Ordumuzun daha bir möhtəşəm həmləsi və... mat!

16-10-2020, 09:02   



İşğalçı ordu tükənir; düşmənin canlı qüvvəsi, silah-sursatı, yanacağı bitmək üzrədir; hərbi analitiklər Ermənistana 2-3 həftə vaxt vermişdilər...

Müzəffər ordumuzun zərbələrinə duruş gətirməyən işğalçı Ermənistan çarəsizlikdən artıq terror üsulunu seçib. Dünyanın dörd bir yanından - Rusiyadan, ABŞ-dan, Latın Amerikasından, Avropadan, Yaxın Şərqdən Dağlıq Qarabağa açıq-aşkar muzdlu-terrorçular cəlb etməklə məşğuldur. Bunun beynəlxalq və yerli qanunlara daban-dabana zidd olduğunu dəqiq bilə-bilə.
Ancaq suda boğulan saman çöpündən yapışdığı kimi, bu həşir də işğalçının işinə yaramayacaq, təcavüzkarı xilas etməyəcək. Nizami ordu birləşmələrimiz, dronlarımız terrorçu-muzdluları bir-bir, dəstə-dəstə cəhənnəmə vasil edəcək. Şair demişkən, “Ölmək istəyirsən gəl Qarabağa! Kəfən də bizimdir, gor da bizimdir!..”
*****
Əslində bunu işğalçı ordusu iflic olan düşmən tərəf də yaxşı anlayır. Sadəcə, mənasız qurbanlarla vaxtı uzadır, öz maddi-texniki və canlı itkilərinin sayını boş yerə artırır, onsuz da kritik durumda olan iqtisadiyyatını tam çöküşə aparır.
Ordumuz Qarabağda vurur: Bakıda nələr dəyişir?
Belə vəziyyətdə hər hansı normal ölkə daha böyük itkilərdən qaçmaq və iqtisadiyyatı xilas eləmək üçün qarşı tərəflə dərhal sülh anlaşmasına gedərdi. Ermənistanın cinayətkar və faşist xislətli rəhbərliyi, nasist əlaltısı Garegin Njde vurğunu Paşinyan isə dinc şəhərlərimizi ballistik raketlərlə vurmaq əmri verir. Hitler kimi. Demək, aqibəti də aşağı-yuxarı, eyni olacaq.
Artıq Azərbaycan belə alçaq və xain hücumları önləmək üçün Ermənistanın öz ərazisinə preventiv zərbə endirmək qərarı verib. Özü də zəruri təbliğati işlərin görülməsi fonunda. Nə xoş ki, Azərbaycan işğalçı ölkəyə qarşı informasiya savaşını da döyüş meydanındakı savaş kimi səliqəli və rasional şəkildə davam etdirir. Bunu haqq savaşımıza xaricdən, o cümlədən Ermənistanın əsas müttəfiqi Rusiyadan gələn pozitiv reaksiyalar da təsdiq edir. 
*****
Ermənilərin Gəncəyə raket atması nəticəsində həlak olanların sayı 10-a  çatıb | Eurasia Diary
“Dinc Gəncə şəhərinə ballistik raket atan Ermənistandakı atəş nöqtələrinə Azərbaycanın endirdiyi cavab zərbələri BMT Nizamnaməsinin ölkələrin özünümüdafiə hüququnu təsbit edən 51-ci maddəsinə tam uyğundur”.
Bunu tanınmış rus tarixçi-analitiki, Qafqaz üzrə ekspert, politoloq Oleq Kuznetsov deyib.
“Azərbaycan Ordusu ölkənin mülki əhalisini və mülki infrastrukturunu atəşə tutan erməni operativ-taktiki raket sistemlərini məhv eləmək zorunda idi. Bu zərbə beynəlxalq humanitar hüquq normalarına tam uyğun olaraq həyata keçirildi. Əminəm ki, belə bir addım artıq dünya birliyi və Ermənistanın KTMT-dəki müttəfiqləri arasında anlayışla qarşılanıb”, - deyə analitik qeyd edib.
*****
Əlbəttə ki, KTMT deyərkən əsasən Rusiya nəzərdə tutulur. Rəsmi Moskva gözlənildiyi kimi, Azərbaycanın əsaslandırılmış preventiv zərbəsinə sakit reaksiya verdi. Bununla da bir daha Ermənistanın Rusiyanı məqsədli şəkildə Azərbaycanla müharibəyə cəlb eləmək kimi məkrli oyununa getmədi. Çünki Azərbaycan hansısa dinc ölkənin ərazisinə yox, qonşu ölkəyə qarşı faktiki terror siyasəti aparan ölkəyə preventiv zərbə endirib.
Hər halda, kim bilməsə də Rusiya hərbi kəşfiyyatı Azərbaycan Müdafiə Nazirliyinin zərbəni zəruri edən motivlərindən xəbərsiz olmamış deyil. Ortada həm də peyk çəkilişləri, videofaktlar, digər dəlil-sübutlar var ki, bunu da Müdafiə Nazirliyimiz elə həmin gün Bakıda akkreditə olunmuş hərbi attaşelərə nümayiş etdirdi.
