Azərbaycan-Rusiya-Türkiyə birliyi mümkün görünür? - “Kremlin yuxusu qaçıb...”

14-10-2020, 12:56   


Azərbaycan-Rusiya-Türkiyə birliyi mümkün görünür? - “Kremlin yuxusu qaçıb...”

“Bu gün Türkiyə-Rusiya-Azərbaycan ittifaqının təmin edilməsi yalnız sözdə mümkün ola bilər. İşdə, reallıqda isə bunun həyata keçirilməsi mümkün deyil. Bunun reallaşması üçün Rusiya mütləq mənada mövcud siyasətindən vaz keçməlidir. Rusiya isə hələ də imperiya xəyalları ilə yaşayır. Yenidən SSRİ kimi bir imperiyanın bərpasına çalışır”.
Bu sözləri Cebhe.info-ya açıqlamasında politoloq Natiq Miri Rusiya-Türkiyə-Azərbaycan ittifaqı məsələsinə münasibət bildirərkən deyib.
O, belə bir fikrin Avrasiya kontekstində Rusiya ideoloqları tərəfindən də zaman-zaman səsləndirildiyini vurğulayıb:
“Doğrudur, orada Avrasiyanın əsas güclü və həlledici ölkələri olan Rusiya -Türkiyə arasında olan birlikdən söhbət gedir. Amma bu təklif sadəcə, Azərbaycanın bu birliyə əlavə olunmasını özündə ehtiva edir. Rusiyanın geosiyasi maraqları ilə Türkiyənin geosiyasi maraqları uzlaşırmı? İlk növbədə bu suala cavab tapmaq lazımdır. Rusiya imperiya siyasətindən vaz keçməyən, Türkiyəni region ölkəsi olmasına rəğmən, Qafqaza buraxmaq istəməyən ölkədir. Hətta Rusiya Türkiyəni Cənubi Qafqazda qardaşı olan bir ölkənin ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinə yaxın buraxmaq istəmir. Yaxın Şərqdə, xüsusilə Suriyada, eləcə də Aralıq hövzəsində Liviyada çox ciddi münaqişələr mövcuddur.
Bu münaqişələr həm siyasi, həm də hərbi sahədə gedir. Hər iki masada Rusiya-Türkiyə bir yerdə olaraq çıxış etmir. Bu masada qarşı tərəfdə yer alan ölkələrdir. Bu gün artıq Rusiyanın konstitusiyasında dəyişikliklər mövcuddur. Son dəyişikliklər dolayısı ilə həm də Putinin maraqları çərçivəsində həyata keçirilib. Bu cür iddialar varkən, sadəcə, kiminsə xoşuna gəlmək üçün belə bir təklifləri ortaya atmaq məhz sözdə cəlbedici ola bilər. Ancaq reallıqda heç də belə deyil”.
Politoloq qeyd edib ki, Rusiyanın daxili və xarici siyasətini, əsas sərhədlərini müəyyənləşdirən şəxs I Pyotrdur. Rusiya nə SSRİ dönəmində, nə ondan əvvəl, nə də indi Pyotrun bu vəsiyyətindən kənara çıxıb:
“Pyotrun vəsiyyətləri içərisində hazırki İstanbulun da işğal olunması var. Bunu hara yazaq? Rusiya bu siyasətdən imtina edibmi? Qətiyyən etməyib. Sadəcə, geosiyasi maraqları çərçivəsində bu gün Rusiyanın Türkiyə ilə yaxınlaşmasına ehtiyac var. Çünki bu, Türkiyənin geosiyasi maraqlarına xidmət edir. Türkiyə NATO -nun ən güclü ordusuna malik ikinci ölkəsidir. Belə bir ölkə ilə yaxınlaşma əslində NATO və NATO-nun “ipini çəkən” ABŞ-ı çox ciddi şəkildə narahat etməkdədir. Zamanında Rusiya ilə hansısa yüngülvari bir yaxınlaşmaya görə Türkiyədə hərbi çevriliş yaşanırdı.
Əlbəttə ki, bu, NATO və bilavasitə ABŞ və Mərkəzi Kəşfiyyat İdarəsinin istəyi, sifarişilə həyata keçirilir. Ancaq bu gün bu sahədə ciddi və praktik olaraq Türkiyə və Rusiya yaxınlaşması mövcuddur. Bu, əsasən Rusiyanın geosiyasi maraqlarına xidmət edir. Amma həm də qısamüddətli maraqlardır. Uzun hədəflərdə düşünmürəm ki, Rusiya Türkiyəni özü üçün dost ölkə görmək istəsin. Əksinə, bir yerə qədər Türkiyənin müstəqil olmasını Rusiya istəyə bilər. Bundan artıq Türkiyənin güclənməsi Rusiyanın maraqlarında deyil. Rusiya istəmir ki, Yaxın Şərqdə və Aralıq hövzəsində yeganə söz sahibi Türkiyə olsun.
Rusiyanın Qafqaza gəlməsi onun yuxusunu demək olar ki, qaçırıb. Regional, həm də qlobal məsələləri düşünüb təhlil edəndə belə təkliflərin sadəcə, cəlbedici olduğunu, praktikada isə bunun mümkünsüzlüyünü görürük. Yalnız qısamüddətli və hər ölkənin geosiyasi maraqlarını uzlaşdırmaqla, belə bir birliyi, yaxud planı həyata keçirmək olar. Hər üç ölkənin geosiyasi maraqları uzlaşdırılarsa, bu planları həyata keçirmək daha rahatdır. Hər üç ölkənin masada itirən deyil, qazandığı bir planın həyata keçirilməsindən söhbət gedir. Ondan uzağa belə bir birliyin reallaşmasını düşünmürəm. Rusiya ideoloqu Aleksandr Duqin zaman-zaman Avrasiya modeli və Rusiya-Türkiyə birliyi haqqında moizələr oxuduğu heç kəsə sirr deyil. Ancaq bu, Türkiyədə o qədər də ciddi qəbul olunmur. Baxmayaraq ki, Duqin dəfələrlə Türkiyəyə səfər edib və bu məsələni müzakirə predmetinə çevirdi. Amma ondan o tərəfə getməsi mümkün deyildi. Yəni Rusiyaya görə Türkiyə indiki vəziyyətdə NATO-dan imtina edəcək deyil. Bu model indiki durumda Türkiyəyə sərf edir. Ona görə də mən bu birliyi real saymıram”.
Alçina Amilqızı
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.