PAŞİNYAN TƏSLİM OLMAĞI TƏKLİF EDİR! – Baş nazir məğlubiyyəti hamı ilə bölüşməyə çalışır, amma...

21-10-2020, 09:49   


“Xəyallarımız və hədəflərimiz puç oldu. Xəyallarımız isə əsgərlərimiz və vətənimizlə bağlı idi”. Bu bədbin cümlələri Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Maryam Paşinyan "Facebook" səhifəsində yazıb. Sosial şəbəkə istifadəçiləri və yerli mətbuat dərhal onu "topa tutub". Baş nazirin ailəsinin belə bir bədbin ab-havada olması ciddi müzakirə mövzusuna çevirilib.
Erməni saytları yazır ki, indi insanlarda daha çox vətənpərvərlik ruhunu yüksəldən fikirlər səsləndirilməlidir. Bu mənada ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadələrin eşidilməsi xoş deyil. Paylaşıma şərh yazanların əksəriyyəti bildiriblər ki, məhz Maryamın atası Paşinyan ölkəni uçuruma sürükləyib.
Rusiyanın “Dojd” kanalının Xankəndindəki müxbiri Aleksey Korostelyov isə dünən Qarabağdakı vəziyyətlə bağlı danışıb. O bildirib ki, Xankəndi, demək olar, boşalıb. Xocavənd və Ağdərə rayonlarının mərkəzlərində eyni vəziyyət hökm sürür. Burada az sayda qoca kişilər qalıb. Jurnalist qeyd edib ki, erməni ordusunun sıraları hazırda Ermənistandan gələn könüllülər hesabına doldurulur, itki çoxdur, hər gün meyitlər daşınır. Hərbçilərdən müsahibə almaq, şəklini çəkmək, hərbi texnikanın fotosunu çəkmək qəti qadağandır.
Təqdim etdiyimiz hər iki qeyd Ermənistanda və işğal altında olan real vəziyyəti özündə əks etdirir. Ekspertlərin proqnozlaşdırdığı kimi, cəbhədə ağır məğlubiyyət erməni cəmiyyətində dərin məyusluq yaratmaqla bərabər siyasi hakimiyyəti də çətin vəziyyətdə qoyub. Paşinyanın qızının etirafı isə birbaşa baş nazirin ailəsindəki xəyal qırıqlığından və təslimçilik ovqatından xəbər verir. Artıq Ermənistanda vəziyyətdən çıxmaq üçün daxili müzakirələr paşlayıb, Paşinyan bütün siyasi qüvvələrlə məsləhətləşmələr apararaq gələcək addımları müzakirə edir. Qarabağ ətrafı rayonların bir-bir əldən çıxması, nəhəng hərbi itkilər hakimiyyətin çıxış yollarının məhdud olduğunu göstərir. Vəziyyəti bu həddə gərginləşdirən əsas səbəblərin başında Azərbaycandan ağılagəlməz dərəcədə böyük güc tətbiqi, beynəlxalq birlikdən, erməni lobbisindən, nəhayət, Rusiyadan ehtimal olunan ciddi dəstəyin gəlməməsi durur. Ermənistan hakimiyyətinin siyasi və hərbi resursları isə getikcə tükənir. Rusiyalı jurnalistin qeydlərində bu barədə ətraflı məlumat verilir: itkilər çoxdur, ölənlərin yerini Ermənistandan göndərilən "könüllülər"lə doldurmağa çalışırlar... Bu "könüllülər"in kimlərdən ibarət olması isə qısa müddətdə üzə çıxır: Müdafiə Nazirliyinin açıqladığı ölü siyahısında daha 18-19 yaşlı gəncləri nadir hallarda görmək olur, indi onları 30-60 yaşlarında olan hərbçilər əvəzləyir.