Doğrudur, İrəvan bu zərbədən sonra hərbə-zorba gələrək, ölkəmizə qarşı “legitim cavab zərbəsi vurmaq” haqqı qazandığını bəyan edib. Ancaq Rusiyanın neytral qalmaqda davam eləməsi kifayətdir ki, Bakı gələn dəfə düşmənin yerdə qalan uzaq mənzilli (ballistik) raket sistemlərini də darmadağın eləsin.
Söhbət həm də Azərbaycandan Avropa bazarına uzanan strateji neft-qaz kəmərlərinə terror hücumundan gedir. Xatırladaq ki, bu kəmərlərlə (Bakı-Ceyhan) İsrail də neft alır. Həmçinin qonşu Gürcüstan tranzit ölkə kimi öz büdcəsini tranzit haqları hesabına zənginləşdirir. Yəni belə təxribat daha bir neçə mühüm ölkəni Ermənistana qarşı kökləyəcək.
Azərbaycan və Ermənistan ordularında döyüş hazırlığının müqayisəli təhlili  – HƏRBİ EKSPERT (II YAZI)
Bu yerdə xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan silahlı qüvvələri strateji boru xətlərinin təhlükəsizliyini qorumaq məqsədilə bir neçə dəfə ortaq hərbi təlimlər keçirib. İstisna deyil ki, Bakı öncəliklə qardaş Türkiyədən müvafiq əlavə hərbi dəstək istəsin. O halda bu, artıq Qərbin də təqdir edəcəyi qərar olacaq. Paralel surətdə dünya birliyinin, ABŞ və Avropanın diqqətini Ermənistanın beynəlxalq hüquqa zidd quldur hərəkətlərinə yönəldəcək.
*****
İndinin özündə də Ermənistanın Fransa xaric, hansısa ciddi müttəfiqi qalmayıb. Hərçənd bugünlərdə Fransa xarici işlər naziri də bəyan elədi ki, Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransa münaqişədə tərəf tutmalı deyil, çünki bu vasitəçilik anlayışına ziddir. Ümid edək ki, bu yanaşma özünü  praktikada da göstəcək.
Co Bayden 2020-ci ildə prezidentliyə namizəd olacağını açıqlayıb
“Ermənistan anlamalıdır ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər sonsuzadək işğal altında qala bilməz”.
Bu sözləri isə srağagün ABŞ prezidenti D.Trampdan fərqli olaraq Amerika erməni lobbisinə yaxınlığı ilə tanınan, prezidentliyə namizəd Co Bayden deyib. Onun sözlərinə görə, atəşkəs əldə olunandan dərhal sonra problemin uzunmüddətli həlli üçün real danışıqlara başlanmalıdır. Trampın özü isə çoxdan erməni ah-naləsini vecə almadığını əyani göstərib.  
Göründüyü kimi, ABŞ-ın nə indiki rəhbəri, nə də onun əsas rəqibi ermənilərin Qarabağ yalanlarına uyacaq ağılda deyillər. Həm də dünya artıq bu yalanlardan bezib. Yeri gəlmişkən, Tovuzla sərhəddə Ermənistanın törətdiyi iyul hərbi təxribatdan sonra ABŞ-erməni münasibətləri tarixində ilk dəfə olaraq, Konqresin Nümayəndələr Palatası Ermənistanın işğalçı kimi təsbit edildiyi sənəd qəbul edib (noyabrda onu Senat təsdiqləməlidir).   
*****
MÜDAFİƏ NAZİRLİYİNİN BƏYANATI
Rəşadətli əsgərlərimiz isə bu yazının hazırlandığı dəqiqlərdə də tarix yazmağa, işğalçıları qırıb-çatmağa, ya da “iti qovan kimi” qovmağa davam edirdi. Müdafiə Nazirliyinin yaydığı son məlumata əsasən, qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır. Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərimizdəki qüvvə və ehtiyatlarına davamlı və ağır zərbələr vurulur. Düşmənin canlı qüvvəsi, döyüş texnikası, silah-sursatı, yanacağı tükənmək üzrədir.
Zatən, müstəqil hərbi analitiklər işğalçı qüvvələrə dirəniş üçün ortalama 2-3 həftə vaxt vermişdilər. Humanitar rejimlı bağlı əməliyyatların sürətinin qismən azaldığını nəzərə alsaq, qoy olsun 1 ay. Artıq ordumuzun Şuşaya yolunun da açıldığı deyilir. İşğalçıya qarşı daha bir möhtəşəm zərbə və... mat!
O günə - Böyük Qələbəyə bir şey qalmayıb. Şüarımız indi “Ya Qarabağ, ya ölüm!” deyil, “Ya Qarabağ, ya Qarabağ!”dır. Ölüm düşmənin alnına yazılıb. “Ölmək istəyirsən gəl Qarabağa!..”
Analitik xidmət,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.