Rusiya başçısı nankor və satqın dövlətə layiqli yerini göstərdi; deputat: “Putinin son açıqlaması bir daha göstərdi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpasına qarşı deyil”; politoloq: “Türkiyənin Minsk Qrupu rəhbərliyinə gətirilməsi ilə bağlı Bakının israrı nəticə verəcək...”
Terrorçu Ermənistan təkcə Qarabağ müharibəsində Azərbaycanın qəhrəman ordusuna uduzmur, həm də Azərbaycanın hücum diplomatiyası qarşısında aciz duruma düşüb. İşğalçı ölkənin humanitar atəşkəslə bağlı razılaşmaları xaincəsinə pozaraq, gecə yarısı Gəncənin dinc əhalisini yatdığı yerdə raketlərlə vurmasından sonra artıq onu müdafiə üçün hətta müttəfiqlərinin belə, arqumenti qalmayıb.Nikol Paşinyan rejimi sözün həqiqi mənasında özünü islaholunmaz küçə uşağı kimi aparmaqdadır və onu nizama dəvət edən Azərbaycanın dinc əhalisini, savaş meydanından azı 100 km kənarda olan şəhərlərini atəşə tutmaqda davam edir ki, bu da insanlıq əleyhinə cinayətdir və bəraət yoxdur. Belə olan təqdirdə Rusiya prezidenti Vladimir Putinin Ermənistanda məyusluq doğuran mövqeyi təəccüblü görünmür. Əslində Azərbaycanda bir narahatlıq var idi ki, 2016-cı ilin aprel döyüşlərindəki kimi, Rusiya dövriyyəyə girə və ərazilərimizin terrorçu-işğalçı yığnağından təmizlənməsinə əngəl yarada bilər. Amma Putinin “Valday” Diskussiya Klubunda Qarabağ məsələsinə baxışı, Ermənistan-Azərbaycan müharibəsi, habelə Türkiyə, onun prezidenti cənab Ərdoğanla bağlı açıqlamaları bütün şübhələrimizə, narahatlıqlarımlza son qoymuş oldu. Nəticə etibarilə ermənilərin də bütün xəyalları, gözləntiləri suya düşdü. Rusiya prezidenti həmçinin Mink Qrupunun həmsədrlərinin tərkibinin dəyişdirilməsi - böyük ehtimalla Türkiyə bu qrupa daxil ediləcək - haqda da çox ciddi və xeyrimizə olan açıqlamalarla çıxış etdi. Rusiya prezidentindən əvvəl onun köməkçisi D.Peskov maraqlarımıza uyğun açıqlamalar vermişdi.
V.Putinin dediklərini xatırlayaq: “Moskva Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Vaşinqton görüşünün uğurlu olacağına ümid edir, ABŞ-ın Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiya ilə həmrəy şəkildə çalışacağına ümid edir”. “İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında çıxışı zamanı deyib.“Bilirsiniz ki, növbəti dəfə hər iki ölkənin Xarici İşlər nazirləri Rusiyaya səfər etdilər. 23 oktyabrda onlar Vaşinqtonda görüşürlər. Çox ümid edirəm ki, bizim amerikalı partnyorlarımız bizimlə həmrəy şəkildə çalışacaq, münaqişənin tənzimlənməsinə kömək edəcək. Ən yaxşısına ümid edəcəyik”, - deyə Rusiya lideri bildirib.
Putin bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə sıx təmasdadır və gün ərzində bir neçə dəfə onlarla telefonda danışır. “Bizim Xarici İşlər, Müdafiə nazirlərimiz, xüsusi xidmət orqanları rəhbərlərimiz daimi əlaqədədir”, - deyə o bildirib. O qeyd edib ki, Rusiya hər iki tərəfin etimadından istifadə etməklə bu münaqişənin həllində, mövqelərin yaxınlaşdırılmasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcək bir mövqe tutur. “Bu kompromisin tapılmasını çox istərdim”, - V.Putin əlavə edib.
Rusiya prezidentinin
“Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz” deməsi isə Ermənistanı yerdən-yerə vuran mövqedir. Düzdür, Putin “Ermənistan və Azərbaycan Rusiya üçün bərabər tərəfdaşdır. Bizim üçün orada insanların həlak olması faciədir”, - deyib. Ancaq olsun, biz zatən bunu bilirik ki, Rusiyanın bölgədə ciddi maraqları var, amma yetər ki, Azərbaycanın haqq işinə maneçilik törətməsin, bunu da görməkdəyik. Son günlərədək terrorçu və işğalçı Ermənistan Vladimir Putinin onu xilas edəcəyini güman edirdi, Rusiya lideri isə satqın və cinayətkar dövlətə layiqli yerini göstərdi.