Paşinyan isə daxildə başlatdığı müzakirələrdə qarşısına əsas hədəf kimi məğlubiyyətin məsuliyyətini üzərindən atmağı qoyub. O, hərbi əməliyyatların başlanma səbəbini guya Dağlıq Qarabağın statusu məsələsində razılığa gəlinməməsinə bağlayır. Özünün “Qarabağ Ermənistandır”, “Sülh üçün yeni ərazi işğalı“ tezislərinin müharibəni qızışdırdığını inkar edir. Baş nazir əmindir ki, 30 illik üstün mövqelərin əldən verilməsinə görə ondan ciddi hesab soruşulacaq. Artıq daxili rəqiblər onun yaxasından yapışıb Şuşada, Xankəndində Azərbaycanı qəzəbləndirən hoqqabazlığa görə fəlakətlə üzləşdiklərini deyirlər. Nəticədə, Azərbaycan hərbi əməliyyatlara qərar verdi, Türkiyə dərhal onu dəstəklədi. Bu faktora görə Rusiyadan gözlənilən vacib dəstək gəlmədi və Ermənistan ordusu kütləvi şəkildə qırılmağa başladı.
Paşinyanın məsuliyyətdən qaçma cəhdlərindən biri Qarabağ danışıqlarında Ermənistanın dalana dirənməsini göstərməkdən ibarətdir. O ciddi-cəhdlə günahı Sərkisyanın boynuna qoymağa çalışır, guya 2011-ci ildə baş tutmuş Kazan görüşündə Sərkisyan bu fürsəti itirib.

Baş nazirin Ermənistan cəmiyyətinə təklif etdiyi çıxış yollarından biri kimi "səmimi mübarizə" aparmaqdır. Yəni cəbhədə vəziyyəti dəyişmək mümkün deyil, amma Dağlıq Qarabağ üçün yüksək status almaq şansı qalır. Paşinyan dolayısı ilə təslim olmağı, real situasiya ilə barışmağı təklif edir.
Baş nazir yaxşı başa düşür ki, Ermənistanı bu bataqlıqdan yalnız möcüzə xilas edə bilər. Bu möcüzəni də Ermənistanın havadarları yarada bilərdi, amma onlar susublar.
N.Paşinyan oktyabrın 19-da Ermənistan Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasını çağırıb, daha sonra isə parlamentdə təmsil olunmayan partiyaların təmsilçiləriylə qapalı görüş keçirib. Partiya təmsilçilərinə hökumətin mövqeyini əks etdirən rəsmi məktub təqdim edib. Onun məğzi açıqlanmayıb.
Bundan dərhal sonra Ermənistanda 13 siyasi partiya operativ qərargah yaradılması və bu orqana qərarlar qəbul edilməsi səlahiyyətinin verilməsi ilə bağlı Paşinyan hökumətinə təklif göndərilib. Məktubu Daşnaksutyun partiyasının vəzifəli şəxsi İşxan Saqatelyan təqdim edib.
Daşnaksutyun partiyasına qoşulan partiyaların arasında keçmiş hakim Respublika və bu yaxınlarda yaradılmış Vətən partiyaları da var. Vətən partiyasına Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan rəhbərlik edir.
Təklifin ikinci maddəsində deyilir ki, sözügedən orqana Ermənistanın və Dağlıq Qarabağın keçmiş və indiki prezidentləri, baş nazirləri, müdafiə və xarici işlər nazirləri, habelə siyasi və hərbi təcrübəsi olan başqa şəxslər daxil olmalıdır.
Ermənistan parlamentində hakim “Mənim addımım” fraksiyasının rəhbəri Vahan Tevosyan 13 partiyanın təklifinin anti-konstitusya mahiyyəti daşıdığını deyib: “Mən burda konstitusiya quruluşunun devrilməsi nüanslarını görürəm... Hesab edirəm ki, hazırda hərbi-siyasi hakimiyyət öz işini yaxşı yerinə yetirir və belə bir orqana ehtiyac yoxdur, üstəlik də bu orqan anti-konstitusiondur”. Bununla belə Tevosyan deyib ki, sözügedən partiyalar hansısa məşvərətçi xidmət göstərə bilərlər. O, bir daha vurğulayıb ki, təklif olunan orqanın yaradılması xüsusilə də hərbi vəziyyət zamanı təhlükəlidir.

