Ermənistanın mövqeyi Rusiyanın vasitəçilik mövqeyinə ziddir

8-10-2020, 09:15   


Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatları dayandırmaması bir çox ölkələri və beynəlxalq təşkilatları narahat edir. Məsələyə münasibət bildirən dünya ölkələrinin rəhbərlərinin və beynəlxalq təşkilatların bir çoxunun bəyanatlarında bunu görmək mümkündür. Onlar hərbi əməliyyatları dayandırmağı və yenidən sülh danışıqlarına başlamağı təklif edirlər. Azərbaycan tərəfinin mövqeyi isə qətidir. Prezident İlham Əliyev son günlər bütün çıxışlarında dönə-dönə vurğulayır ki, Ermənistan hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxana qədər bu əməliyyatlar davam edəcək. Prezident xalqa son müraciətində qeyd etdi ki,hərbi əməliyyatlar o halda dayandırıla bilər ki, Ermənistan tərəfi vasitəçilərlə razılaşdırılmış bir qrafik tərtib etsin və həmin qrafikə uyğun olaraq işğal olunmuş ərazilərdən çıxacağına zəmanət versin. Vəziyyətin bu həddə çatmasından sonra yenidən danışıqlar mərhələsinə qayıtmaq mümkün görünürmü? Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov mövzu ilə bağlı ASTNA-nın suallarına cavab verib.
***
-Tofiq bəy, bir neçə gündür ki, Azərbaycan işğal olunmuş torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatları keçirir və ən yuxarı səviyyədə bəyan olunur ki, erməni qoşunları ərazilərdən çıxana qədər bu əməliyyatlar davam edəcək. Maraqlıdır ki, bundan sonra yenidən danışıqlar masasına qayıtmaq mümkündürmü?
Tofiq Zülfüqarov-Birincisi, danışıqlar prosesi hansı şəkildə olmalıdır? Biri var fərdi qaydada. Yəni, ərazi işğal edilib, bunun müqabilində yaranmış vəziyyət əsasında hansısa danışıqlar baş verir. Biri də var normal, beynəlxalq qanunlara uyğun şəraitdə hansısa danışıqlar aparmaq. İndiki mərhələdə mümkün olan danışıqlar barəsində prezident öz çıxışlarında açıq deyib.  Hesab edirəm ki, bizim mövqeyimiz bundan ibarətdir. Bu fikirləri prezident birinci dəfə hərbi əməliyyatların bərpasından əvvəl yerli media nümayəndələri ilə görüşdə demişdi. O dedi ki, “artıq danışıqlar prosesi yoxdur. Ermənistan illərdir hazırlanmış layihələri rədd edib və Paşinyan bəyan etdi ki, “Artsax Ermənistandır”. Bundan sonra danışıqlar prosesi pozulub.” Prezident əlavə etdi ki, “indiki mərhələdə danışıqlar qrafik üzərində tərtib olunmuş sənəd üzərində aparıla bilər”. Qrafik nə deməkdir? Əslinə qalsa 1992-cü ildə ATƏT-in Minsk qrupunun fəaliyyəti bu sənədin hazırlanması ilə başlayıb. 1992-ci ilin iyun ayında xüsusi görüşlər təşkil olunub. Mən özüm də orada iştirak etmişəm. Şuşanın və Laçının işğalından sonra təcili keçirilən bir görüş idi. Minsk qrupunun vəzifəsi konkret qoyulmuşdu: İşğal olunmuş ərazilərin azad edilməsi üçün danışıqlar aparmaq və qısa müddətdə nəticəyə nail olmaq. Həmin vaxt bizə layihə formasında qrafik şəklində tərtib olunmuş sənəd verilmişdi. Orada konkret məntiq var idi. Məsələn, imza atılan gün X günü adlandırılırdı. X+5 gün sonra hansısa bölgədən qoşunlar, işğalçı qüvvələr çıxır. X+10 gün sonra həmin bölgədə əhalinin evakuasiyası bitir. Sonra digər işğal olunmuş bölgədə işlərə başlanılır. Və bir neçə müddətdən sonra insanlar ora qayıtmağa başlayır.  Yəni planlı şəkildə bir qrafik. Mən sadə şəkildə izah edirəm ki, məntiq bəlli olsun. Cənab prezident bu məntiqlə qurulmuş bir sənədi nəzərdə tutur. Əgər Ermənistan istəyirsə ki, danışıqlar prosesi bərpa olunsun, atəşkəsə nail olunsun, qan tökülməsin, hər iki tərəfdən qurbanlar verilməsin, onda vasitəçilər bu formada sənəd hazırlamalıdır və Ermənistan təminat verməlidir ki, mən buna əməl edəcəm. O zaman siyasi üslublarla bu məsələ gündəmə gələ bilər.  Əslində Minsk qrupunun vəzifəsi məhz bundan ibarətdir. Gələcək danışıqlar ilkin mərhələdə bu şəkildə görünür. İşğallar və hərbi əməliyyatların nəticəsində olan ağır vəziyyət aradan qalxmalıdır ki, sonra hansısa məsələləri danışıqlar yolu ilə həll etmək mümkün olsun.



