Vətən savaşı son mərhələdə - Bakının hərbi uğurları ABŞ komandanlığını da valeh etdi

13-10-2020, 09:23   



Amerikalı general: “Azərbaycanın təcrübəsi göstərdi ki, ölüm saçan dronlarla işimiz ciddi olacaq”; küncə sıxılan işğalçı Ermənistan xilaskarı Moskvaya dil uzadır - səbəb... 

Təcavüzkar Ermənistan Rusiyaya yalvar-yaxarla nail olduğu humanitar atəşkəsi elə özü pozdu. Bunun bir səbəbi müvəqqəti pauzanı fürsət bilib azad edilmiş əraziləri təzədən öz nəzarətinə qaytarmaq niyyəti ilə bağlı idisə, digər mühüm nədəni belə görünür, Bakının antiterror əməliyyatında neytrallığını saxlayan Rusiyanı gözdən və nüfuzdan salmaq, ondan üz çevirib Qərbə sarı getmək üçün növbəti bəhanə tapmaq, buna daha əlverişli zəmin yaratmaq idi. O məntiqlə ki, Moskva nəinki separatçı-işğalçılara hərbi kömək göstərmir, heç düz-əməlli atəşkəsə nail olub “məzlum ermənilərin növbəti soyqırımı”na da əngəl ola bilmir.
Qeyd edək ki, işğalçı ölkənin “sorosçu” baş naziri Nikol Paşinyanın Azərbaycanla yeni hərbi toqquşmaya gedib üzləşəcəyi hərbi uğursuzluqda Rusiyanı qınamayacağı və qərbyönlü kursa keçmək üçün faydalanacağı barədə zaman-zaman yazmışıq. Deyəsən, həmin an yetişir.
Gerçək belədir ki, Azərbaycan Ordusunun dünyanın nüfuzlu hərbi mərkəzlərinin belə gözləmədiyi şəkildə işğalçı qüvvələrə qarşı nəfəskəsici əməliyyatlar aparıb onu yeri dolmayacaq ağır itkilərə məruz qoyması, sözün birbaşa mənasında işğalçı-terrorçu birləşmələri qırıb-çatmasını erməni tərəfi ən əvvəl özünün 1 nömrəli strateji müttəfiq Rusiyanın laqeydliyi ilə izah edir. Bu dəqiqə satellit ölkədə çox güclü anti-Rusiya ovqatı hökm sürür. Halbuki 2044-cü ilədək qüvvədə olan müqaviləyə əsasən, Moskva yalnız Ermənistanın təhlükəsizliyinə cavabdehdir, işğal edilmiş Dağlıq Qarabağdakı oyuncaq rejimin yox. Eləcə də “Rus NATO-su” kimi tanınan KTMT hərbi blokunun məsuliyyət zonasına Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ daxil deyil. 
Erməni işğalçılarının Qarabağda hava hücumundan müdafiə sisteminin 80 faizi  məhv edilib – AzerMedia.az
Amma kimə deyirsən. Belə hüquqi sənəd və normativlər, BMT qətnamələri və nizamnaməsi həyasız və yalan ustası olan ermənilərin çoxdan vecinə deyil. Onlar indi artıq 1-ci Pyotrun vəsiyyətini yada salaraq Rusiyadan yox, rus xalqının “öhdəliklərin”ndən dəm vurmağa başlayıblar. İddia edilir ki, əgər Putin səssiz qalıbsa, heç olmasa, rus xalqı xristian erməni xalqının müdafiəsinə qalxmalıdır. Hələ üstəlik, ruslara minnət də qoyurlar. İddia edirlər ki, Rusiya məhz ermənilərin sayəsində regionda mövcuddur.   
Ancaq Azərbaycan atalar məsəlində deyildiyi kimi, “İt hürər, karvan keçər”. Ordumuz öz tarixi və müqəddəs missiyasını davam etdirir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, əsgərimiz işğalçıları iti qovam kimi qovmaqdadır. 
*****
Ermənistan Qarabağda hava hücumundan müdafiə vasitələrinin 80 faizini,  hətta S-300 komplekslərini itirdi...”