Bu təklifə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da münasibət bildirib. O deyib: “Məni ciddi və kütləvi partiyalar sayılan Daşnaksutyun və Respublika partiyalarının bir ovuc məsuliyyətsiz partiyanın təsirinə uyması təəccübləndirir. Bununla belə mən bəzilərinin düşündüyü kimi hesab etmirəm ki, bu bəyanatın təsəbbüşkarlarının məqsədi dövlət çevrilişidir. Düşünürəm ki, bu təklif onların "Artsax" və Ermənistanın taleyindən dərin narahatlığından doğub”. Ter-Petrosyan əlavə edib ki, hazırkı vəziyyətdə hərbi-siyasi didişmə arzuolunmazdır: “Biz bununla düşmənə çox təhlükəli siqnal verərik”.
Daşnakların təşəbbüsünə 1998-1999-cu illərdə Ermənistanın baş naziri olmuş Armen Darbinyan da "Twitter"-də reaksiya verib: “13 partiyanın təklifini nəinki yersiz, həm də ziyanlı hesab edirəm. Ölkənin rəhbəri var və o vəziyyət üçün tam məsuliyyət daşıyır. Əgər məqsədəuyğun bilsə, kiminlə istəsə məsləhətləşə bilər. Keçmiş baş nazir kimi mən hər hansı belə formatda iştirakdan imtina edirəm”.

Göründüyü kimi, Paşinyanın müxtəlif manevrlərlə məğlubiyyətin məsuliyyətini bölüşmək cəhdləri Ermənistanda siyasi atmosferi gərginləşdirib. Hətta baş nazirin öz partiyasından da bu niyyətə qarşı açıq çıxışlar var. Petrosyanın şəxsində keçmiş siyasi elita da məsuliyyəti Ermənistanın hazırki rəhbərinin daşıdığını vurğulayır.
Şübhəsiz ki, düşmən cəbhəsində baş verən didişmələr Azərbaycanda diqqətlə izlənilir. Ermənistanın hərbi-siyasi məğlubiyyəti Bakıda eyforiya yaratmır, əksinə həm cəbhədə, həm də diplomatiyada soyuqqanlılıqla hədəfə doğru addımlar atılır. Strateji məqsədlərdən biri Ermənistana təslimçiliyi minimum itkilərlə gerçəkləşdirməyə imkan verməməkdir. Bu tarixi fürsətdən istifadə edib düşmənə bütün sahələrdə elə zərbələr endiriləcək ki, erməni məsələsi birdəfəlik qapansın.

Oktyabrın 23-də Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşü var. Həmin tarixdə ATƏT-in Minsk Qrupu həmsədrləri və Ermənistanın Xarici İşlər naziri Mnatsakanyan da ABŞ-da olacaqlar. Azərbaycan həmişə problemin sülhlə həlli yolunu açıq saxlayıb. Vaşintondakı müzakirələrdə rəsmi Bakı qarşı tərəfin son 27 ildə destruktuv mövqeyini, öhdəliklərə əməl etməməsini və danışıqların səmərəsizliyini əsas götürüb, yeni danışıqların ilkin şərti kimi Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Ağdamın döyüşsüz boşaldılmasını tələb etməlidir. Bu danışıqlara başlamağın şərti kimi irəli sürülməlidir.
Qarabağın tamamilə azad edilməsi və Azərbaycanın şərtləri əsasında hansısa status verilməsi bundan sonra müzakirə mövzusu ola bilər...
Elçin Rüstəmli
"AzPolitika.info"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.