Gəncəyə xain terrorda Rusiya izi varmı - fərqli rəylər

13-10-2020, 11:09   


Oktyabrın 11-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulması və xain terror nəticəsində 10 mülki insanın həyatını itirməsi, 35 nəfərin isə yaralanması ölkəmizlə yanaşı, dünya gündəminin də əsas mövzusudur. Bu təxribat Azərbaycan-Ermənistan xarici işlər nazirləri arasında Rusiyanın vasitəçiliyi, bu ölkənin xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Moskvada baş tutan və əldə olunan humanitar atəşkəs məsələsi ətrafında bir ehtimalın meydana çıxmasına səbəb olub.
Bu iddia ondan ibarətdir ki, Kreml Moskva görüşündə Azərbaycanın sentyabrın 27-dən etibarən uğurlu əks-hücum əməliyyatı ilə işğaldan azad etdiyi torpaqlardan geri qayıtmağı istəyib. Amma rəsmi Bakı bununla razılaşmayıb. Nəticədə buna cavab olaraq, Gəncə və onun dinc sakinləri hədəf götürülüb.
Müstəqil ekspertlər belə bir ehtimalın meydana çıxmasını təsadüf saymırlar. Çünki şimal qonşumuzun ciddi səyləri nəticəsində can verən Ermənistan Azərbaycanın əlindən alındı, bir növ düşmən ölkəyə nəfəs verildi...
Elçin Mirzəbəyli: “Qısa müddət ərzində fundamental mövqe dəyişikliyinin baş verdiyinə əmin deyiləm”
Politoloq Elçin Mirzəbəyli bu ehtimala o qədər də inanmır: “Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində də bəyan etdi ki, Azərbaycan həmin görüşdə Ermənistanın tam təslim olmasını tələb edib. Bunun qarşılığında işğaldan azad etdiyimiz ərazilərin geri qaytarılması tələbinin irəli sürülməsi, xüsusilə də Rusiya prezidenti Vladimir Putinin ”hərbi əməliyyatlar Azərbaycan ərazilərində gedir" bəyanatından sonra inandırıcı görünmür. Baxmayaraq ki, Rusiyanın təcrübəsində qeyri-sabitlik, mövqe dəyişikliyi ilə bağlı çoxsaylı faktlar var, amma yenə də belə qısa müddət ərzində fundamental mövqe dəyişikliyinin baş verdiyinə əmin deyiləm.
Elçin Mirzəbəyli: Azərbaycan Prezidenti növbəti dəfə Paşinyanı siyasi  arenada darmadağın etdi
Elçin Mirzəbəyli
Ermənistan “Toçka-U” taktiki raketini Gəncəyə əsasən mülki əhalini qorxutmaq, təşviş yaratmaq üçün atıb. Burada başqa məqamlar da ola bilər:
Azərbaycan vətəndaşlarında təşviş yaratmaq, ordunu hədəflərindən yayındırmaq.
Şəxsi heyətin diqqətini döyüş tapşırıqlarının icrasından yayındıraraq arxa cəbhəyə yönəltmək.
Cəmiyyətdəki yüksək vətənpərvərlik ruhunu sarsıtmaq.
Azərbaycanı mülki əhalini qorumaq üçün güzəştlərə məcbur etmək.
Prosesə üçüncü qüvvələlərin cəlb edilməsi məqsədilə Azərbaycanı təxribata çəkmək".

Qabil Hüseynli: “Şimal qonşumuz ordumuzun zəfər yürüşünün qarşısını ala bilməyəcək”
Sabiq dövlət müşaviri Qabil Hüseynli isə fərqli düşünür: “Bu iddialarda həqiqət payının olduğunu düşünürəm. Çünki əgər bir ölkənin xarici işlər naziri humanitar atəşkəs haqqında danışıqlara gedib, geri qayıdanda mindiyi təyyarəni müasir silahlarla doldurub geri dönürsə, eləcə də mülki hava uçaqları ilə ölkəyə müasir silahlar daşınırsa, başqa necə düşünmək olar? Hazırda Ermənistana dünyanın dörd bir yanından silah köməkliyi edirlər. Bununla Ermənistanı ruhlandırırlar. Bəli, Moskvadakı danışıqlarda təklif edilmişdi ki, əvvəl humanitar  atəşkəs elan edilsin, bundan sonra danışıqlara dərhal başlanılsın. ATƏT-in  Minsk Qrupunun həmsədrləri ah çəkib qışqırdılar ki, biz buna hazırıq, bu istiqamətdə müəyyən işlər də görmüşük. Bütün bunların hamısı onu göstərir ki, Kreml əl altından oyun oynayır, Azərbaycanın öz torpaqlarını azad etməsinin tərəfdarı deyil. Sadəcə olaraq, proseslərə bu şəkildə qoşulmasının əsas səbəbi Türkiyə qorxusudur. Bu qorxu olmasaydı, indi bizim zəfər yürüşünün qarşısını alan nələrsə etmişdi. Türkiyə bunları yaxşı bilir və hər halda qardaş ölkə bu proseslərə daxil olmağa məcbur olacaq. Müharibə davam edəcək. Şimal qonşumuz nə qədər çalışsa da, ordumuzun zəfər yürüşünün qarşısını ala bilməyəcək”.

