Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün 30 il səbr etsə də, bu işin danışıqlarla mümkün olmayacağını gördü.Bu gün Azərbaycan Silahlı Qüvvələri erməniləri işğal altında olan torpaqlarımızdan qovur. Prezident İlham Əliyev də bildirib ki, Ermənistan bizim torpaqlarımızı boşaltmadıqca bu əməliyyatlar davam edəcək. Azərbaycanın bu qətiyyətini görən Ermənistan hakimiyyəti kömək üçün Avropanın bütün qapılarını döyüb.
Lakin ona bir cavab verilir: əməliyyatlar Azərbaycan ərazisində gedir. Bunu görən Ermənistan təxribata əl ataraq “Smert” və “Toçka- U” raketləri ilə Azərbaycanın dinc şəhərlərini və sivil insanlarını hədəf alırlar.
Tərtər, Tovuz, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Bakı və xüsusən Gəncənin hədəf alınması bir daha ermənilərin faşist xislətini dünyanın gözü önünə sərdi. Ermənilər qadın, kişi, körpə, yaşlı demədən dinc sakinlərimizi raket zərbələri ilə vururlar. Məqsəd isə çıxılmaz durumda qalmış Ermənistanın Azərbaycanı təxribatlara cəlb etmək istəyidir.
Çünki Ermənistanın bu yolla bölgə dövlətlərini, xüsusən Rusiyanı münaqişəyə cəlb etmək istədiyini anlayır. Biz torpaqlarımızı azad etmək üçün haqlı mübarizə aparsaq da Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycana təzyiqlər olunur. Fransa, Rusiya kimi həmsədr dövlətlərin ermənipərəst mövqeyi nə beynəlxalq hüquq prizmasından, nə də onlara verilən mandatın tələb etdiyi öhdəliklər baxımından anlaşılan deyil.
Bütün bunlara müvafiq olaraq Azərbaycanın bir çox siyasiləri məsələnin qətişəkilli həll yolunu rəsmi Bakının qardaş Türkiyə ilə hərbi saziş bağlamasında görür. Bir sıra politoloqlar xüsusən Ermənistanın Gəncəni vurmasından sonra qətiyyətlə tək həll yolunun Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsində görürlər.
Politoloq Natiq Miri “Cümhuriyət”ə açıqlamasında deyib ki, Azərbaycan hazırkı vəziyyətdə Türkiyə hərbi bazalarının ölkəmizdə yerləşdirilməsi gündəmdə deyil:
“Dünyada belə
çoxdur. Yəni bir ölkənin digəri ilə hərbi saziş bağlayıb onun bazalarını öz ölkəsində yerləşdirib. Elə Ermənistanın Gümrü rayonunda Rusiyanın 102 nömrəli
hərbi bazasının yerləşdirilməsi buna nümunədir. Ermənistanla Rusiya arasında 2049-cu ilədək saziş imzalanıb. Eyni zamanda ABŞ-ın Avropa ölkələrində hərbi bazaları var. Ayrıca qardaş Türkiyənin NATO olmasına rəğmən, Sudanda, Liviyada hərbi bazalarının yaradılması haqqında razılaşma əldə olunub. Qardaş Türkiyənin Qətərdə hərbi bazası mövcuddur. Yəni bu praktika dünyada mövcuddur. Bu mənada Azərbaycan da qardaş Türkiyə ilə hərbi saziş bağlayıb, üçüncü dövlətin müdaxiləsi olarsa,Türkiyə qoşunlarını ölkəyə dəvət edə bilər. Ancaq bu gün hələlik belə bir sazişin imzalanması və ya hərbi bazanın yaradılması gündəmdə deyil. Azərbaycan öncə Qoşulmama hərəkatının üzvlüyündən çıxmalıdır. Bu gün həmin hərəkatın sədrliyi məhz Azərbaycandadır. Azərbaycan bu hərəkatdan başqa bir ölkənin hərbi bazasını öz ərazisində yerləşdirə bilməz. Ancaq bu istiqamətdə hansısa hazırlıqlar getdiyini müşahidə etmirik”.Ekspert hesab edir ki, Azərbaycan qardaş Türkiyənin hərbi yardımını alması üçün iki ölkə arasında hansısa konkret hərbi sazişə gərək yoxdur:
“Azərbaycanın konkret şəkildə Türkiyənin yardımına ehtiyacı olduğu təqdirdə bunu sazişsiz də ala bilər. Hesab edirəm ki, qardaş Türkiyənin hərbi yardımı üçün hansısa konkret hərbi sazişə ehtiyac yoxdur.Türkiyə bir qardaş ölkədir. Rəsmi müraciət olarsa, Türk Silahlı Qüvvələri çox rahatlıqla Azərbaycana gələ və təcavüzkara qarşı hərbi əməliyyatlarda iştirak edə bilər.Ən azından, ortada bir Rusiya praktikası var. 2016-cı ildə Rusiya Suriyaya müdaxilə etdi. Bunu Suriyanın müraciəti ilə etdiyini bildirdi. Yəni Rusiya legitim qaydada Suriyada varlığını sürdürür. Ona görə də Türkiyə qoşunlarının Azərbaycanın istəyi ilə ölkəmizə gələ bilər. 9 oktyabrdakı Moskva görüşündən öncə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da dedi ki, əgər Dağlıq Qarabağdakı döyüşlərə hər hansı üçüncü bir dövlət müdaxilə edərsə, Türkiyə öz qoşunlarını Azərbaycana göndərəcək. Əgər bu məsələ belə asanlıqla həll oluna bilirsə, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra rahatlıqla Türkiyə ilə saziş bağlamalıdır. Yəni indi tələsik olmasa da, Dağlıq Qarabağ probleminin həllindən sonra qardaş Türkiyə ilə bu hərbi sazişi bağlamaq lazımdır”.
Əli BədirCebhe.info