eyni zamanda region dövlətləri və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə yönəlik qəsd əməllərinə başlayıb: “Belə ki, işğalçı Ermənistan silahlı qüvvələri 6 oktyabr 2020-ci il, gecə saat 23 radələrindən başlayaraq mülki əhalinin sıx yaşadığı və münaqişə zonasından uzaq olan Yevlax rayonu ərazisini və bu ərazidən keçən Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəmərini kaset tipli raket zərbələri ilə atəşə tutub. Raketlər Yevlax rayonu ərazisində Bakı-Tiflis-Ceyhan boru kəmərinin 10 metrliyinə düşüb. 300-dən çox kaset tipli bombaların qəlpələri ətrafa yayılıb. Bu isə mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə və təhdiddir”.
Ermənistan BTC-ni belə vurdu - FOTO » YPX.Az - Çək, göndər, Paylaşaq'
Ombudsman bəyan edib ki, Ermənistanın törətmiş olduğu növbəti müharibə cinayəti artıq yalnız Azərbaycan dövlətinə qarşı deyil, bütünlükdə region və Avropa dövlətlərinə yönəlik cinayət hadisəsi olmaqla, qlobal enerji təklükəsizliyinə zərbə vurmaq və region üçün ciddi ekoloji fəsadlar törətmək məqsədi daşıyır: “Təcili olaraq bütün dünya dövlətlərinə çağırış edərək, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəmərini kaset bombalarla atəşə tutması ilə törədilən növbəti müharibə cinayətinə sərt şəkildə reaksiya verməyə, region və Avropanın enerji təhlükəsizliyinə təsir edəcək, o cümlədən ciddi ekoloji fəsadların baş verməsinə səbəb ola biləcək Ermənistanın cinayətkar əməllərinin dayandırılması üçün təcili tədbirlər görməyə çağırıram”.
Qeyd edək ki, BTC-nin gündəlik ötürmə qabiliyyəti 1 milyon bareldir. BTC-nin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb, kəmərlə nəql edilmiş ixrac xam neftlə yüklənmiş ilk tanker isə 2006-cı il iyunun 4-də yola salınıb.
Kəmərin BP (30,1 faiz, Böyük Britaniya), “AzBTC” (25 faiz), MOL (8,9 faiz, Macarıstan), “Equinor” (8,71 faiz, Norveç), TPAO (6,53 faiz, Türkiyə), “Eni” (5 faiz, İtaliya), “Total” (5 faiz, Fransa), ITOCHU (3,4 faiz, Yaponiya), INPEX (2,5 faiz, Yaponiya), “ExxonMobil” (2,5 faiz, ABŞ) və “ONGC (BTC) Limited” (2,36 faiz, Hindistan) şirkətləri yer alıb.
BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarında hasil edilən neft ixrac edilir. Bundan başqa, kəmər vasitəsilə Orta Asiya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir.
Bu ilin yanvar-avqust ayları ərzində BTC vasitəsilə 19 milyon 77,1 min ton neft ötürülüb. Hesabat dövrü ərzində BTC kəməri ilə 2 milyon 764,7 min ton tranzit nefti də nəql edilib.
Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinin məlumatına görə, 2006-cı ildən (kəmər istifadəyə veriləndən - red.) indiyədək BTC ilə ümumilikdə 3,522 milyard barel neft nəql olunub.
İlham Şaban: “Neft qiymətindəki dəyişikliklər iqtisadi tendensiyalarla  bağlıdır”
İlham Şaban: “O ərazidən 2 neft və 2 qaz kəməri keçir”
Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalçı siyasətinin regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə ən böyük təhdid olduğunu bildirir: “Bu ilin iyulunda Tovuzda baş verən hadisələr göstərdi ki, Azərbaycanın xəbərdarlığı əsassız deyilmiş. İndi isə dünya bir daha şahid oldu ki, Ermənistan bu təhlükəni reallığa çevirməyə çalışdı. Özü də qeyd edim ki, atəş nöqtəsi olaraq Yevlax rayonunun ərazisinin seçilməsi təsadüfi deyil. Belə ki, BTC keçdiyi ərazilər boyunca torpağın altı ilə çəkilib. Azərbaycan ərazisində yalnız iki yerdə kəmərin müəyyən hissəsi yerin üstü ilə gedir: Səngəçal terminalında və Yevlax rayonu ərazisində. Bu ərazilərdə nasos-kompressor stansiyaları yerləşir. Bunu hədəf götürməklə Ermənistan Azərbaycanın enerji arteriyasını kəsmək niyyətindəydilər”.
Ekspert bildirir ki, BTC-nin səhmdarları arasında bu gün Ermənistanı müdafiə edən Fransa, Hindistan kimi ölkələrin şirkətləri də var: “Bu ölkələr indi yaxşı görsünlər ki, Ermənistan hansı cinayətkar əməllərə əl atır. Bildiyiniz kimi, yaxın vaxtlarda Azərbaycanın qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinin sonuncu mərhələsi olan TAP kəməri ilə qaz nəqli başlanacaq. Bu dəhlizin tərkib hissəsi olan qaz kəməri də BTC ilə eyni ərazidən keçir. Eyni zamanda Bakı-Supsa neft kəməri, Hacıqabul-Gürcüstan qaz kəməri də həmin ərazidən keçir - aralarında 50-100 metr məsafə var. Hacıqabul-Gürcüstan xətti  Gürcüstanın qaz təchizatında 90 faizdən yuxarı paya malikdir. BTC vurulsa, bu xətt də sıradan çıxa və Gürcüstanın qaz təchizatı dayana bilər. Yəni ermənilərin məkrli addımları Avropanın və regionun enerji təhlükəsizliyinə ağır zərbə vura bilər. Hesab edirəm ki, Avropa və region ölkələri bu məsələni nəzərə alaraq, Ermənistanın işğalçı siyasətinə son qoyulmasına çalışmalıdılar”.
Ermənistanın BTC-ni hədəf almasına kəmərin operatoru olan BP şirkəti də münasibət bildirib. BP-Azərbaycan şirkətindən “Yeni Müsavat”a verilən məlumatda qeyd olunur ki, BP Azərbaycan ərazisində mülki yaşayış yerlərinin və infrastrukturun hədəfə alınmaqla hərbi əməliyyatların genişləndirilməsindən çox narahatdır: “Xüsusilə də dünən Azərbaycan hava qüvvələri tərəfindən qarşısı alınmış və Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz Boru kəmərləri yaxınlığında məhv edilmiş raket hücumu haqqında xəbərlərdən çox narahat olmuşuq. Azərbaycanda əməliyyatçısı olduğumuz bütün obyektlərin təhlükəsizliyini Azərbaycan hökuməti təmin edir, amma bununla belə, öz işçilərimizin, əməliyyatlarımızın və əməliyyatçısı olduğumuz obyektlərin təhlükəsizliyini təmin etmək yönümündə müvafiq orqanlarla yaxından işləyirik.
Bir daha biz Azərbaycanda mülki yaşayış yerlərinə və infrastruktura hücumlardan çox narahat olduğumuzu bildiririk və çox ümid edirik, bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış suveren əraziləri  çərçivəsində öz ədalətli həllini tapacaq".
Dünya SAKİT,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.