Elxan Şahinoğlu: “Rusiyanın təkbaşına vasitəçiliyini qəbul edə bilmərik, təzyiqləri artıra bilərlər”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Rusiyadan açıq-aşkar bizə təzyiqlər var: “Təzyiqlər onda özünü göstərir ki, Moskvada danışıqlar gedə-gedə humanitar yardım adı ilə Ermənistana hərbi yüklər daşınır. Bunu Azərbaycan rəsmiləri də qeyd edirlər. Prezidentin köməkçisi Hikmət Hacıyev də bildirdi. Dövlət başçısı İlham Əliyevin özü də Rusiyanın televiziya kanalına son müsahibəsində dedi ki, Paşinyan Putinə minnətdar olsun, onu xilas etdi. Bu o deməkdir ki, Ermənistana kifayət qədər Rusiya tərəfindən dəstək var. 11 saat danışıqların getməsi onu göstərir ki, danışıqlar ağır gedib. Üstəgəl, sülhməramlı məsələsini ortaya atıblar ki, bu, indiki məqamda bizim maraqlara tamamilə ziddir. Təzyiq vasitəsi kimi Azərbaycan şəhərlərinin bombarduman edilməsi də diqqət mərkəzindədir. Silahların daşınması da bizə təzyiq vasitəsidir. Ona görə də gərək Moskvanın təkbaşına vasitəçiliyini qəbul etməyək. Daha Moskvaya getmək düzgün deyil. Aydındır ki, Rusiya Ermənistanı dəstəkləyəcək. Rus telekanalları anti-Azərbaycan və anti-Türkiyə təbliğatını gücləndiriblər. Bunu dövlət başçısı müsahibəsində qeyd etdi ki, hər gün Rusiyanın dövlət kanalları Azərbaycan əleyhinə, şəxsən prezidentin əleyhinə qara kampaniya aparırlar. Bütün bunlar ortada varkən Rusiyanın təkbaşına vasitəçiliyini qəbul edə bilmərik. Bizi tələyə sala, təzyiqləri artıra bilərlər. Bu şantajlardan qorunmağın yolu Türkiyə ilə hərbi-siyasi ittifaqı gücləndirməkdən keçir. Əgər Türkiyənin hərbi bazaları Gəncədə olsaydı, biz onu daha da rəsmiləşdirsəydik, ermənilər risk edib Gəncəni bombalayardılar? Necə ki, biz bəzən Ermənistan ərazisini hədəf götürməkdən çəkinirik, halbuki buna hüququmuz çatır, amma Rusiyanın işə qarışa biləcəyindən ehtiyat edirik, çünki Kreml Ermənistanın təhlükəsizliyinin təminatçısıdır. Bunun üçün Türkiyə gərək Azərbaycan ərazisinin təhlükəsizliyinin təminatçısı rolunda çıxış etsin ki, Ermənistan Gəncəni raket atəşinə tutmağa risk etməsin. Necə ki, Naxçıvandan çəkinir, ora heç bir hücum əməliyyatı həyata keçirə bilmir. Bilir ki, Türkiyə faktoru burada var. Əgər Naxçıvana bir problem yaratsa, Türkiyə dərhal müdaxilə edəcək. Azərbaycanın qalan hissəsi Türkiyənin təhlükəsizliyinin təminatı altında olsa, ermənilər nə Mingəçeviri, nə də Gəncəni bombalaya bilərlər. Əgər belə bir riskli addım atsalar, qarşılarında Azərbaycanla yanaşı, Türkiyə ordusunu da görəcəklər”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.