Qeyd edək ki, ermənipərəst mövqeyinə görə seçilən Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədri Konstantin Zatulin Rusiyanın Ermənistan xalqını qorumaq üçün desant əməliyyatı apara biləcəyini istisna etməmişdi. Ancaq cavab özünü çox gözlətmədi. “Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır, belə bir mövqe Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılıb. Münaqişənin həllində müsbət nəticə əldə etmək üçün hazırda görülən tədbirlər kifayətdir”.
“RİA Novosti”nin məlumatına görə, bunları Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov deyib. Krasov həmçinin xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bu münaqişənin həlli, hərbi əməliyyatların dayandırılması və vəziyyətin dinc danışıqlar prosesinə köçürülməsi üçün bütün lazımi tədbirləri görürlər. “Bütün bu tədbirlər müsbət nəticə əldə etmək üçün kifayətdir”, - parlamentari bildirib.
Andrey KrasovAndrey Krasov qeyd edib ki, buna görə də,
“deputat Konstantin Zatulinin Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətə desant əməliyyatı şəklində mümkün reaksiya variantları barədə şərhi real vəziyyətə uyğun gəlmir”. A.Krasov onu da vurğulayıb ki, “Konstantin Zatulinin bu şərhi vermək səlahiyyəti olmayıb. Onun bu şərhinin Dövlət Dumasının və Dumanın müdafiə komitəsinin rəsmi mövqeyinə heç bir dəxli yoxdur”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiya liderinin son açıqlamalarını müsbət qiymətləndirib: “Putinin son açıqlaması bir daha göstərdi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpasına qarşı deyil, münaqişənin ilk günlərində bəyan etdiyi birmənalı mövqeyə sadiqdir və o dəyişməyib. Rusiya Prezidentinin bəzi komanda üzvləri və ermənipərəst dairələr tərəfindən böyük təzyiqlərlə məruz qalmasına baxmayaraq öz ölkəsinin milli maraqlarından çıxış edərək neytrallığını saxlaması çox təqdirə layiqdir. Əminəm ki, Rusiyadakı ayrı-ayrı dairələr tərəfindən Ermənistana silah-sursat göndərilməsinə baxmayaraq əgər bu gün sorğu keçirilsəydi həm Putinin, həm Rusiyanın insanlarımız arasında nüfuzunun xeyli qalxdığını görərdik. Putin xarakter etibarilə sözübütöv, münasibətlərdə səmimi olan siyasətçilərə və ölkələrə rəğbət bəsləyir. Onun Türkiyə Prezidenti haqqında bu nöqteyi-nəzərdən dediyi xoş sözlər də bunu təsdiqidir. Putin əmindir ki, Azərbaycan Respublikasının Prezidentinin artıq aforizm kimi qəbul olunan ”sözümüz imzamız qədər mötəbərdir", “biz etibarlı tərəfdaşıq” deyimi həm Prezident İlham Əliyev, həm Azərbaycan üçün hamılıqla qəbul olunmuş ali dəyərdir".
Qüdrət HəsənquliyevQ.Həsənquliyev digər məqama da diqqət çəkib: “Bütün ağıllı insanlar başa düşür ki, bizim haqlı olmamıza baxmayaraq, Rusiya istəsəydi, münaqişəyə Ermənistan tərəfdən qoşulmaq üçün ya bəhanə tapacaqdı, yaxud belə bəhanəni yaradacaqdı. Amma Rusiya Prezidenti mərhum Prezident Heydər Əliyev, onun ardınca Prezident İlham Əliyev tərəfindən Rusiya ilə aparılan dostluq və strateji tərəfdaşlıq siyasətinin üstündən xətt çəkmədi və neytrallığını qorudu. Mənim Rusiya ilə bağlı münaqişədən öncəki proqnozlarım hələ ki, özünü doğruldur. Xəyanətkar Ermənistana görə Rusiya Türkiyə və Azərbaycanla münasibətləri pozmaqdan uzaq görsənir. Azərbaycan işğala son qoyandan sonra bizim münasibətlər daha yüksək səviyyəyə qalxacaq. Bölgənin xoşbəxt gələcəyi Türkiyə, Rusiya, İran və Azərbaycanın dostluğundan və əməkdaşlığından keçir”.
BAXCP sədri qeyd edib ki, 2009-cu ildə Minsk Qrupu həmsədrləri münaqişənin həllinə dair tərəflərə Madriddə yeni prinsiplər təqdim edəndən bir çox insanlarımızın ürəyindən sanki daş asılmışdı: “Hətta ilk dəfə bu prinsiplər elan olunanda bəyan etmişdim ki, yaxşı ki, Ermənistan bunu qəbul etmədi. Açıq söyləyim ki, Ordumuzun möhtəşəm qələbələrinə, Prezidentin köhnə status-kvonun artıq qalmadığını bəyan etməsinə baxmayaraq, Azərbaycanın problemin həllinə dair baza prinsiplərinə sadiq qalmasını açıqlaması insanların nigarançılığını tam aradan qaldırmırdı. Amma Prezident hər zaman bəyan edib ki, o nəyi nə zaman və necə etməyi dəqiq bilir. Belə hesab edirəm ki, Prezident həm xalqımızın bir hissəsinin narahatçılığına birdəfəlik son qoymaq üçün və xarici işlər nazirinin ABŞ səfəri öncəsi bunu açıq elan etməyi zəruri sayıb. Prezidentin bu açıqlaması ermənilərin son ümidlərini də öldürəcək, beynəlxalq birliyi və regionda marağı olan ölkələri nəhayət ki, bununla barışmağa məcbur edəcək. Bütün bunlar isə qələbəmizi asanlaşdıracaq”.
