Azərbaycan ordusunun əks-hücum əməliyyatları düşmənin canlı və hərbi qüvvəsini darmadağın etməkdədir.
AnaXeber.info xəbər verir ki, məğlubiyyətlə üzləşən işğalçının gücü mülki vətəndaşları və yaşayış məntəqələrini hədəfə almağa çatır.
Son günlərdə ən çox artilleriya atəşinə tutulan Azərbaycan şəhərlərindən biri də Bərdədir.
Erməni silahlı qüvvələri oktyabrın 8-də yenidən Bərdəni atəşə məruz qoyub. Bu dəfə rayon “Toçka-U” kompleksi vasitəsilə atəşə tutulub.
Ermənilərin atdığı raketlərdən biri “Qədim Bərdə" restoranına düşüb. Həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər raket yaxınlıqdakı evlərdən birinin həyətinə düşüb, nəticədə, ev dağılaraq yararsız hala düşüb.
Eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olub, o cümlədən, məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bütün bu vandallığa, erməni barbarlığına baxmayaraq, qədim Azərbaycan şəhəri olan Bərdənin qorxmaz sakinləri nə evlərini tərk edirlər, nə düşməndən çəkinirlər. Əksinə, onlar ordumuza güvənir və erməni işğalçılarını bu istiqamətdə də susduracaqlarına əmindirlər.
Amma bunu yazmamaq olmur və mütləq şəkildə qeyd olunmalıdır ki, Bərdə atəş altında olsa da, rayonun icra başçısı Vidadi İsayev el arasına çıxmır.
Biz bir neçə gün gözlədik, müşahidə apardıq və ümid etdik ki, V.İsayev rayonun başçısı kimi camaat içinə çıxacaq, əhali ilə həmrəylini nümayiş etdirəcək.
Amma neçə gündür Bərdənin yaşayış məntəqələri atəşə tutulur, mülki vətəndaşlarımız yaralanır, V.İsayev rayonun mərkəzinə çıxıb ən azı gəzişmir, insanlarla söhbətləşmir ki, onlara mənəvi dəstək olsun.
Gələn məlumatlara görə, bu azmış kimi Bərdənin icra başçısı rayona gətirilən qəhrəman bir şəhidimizin dəfninə bir saat yarım gecikib.
Bu da təəccüb doğurmur. Zamanında Bərdə İH-ə qəbula gələn şəhid xanımı Yasəmən İsmayılovanı qapıdan qovan, məcburi köçkünləri saymayan, rayondakı 20 Yanvar guşəsini sökdürən məmurdan bundan artıq nə gözləyəsən?!
O, daha nələr eləməmişdi - şəhid Dilqəmin qardaşının evini başına uçurmuşdu, şəhidin adının Kəltəparan kəndində əbədləşdirmək üçün atasından 3 min manat rüşvət istəmişdi, şəhid anası Soltan xanım dəfələrlə qəbuluna getdi, qovdu.
Bu haqsızlığa dözməyən Soltan ana dünyasını dəyişdi. Şəhid xanımı Yasəmən İsmayılovanı nəinki qəbul eləmədi, həbslə təhdid etdi.
Anaxeber.info xəbər verir ki, bütün baş verən bu hadisələr uzaq keçmiş deyil, son dövrlərin haqsızlıqlarıdır.
Bizim nümunə kimi bu faktları xatırlamaqda niyyətimiz ondan ibarətdir ki, bu gün yağı düşmən erməniyə sinə gərən, şəhid qarşılayan, artilleriya atəşinə tutulsa da mərd-mərdanə dayanan Bərdə camaatının öz başçısından diqqət, qayğı görməsinə ehtiyacı var.
Amma Vidadi İsayev tarix yazmaqda olan Azərbaycan prezidenti İlham Əliyevdən, müzəffər və şanlı ordumuzdan, bir yumruq kimi birləşən xalqımızdan fərqli olaraq, az qala İH-dəki kabinetindən və şəxsi mənzilindən çölə çıxmır.
Halbuki, bu çətin günlərdə icra başçısı yaralanan mülki insanları xəstəxanalarda ziyarət etməli, el içinə çıxmalı, Bərdəni qarış-qarış gəzərək əhaliyə ruh yüksəkliyi verməliydi. Heç birini etməyib!
Yeri gəlmişkən, ölkənin hər yeri bayraqlara bürünsə də, hazırda Bərdə İH-nin qarşısındaki dirəkdə bayrağımız dalğalanmır. Ümumiyyətlə, V.İsayev tərəfindən heç bir təşəbbüs, vətənpərvər bir addım yoxdur.
Təbii ki, indi dövlət mühüm məsələlərlə məşğuldur, diqqət ordumuza yönəlib, ölkənin siyasi rəhbərliyi açıqlamalar, tapşırıqlar verir.
Ona görə yerli məmurların belə günlərdə fəaliyyəti ilə bağlı hansısa ölçü gətirmək zamanı deyil, buna vaxt da yoxdur.
Amma əmin olun ki, Prezident Administrasiyasında müvafiq şöbələr monitorinq aparır, təhlil edir və vaxtə gələndə dövlət rəhbərliyinə məruzə olunacaq, dosye təqdim ediləcək.
Bax, bu anda Vidadi İsayevin həm keçmişdəki əməlləri, həm müharibə günlərində davranışları nəzərdən keçirilərək işindən azad ediləcək.
AnaXeber.info
Turan