-Əgər danışıqlar başlasa belə, buna qədər masa üstündə olan bütün prinsiplər və formatlar yəqin ki, qüvvədən düşmüş olacaq. Bundan sonra danışıqlar başlasa, hər şey sıfırdan başlamalı olacaq? Sizcə, yeni prinsiplər olaraq nələr təklif edilə bilər?
-Ermənistan rəsmi olaraq bütün bu prinsiplərdən imtina edib.
-Sizin dediyinizdən belə çıxır ki, ən əvvəlki varianta qayıtmaq lazım gələcək?
-Bunun iki yolu var. Ya vasitəçilər bunu təkif edib, Ermənistandan razılıq alırlar. Ya da Azərbaycan ordusu öz süveren hüquqları çərçivəsində BMT-nin qətnamələrini həyata keçirir. Vəssalam. Burda məntiq bundan ibarətdir. Çox sadə.
-Siz Xarici işlər naziri olmusuz. Bu vaxta qədər ən uyğun prinsip və format hansı olub?
-Siz yəqin ki, layihələri nəzərdə tutursuz. Bu və digər layihələr hansısa prinsip əsasında qurulub. Vasitəçilər elə layihələr verirdilər ki, bir tərəfə uyğun olsun. Həm də digər tərəfə.  Yəni balans şəklində. Bəzən balans ermənilər tərəfdə olub, bəzən biz tərəfdə. Amma demək olmaz ki, bu məsələ bu və ya digər şəkildə tam olaraq kiminsə tərəfində olub. İndiki mərhələdə isə tam başqa məsələ barəsində söhbət gedə bilər. Birincisi, vaxtı ilə Minsk qrupunun və Minsk konfransının ən əsas məsələsi Dağlıq Qarabağın gələcək statusu olub. Azərbaycan buna aid öz təkliflərini verib. Yəni bildirib ki, ən yüksək status verməyə hazırdırlar. Ermənilər bununla razılaşmadılar. Dedilər biz müstəqillik istəyirik. Bundan sonra Minsk qrupunun mandatı demək olar ki, bitib. Hardasa deyilib ki, Azərbaycanın suverenliyindən kənar hansısa mövzular müzakirə olunub? Yox, təbii ki. Ermənilər kompromis variantlarını qəbul etməyəndə, gündəmə yuxarıda dediyim məntiq gəlir.


-Maraqlı məsələlərdən biri Rusiyanın bu dəfə məsələyə müdaxilə etməməsidir. Sizcə Rusiyanın marağı nədir ki, o bu dəfə hərbi əməliyyatlara müdaxilə etmir? Bunun səbəbi nədir?