Bu arada Ermənistan ordusunun Qarabağdakı hava hücumundan müdafiə sistemlərinin 80%-inin qarşıdurmanın iki həftəsindəcə silahlı qüvvələrimiz tərəfindən məhv edildiyi bəlli olub. Belə ki, rus mənbələri Qarabağda davam edən iki həftəlik qarşıdurmanın separatçı qoşunların hava hücumundan müdafiə sistemlərinin geniş miqyaslı itkilərinə səbəb olduğunu yazıb.
“Yeni Müsavat”ın Avia.pro resursundan əldə etdiyi məlumata görə, bu müddət ərzində düşmənin “S-300 Favorit” tipli müasir komplekslər də daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərində qısa, orta və uzun mənzilli hava hücumundan müdafiə sistemlərinin 80% -i sıradan çıxarılıb.
Nəşrin öz mənbələrinə istinadın bildirdiyinə görə, bu gün Azərbaycan Ordusunun pilotsuz təyyarələri düşmən mövqelərini asanlıqla müşahidə edə və araşdıra bilər, çünki separatçıların bu cür hədəflərə qarşı mübarizə aparmaq üçün vasitələri qalmayıb. “Onlar iki həftə içində hava hücumundan müdafiə sistemlərinin 80% -ni itiriblər. Bu da Azərbaycanın bölgədə sərbəst, öz aviasiyası üçün narahat olmadan fəaliyyət göstərməsini təmin etdi”, - deyə mənbə bildirib.
*****
Şəkk-şübhəsiz, sülhpərvər Azərbaycanın müzəffər ordusu formal atəşkəsin bitməsindən sonra işğalçı-muzdlu qüvvələrə qarşı cəza əməliyyatını daha geniş miqyasda davam etdirəcək. Ötən 15 günlük müddətdə isə işğalçıya endirilən ağır zərbələr müasir hərb elminin ən son nailiyyətləri nəzərə alınmaqla o dərəcədə effektlidir ki, hətta amerikalı hərbçilərini də düşünməyə vadar və valeh edib. Artıq amerikalılar artıq havadan müdafiəni inkişaf etdirməyin vacibliyi barədə düşünürlər.
Belə ki, ABŞ Quru Ooşunlarının Baş Qərargah rəisi, general Ceyms Makkonvil hesab edir ki, Qarabağ münaqişə zonasında Azərbaycan tərəfdən pilotsuz uçan aparatların aktiv istifadəsi Amerika Silahlı Qüvvələrinin modernləşdirilməsinin zəruriliyini, o cümlədən hava hücumundan müdafiə sistemlərinin inkişafının vacibliyini göstərir.
ABŞ generalı Azərbaycan Ordusunun döyüş taktikasını nümunə göstərdi
Ceyms Makkonvil
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Army Times” qəzetinə müsahibəsində söyləyib. Nəşrin yazdığına görə, bölgədəki müharibə metodları çoxlarını tankların müasir müharibə üçün çox həssas, yavaş və bahalı bir vasitə olması barədə düşünməyə vadar edib.
 “Army Times” qəzeti yazır ki, ümumən ABŞ Quru Qoşunlarının rəhbərliyi belə düşünmür, lakin Makkonvil Qarabağdakı qarşıdurmanın pilotsuz uçan aparatları necə məhv etmək üçün hava hücumundan müdafiə sistemlərinin inkişaf etdirməyin prioritet olduğuna inanır. “Hava üstünlüyümüz var, ancaq gələcəkdə buz bunu da mütləq görməliyik. Bu döyüşlərdə (Qarabağda) müşahidə etdiyimiz kimi, digər yerlərdə də gördüyümüz kimi, bizim ölüm saçan dronlarla işimiz ciddi olacaq”, - deyə o qeyd edib.
Qəzet sonda yazıb ki, məhz bu səbəbdən və Makkonvilin də izah etdiyi kimi, ABŞ Quru Qoşunlarının modernləşdirilməsinin prioritetlərindən biri hava hücumundan müdafiə və raketdən müdafiədir.
*****
Beləcə, Azərbaycan Ordusu tarix yazmaqla yanaşı, həm də sözün həqiqi mənasında hərb dərsliklərinə düşəcək örnəklər qoyur. Bu da son deyil. Çünki Vətən savaşımız bitməyib. Daha doğrusu, həlledici mərhələsinə girib...
Analitik xidmət,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.