5+3 rayonu döyüşlə alırıq, sonra isə… - Şərh

21-10-2020, 14:52   




Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:
- Qüdrət bəy, xarici işlər nazirinin Vaşinqtona səfərindən gözləntiləriniz nədir? ABŞ torpaqlarımızı azad etməyə davam etdiyimiz üçün bizə hansısa sanksiya tətbiq edə bilərmi?
- Düşünürəm ki, atəşin dayandırılması üçün Azərbaycana ciddi təzyiq göstəriləcək. Ola bilsin ki, Lavrovun 5+2 prinsipi əsasında tənzimləmə planından kənara çıxmamaq tələb olunsun. Yəni 5 rayonu azad edin və dayanın. Qalan məsələlər danışıqlar yolu ilə həll olunsun. Bu isə bizi qətiyyən qane etmir. Prezident də söylədi ki, Şusa işğaldan azad olunmasa başladığımız iş yarımçıq qalardı.
Bundan başqa, Qarabağın zirvəsi və qüruru olan Kəlbəcəri, o cümlədən soyqırım qurbanlarının narahat ruhunu sakitləşdirmək və şad etmək üçün Xocalını döyüşlə azad etməliyik. Strateji əhəmiyəti ilə yanaşı, bu bizim borcumuz və bir millət olaraq şərəf məsələmizdir. Beləliklə, 5 rayondan əlavə Kəlbəcəri, Şuşanı və Xocalını döyüşlə aldıqdan sonra xarici təzyiqlər çox güclü olarsa və bu müharibənin başqa dövlətlərin də qatılmasıyla daha geniş miqyas almasına yol aça bilərsə, atəşin dayandırılmasına razılaşıb digər məsələləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həll edə bilərik. Əlbəttə, bu mənim minimum etməli olduqlarımıza dair mövqeyimdir və əminəm ki, Ali Baş Komandan torpaqlarımızın azadlığı üçün mümkün olan hər şeyi və daha artığını edəcək.
ABŞ-ın Azərbaycan Ordusunun hücumları dayandırmayacağı təqdirdə sanksiya tətbiq etmək ehtimalına gəldikdə, bu bizi ciddi narahat etməməlidir. Böyük dövlətlərin dünyanın nizamını pozması və istədikləri halda beynəlxalq hüquqa tüpürmələri adi haldır. Onlar bir dəfə işğalçıya kömək məqsədilə 1992-ci ildə bunu ediblər. Torpaqlarımızın azadlığı üçün öncə qeyd etdiyim minimal məqsədlərə çatmayana qədər hər cür təzyiqlərə və çətinliklərə hazır olmalıyıq, çünki biz işğala qarşı və milli qürurumuz üçün vuruşuruq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.