-Əslinə qalsa, Rusiya bu danışıqlarda ermənilər tərəfindən göstərilən mövqeni qəbul etmir. Yadınızdadırsa, müxtəlif səviyyələrdə 7 rayon, 5 rayon kimi fikirlər sənləndirilirdi. Ermənistan bunu qəbul etməmişdi. Yəni əslinə qalsa, bu Rusiyanın vasitəçilik mövqeyinə zidd olan bir mövqedir. İkincisi, Ermənistanın Baş nazirinin bəyanatları danışıqlar prosesinə son qoydu. Üçüncüsü isə, mövcud olan digər siyasi səbəblərdir. Rusiyanın Ermənistandan uzaqlaşmaq prosesi hətta Paşinyanın hakimiyyətə gəlməsindən əvvəl başlamışdı. Bu da ondan ibarətdir ki, Ermənistan toplum olaraq, xalq kimi öz seçimini edib. O seçim ondan ibarətdir ki, Rusiyadan artıq aldıqlarını alıblar, indi isə Qərbə üz tutublar. Bu isə Ermənistanın siyasətində bir növ ziddiyyət yaradıb. Bir tərəfdən təhlükəsizlik məsələsinə görə Rusiyanı istəyirlər, o biri tərəfdən Qərbin bir hissəsi olmaq. Təbii ki, bu mümkün olan bir şey deyil. Rusiya da bunu başa düşür. Onu da bilir ki, bu ancaq Paşinyanın şəxsiyyətinə aid məsələ deyil. Sadəcə olaraq uzaqlaşma baş verir. Onlar öz sivil seçimlərini ediblər. Rusiyanın heç bir marağı yoxdur ki, onları bu məsələdə dəstəkləsin. İkincisi, onlar yaxşı başa düşürlər ki, hərbi əməliyyatların nəticəsindən asılı olmayaraq Ermənistan Rusiyanı və eləcə də Paşinyan rusiyapərəst müxalifəti ittiham edəcək.  Deyəcək ki, buna görə biz uduzmuşuq, Qarabağı itirmişik. Bunun əsasında ictimaiyyətdə bir dönüş yaradacaq ki, Rusiyapərəst siyasəti Qərbpərəst siyasətə çevirsin. Çünki onların ayrı yolu yoxdur. Onlar öz dövlətçiliyini xilas etmək üçün demoqrafik, iqtisadi, siyasi baxımdan gərək Qərbin bir hissəsinə çevrilsinlər. Qərbdən investisiya, dəstək alsınlar. Onlar öz dövlətlərini inkişaf etdirməlidirlər ki, heç olmasa demokratiya uçurumundan özlərini saxlasınlar. Vəziyyət belədir. Rusiya və Ermənistan şüurlu olaraq bir-birindən uzaqlaşırlar.
-Ümumiyyətlə prosesin gedişini necə qiymətləndirirsiz? Vəziyyət hara qədər gedəcək?
-İndi açıq-aşkar görünür ki, Ermənistan ordusu XX əsr müharibəsi aparır, Azərbaycan isə XXI əsr müharibəsi. Texnoloji baxımdan bu fərq hiss olunur. Hətta hərbi əməliyyatların xüsusiyyəti də artıq sovet məktəbindən uzaqlaşıb. Azərbaycan NATO standartlarına uyğun bir əməliyyat aparır. İlk növbədə düşmənin texnikasını məhv edib, neytrallaşdırır və sonra quru əməliyyatlara keçib, canlı qüvvə ilə ərazini təmizləyir. Bu cür taktikanı biz NATO ölkələrində görmüşük. İndi də ərazilərin gec azad olmasının səbəbi odur ki, onların bütün atəş sistemlərini məhv edib, əraziləri işğaldan azad edirlər. İradəni biz görürük. Cənab prezident xalqın iradəsinə əsaslanaraq qəyiyyətlə bildirir ki, biz torpaqları işğalçıdan təmizləyəcəyik. Vəziyyət belədir və bu vəziyyətə heç kəs müdaxilə edə bilməz. Ermənistanın da taktikasını görürük. Onlar hərbi əməliyyatların ərazisini daha da genişləndirmək istəyir. Əminəm ki, ikinci mərhələdə onlar istəyəcəklər ki, hərbi əməliyyatlar beynəlxalq sərhəd boyu aparılsın. Onların əsas həmləsini Naxçıvan istiqamətindən gözləmək lazımdır. Bununla onlar cəhd edəcəklər ki, Türkiyə bu məsələyə müdaxilə etsin. Bu və digər yollarla Rusiyanı da bu məsələyə cəlb edə bilsinlər. Amma buna ümid bütün hallarda çox azdır. Çünki Rusiya ilə Türkiyə rəhbərliyi arasında ən azı bu və digər məsələlərdə koordinasiya məsələsi mümkündür. Bu baxımdan onların təxribatı bəhrə vermir. Bu təxribatlar onlar üçün daha ağır nəticələrə gətirib çıxaracaq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.