Qafar ÇaxmaqlıPolitoloq Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a bildirdi ki, Putinin Valdayda verdiyi açıqlamalardan sonra onun fikirlərindən Ermənistanın yararına faydalanmaq üçün erməni şərhçilər fərqli yanaşma sərgiləyirlər: “Güya Putin Azərbaycanın hərbi əməliyyatlarını təqdir etmir, Ərdoğanı suçlayır və sair. Amma bizim üçün önəmli olan Putinin Qarabağ məsələsinin uzun müddət belə vəziyyətdə qalmasının qəbuledilməzliyini deməsidir”.
Q.Çaxmaqlı qeyd etdi ki, ikinci ən önəmli cəhət odur ki, Minsk Qrupu ilə bağlı yeni yanaşma var: “Türkiyənin bu qrupa daxil edilməsilə bağlı Azərbaycanın israrı nəticə verəcək. Putinin açıqlamasında ona işarə var. Türkiyə ilə Rusiyanın Qarabağ məsələsinə yanaşma fərqinin olması təbiidir və bunun da gələcək danışıqlarda yaxınlaşdırılması üçün Rusiyanın qərarının olacağı görünməkdədir. Rusiya liderinin Türkiyənin buradakı varlığını qəbul edirik mənasını verən açıqlaması diplomatik uğurdur. Hər nə səviyyədə açıqlamalar olur-olsun, Azərbaycan savaşda qələbəsini sona çatdırmalıdır. Artıq Rusiyanın təsir imkanları azalıb. Minsk Qrupu da bizim xeyrimizə olmayan heç bir şeyi diktə edə bilməyəcək”.
Q.Çaxmaqlı əlavə etdi ki, Prezident İlham Əliyevin ermənilərə mədəni muxtariyyət verilə bilər, deməsi də artıq əvvəlki prinsiplərin dəyişəcəyini ifadə edir: “Moskva da, o biri erməni havadarları da Azərbaycanın təklif etdiyi müddəalarla razılaşmalıdırlar. Ermənistanın bu məsələlərdə heç bir iddiası qəbul edilməyəcək”.
Bu günlərdə uçurumun başında olduğunu anlayan Ermənistan rəhbərliyinin döymədiyi qapı qalmayıb. Elə prezident Armen Sarkisyanın nicat üşün Avropaya səfəri, Fransa prezidenti Makronun qapısını kəsdirməsi də ordumuzun sarsıdıcı zərbələrinin məntiqi nəticəsidir. Nikol Paşinyanın göstərişi ilə Prezident Armen Sarkisyan Brusselə səfər edib. O, səfər çərçivəsində NATO Baş katibi ilə görüşüb. A.Sarkisyan görüş zamanı Ermənistanın KTMT-dən gözlədiyi dəstəyi və yardımı ala bilmədiyindən gileylənib. Müharibədən sonra Ermənistanın öz xarici siyasətini NATO və Avropa İttifaqına yaxınlaşmağa yönələcəyini açıq bəyan edib. Bu, Ermənistanın Rusiyaya növbəti xəyanət nümunəsidir. Bənzər addımı aprel döyüşlərindən sonra eks-prezident Serj Sərkisyan atmışdı və Almaniyaya səfər edərək A.Merkelə Rusiyadan şikayətlənmişdi.
Bu fakt bir daha ermənilərin satqın olmasının təsdiqidir. Təsadüfi deyil ki, Putin Türkiyəni və onun rəhbərliyini etibarlı tərəfdaş, faktiki olaraq KİŞİ ADAM, KİŞİ DÖVLƏT adlandırır. Bu, həm də Azərbaycana verilən dəyərin dolayı ifadəsi və Ermənistana açıq mesajdır. Uşaq qatili olanlardan hər cür şərəfsizlik gözləmək olar və dünya buna şahiddir, o cümlədən Putin. Rusiyanın sayəsində mövcud olan ermənilər indi onu avropalıya, amerikalıya satırlar...
Ancaq Avropa da artıq bunları tanıyır və mahiyyətinə tam bələddir. Anlayırlar ki, terrorçu dövləti müdafiə edənin özü də terroru dəstəkləyən kimi tarixə düşəcək, bunu çoxları anladığı üçün ermənilərdən uzaq durmağa çalışırlar...
Elşad PAŞASOY,“Yeni Müsavat”