Qarabağda artıq 14-cü gündür davam edən (bu gün saat 12.00-dən qüvvəyə minməli olan humanitar xarakterli atəşkəs hələ də düşmən tərəfdən pozulmaqdadır və ordumuz istənilən belə cəhdə dərhal adekvat cavab verir,-müəl.) müharibə öz miqyası və Azərbaycan ordusunun tətbiq etdiyi silahlar, habelə müasir döyüş taktikası baxımından dünyanı təəcübləndirməkdədir. Lakin bu müharibədə təəcübləndirən həm də erməni təbliğatının misli görünməmiş həyasızlığa söykənən işi oldu.
Belə ki, döyüş əməliyyatlarının birinci günü Azərbaycan ordusu bütün cəbhə boyu irimiqyaslı əks hücuma keçib düşmənin müdafiə xəttini, müdafiənin dərinliklərində yerləşən hərbi infrastrukturunu darmadağın edəndə və kilometrlərlə irəliləyəndə Ermənistan Müdafiə Nazirliyi və Dağlıq Qarabadağakı qondarma rejimin rəhbərliyi “uğurla müdafiə olunduqlarını, bütün hücumların qarşısını aldıqlarını” deyirdi. Daha sonra onlar “4-5 mövqedən taktiki addım olaraq geri çəkildiklərini” dedilər və dərhal da bildirdilər ki, əks hücuma keçib itirilən mövqelərin çoxunu geri alıblar.
Ardınca Azərbaycan Silahlı Qüvvələrin Ali Baş komandanı səviyyəsində Cəbrayıl və Füzuli rayonunun bir neçə kəndlərinin, o cümlədən Ağdərənin Suqovuşan kəndinin azad olunduğunu elan edəndə düşmən hərbi təbliğatına rəhbərlik edənlər bunu da inkar etməyə başladılar. Yalnız Azərbaycan Müdafiə Nazirliyinin Ağdərənin Talış kəndinin əsgərlərimizin tam nəzarətində olduğu, orada Azərbaycan bayrağının qaldırıldığını əks etdirən görüntüləri yaymasından sonra Ermənistan Müdafiə Nazirliyi “cəbhənin bəzi istiqamətlərində taktiki addım olaraq müvəqqəti geri çəkildikləri” haqda bəyanat verməli oldu. Lakin düşmən hərbi təbliğatçıları Cəbrayıl şəhərinin Azərbaycan ordusunun nəzarətinə keçdiyini heç cür etiraf etmək istəmirdi və dünənə qədər də şəhərin onlarda olduğuna öz əhalisini inandırmağa çalışırdı.
Nəhayət dünən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı İlham Əliyev xalqa növbəti müraciətində Xocavəndin Hadrut qəsəbəsinin, Cəbrayıl, Füzuli, Tərtər və Laçının inzibati ərazisinə daxil olan daha 7 kəndin azad edildiyini elan edəndə Ermənistanın baş hərbi təbliğatçısı Arsurun Ovanisyan, eləcə də Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri yenə də bunu inkar etdilər. Ovanisyan deyirdi ki, Hadrutun alınması haqda deyilənlər gülməlidir və guya Azərbaycan ordusu qəsəbədən onlarla kilometr aralıdadır. "Mən indi Hadrutdayam və nəyə görəsə ətrafda ancaq erməniləri görürəm",-Ovanistan Facebook-da yazırdı. Hərçənd Hadrutda olduğunu təsdiqləyən və ətrafda "ancaq ermənilərin dolaşdığını" göstərən heç bir foto-video fakt təqdim etmirdi.
Ardınca o, Rusiyadakı erməni biznesmen Aram Qabrielyanovun muzdlu işçisi, “War Gonzo” Telegram-kanalının aparıcısı Semyon Peqovu da yanına alaraq guya Hadruta gəldiyinə dair görüntüləri yaydı, əslində isə Hadruta çatmağa xeyli qalmış Füzuli istiqamətinə döndü və şəhərin xarabalıqlarının kilometrlərlə uzaqdan görüntüsünü verərək ərazilərin onların nəzarətində olduğunu dedi. Peqov öz bloqunda “az sonra Hadrutun özündən görüntülər yayacağını” desə də bu görüntülərdən xəbər çıxmadı.
Nəhayət bu gün atəşkəsin qüvvəyə mindiyi saatlarda Ermənistan tərəfi əvvəlcə Hadrutun güclü artilleriya atəşinə tutulması, ardınca isə “Hadruta daxil olan Azərbaycan diversiya-kəşfiyyat qrupu” haqda təcili xəbər yaydı. Və dərhal əhalini sakitləşdirməyə çalışaraq bildirdi ki, narahatlığa əsas yoxdur və həmin azsaylı qrup zərərəsizləşdirilir, Hadrut erməni qüvvələrinin nəzarətindədir.
Bəs bu necə olur ki, cəmi bir gün əvvəl “onlarla kilometr uzaqda olan” Azərbaycan qüvvələri birdən-birə Hadruta daxil olur? Axı bu hərb qanunları ilə heç cür uzlaşmır? Hansı diversiya-kəşfiyyat qrupu ordunun əsas qüvvələrindən onlarla kilometr aralanıb iri qəsəbəyə daxil ola bilərdi? Xüsusən də söhbət erməni tərəfinin dediyi kimi azsaylı qrupdan gedirdisə?
Ardınca erməni KİV-ləri günlərdir ortalarda görünməyən qondarma “dqr prezidenti” Araik Arutyunyanın guya yaranmış vəziyyətlə bağlı Hadruta getdiyi haqda xəbərlər və görüntülər yaydı. Həmin görüntülərdə Araiki Hadrutda deyil, hansısa meşədə bir qrup pis silahlanmış erməni yaraqlısının əhatəsində görmək olurdu. Və əlbətdə, Araik “Hadrutu qoruyan” bu yaraqlıların “igidliyi” qarşısında baş əyirdi.
Budur, səhnəyə yenidən muzdlu Semyon Peqov gəlir və bu dəfə o, Hadrutdan kilometrlərlə aralıda-Xocavənd istiqamətində əlində mikrofon görünür. Peqov az əvvəl yaydığı reportajında Hadruta “iki yüzə yaxın Azərbaycan xüsusi təyinatlısının, yaxud türklərin xüsusi təyinatlılarının girdiyini bildirir, deyir ki, qəsəbə artıq Azərbaycan ordusu tərəfindən artilleriya atəşinə tutulmur. Çünki bunun mənası yoxdur, Azərbaycan qüvvələri artıq qəsəbədədir. Və Peqov dərhal arxayın edir-narahat olmağa dəyməz, erməni yaraqlıları qəsəbəni geri qaytarmaq əzmindədir.
Az əvvəl isə Azərbaycan Müdafiə Nazirliyi atəşkəs razılaşmasına əməl etməyən düşmən qüvvələrinin Tuğ kəndi istiqamətindən Hadruta hücuma keçməyə cəhd etdiyini, ordumuzun düzgün qurulmuş müdafiə taktikası nəticəsində tələyə salınıb darmadağın edildiyi haqda məlumat yaydı...
Beləliklə, Arsurunun və onun muzdlu bloqerinin “erməni ordusunun şücaətləri” haqda qurduqları təblğat elə erməni ordusunun müqaviməti kimi darmadağın olub gedir. Arsurun çox məharətli yalançıdır, amma belə vəziyyətdə onun da işi getdikcə çətinləşir...
Virtualaz.org