Vətən müharibəsinin 19-cu günü Tərtər cəbhəsində durum gərgin olaraq qalır. Ermənistan Silahlı Qüvvələri oktyabrın 15-də səhər 8-dən başlayaraq yenidən Tərtər istiqamətində xaotik atəşi davam etdirib. Düşmən dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə alır.Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçalarıdır. Cəbhə bölgəsində olan “Yeni Müsavat”ın reportyoru xəbər verir ki, düşmənin nizamsız atəşlərinə Azərbaycan Ordusunun hissələri qarşılıq verir, atəş nöqtələrinin məhvi istiqamətində tədbirlər görür. Hazırda döyüşlər davam edir.
Qeyd edək ki, sentyabrın 27-də 6 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bundan sonra cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. 2 həftəlik döyüşlərdən sonra Ermənistan tərəfinin yalvarışları nəticəsində Rusiyada humanitar atəşkəs razılaşması əldə olunub. 1 gün sonra, 11 oktyabr 2020-ci ildə Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə nüvə başlığı daşıya bilən R-17 Elbrus (Skad B) raketi atılıb. Nəticədə 4-ü qadın olmaqla, 9 nəfər həlak olub, aralarında uşaqlar olan 35 nəfər yaralanıb. Ermənistan hərbi-siyasi rəhbərliyi gecə yarısı evlərində yatmış Azərbaycanın mülki vətəndaşlarına qarşı hərbi cinayət törətməklə humanitar atəşkəs razılaşmasını faktiki olaraq aradan qaldırıb.
E.MƏMMƏDƏLİYEVTərtər