ABŞ seçkidə də pis nümunə olur - prezident seçkilərinin üzə çıxardığı həqiqət

6-11-2020, 09:03   


Ekspert: “Ölkənin prezidenti iştirak etdiyi seçkidə saxtakarlıqların olduğundan şikayət edirsə, bu, artıq o deməkdir ki...”

Noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri, seçkidən sonra yaşananlar dünyanın diqqət mərkəzindədir. Dünyada özünü “demokratiya və demokratik seçki jandarması” kimi aparan, müxtəlif ölkələri seçkilərin demokratik keçirilməməsi, mübahisələrin olması ittihamı ilə suçlayıb sıxışdıran ABŞ indi özü seçki sıxıntısı yaşayır.
Prezidentliyə namizədlər Donald Trampla Co Bayden bir-birini seçki saxtakarlıqlarında ittiham edirlər. Seçkilər fonunda seçki sisteminin doğurduğu narazılıqlar, hətta namizədlərin tərəfdarlarının bıçaqlanması, etirazlar, toqquşmaların gözlənilməsi onu deməyə əsas verirmi ABŞ artıq seçkilərdə də demokratiya nümunəsi ortaya qoya bilmir?
Siyasi şərhçi Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, ümumilikdə ABŞ seçki sistemi  müasir dünyanın şərtlərinə görə bir qədər köhnədir. ABŞ prezident seçkiləri bütün dünyada izlənilən, seçki prosesindən daha çox  realiti-şounu xatırladan həyəcanlı və mühüm bir hadisədir.
yegane.jpg (67 KB)
ABŞ prezident seçkisi seçki ilində hər bir amerikalının həyatına sirayət edən, lakin sıravi amerikalının səsini vacib hesab etməyən bir seçki sistemidir: “ABŞ öz tarixinin böyük hissəsində seçkilərlə ikipartiyalı sistem əsasında idarə edilir: 1856-cı il ümumi seçkilərindən başlayaraq 1824-cü ildə qurulmuş Demokratlar Partiyası və 1854-cü ildə qurulmuş Respublikaçılar Partiyası ABŞ-in iki əsas partiyalarıdır. Amerika siyasi mədəniyyətinin içərisində sağ mərkəzçi Respublikaçılar Partiyası mühafizəkar, sol mərkəzçi Demokrat Partiya isə liberal hesab olunur.
Bütün  səviyyələrdə seçkililər yerli, ilkin, aralıq və  ümumi seçkilər üçün bu iki  əsas partiyanın namizədləri arasında gedir. ABŞ seçki sistemi ümumilikdə bu iki partiyanın sistemi və  seçkiləri isə bu iki partiyanın yarışması da adlandıra bilərik.
ABŞ-da prezident və vitse-prezident Seçicilər Kollegiyası sistemi vasitəsilə seçilir. ABŞ-dakı prezident seçkiləri birbaşa deyil, vasitəçilər ilə həyata keçir. Belə ki, seçici bu və ya digər adama səs versə də, amma nəticələr ümumiləşdiriləndə sıravi seçicilərin deyil, onları təmsil edənlərin seçənlər kollegiyası adlandırılan şəxslərin səsləri nəzərə alınır.

Bu sistem 200 ildən çoxdur ki, mövcuddur və kiçik əyalətlərin əhalisinin ölkə prezidentinin seçiminə təsir göstərməsini təmin etmək üçün hazırlanmışdır".
Ekspert qeyd etdi ki, ABŞ tarixində seçənlər kollegiyasının mövqeyi ilə onları seçən sıravı seçicilərin mövqeyinin üst-üstə düşməməsi normal haldır: “Baxmayaraq ki, keçən əsrin 60-cı illərindən sonra bir sıra ştatlarda seçənlər kollegiyasının səsvermədə onları seçən seçicilərin  mövqeyini təmsil etməsi üçün öhdəlik imzalanması təcrübəsi tətbiq edilir. Amma çox ştatda bu belə deyil.
Bir sözlə, ABŞ seçki sistemi siravi vətəndaşın səsini vacib hesab etmir, qalib olan isə  ən çox səs sayı olan deyil, Seçənlər kollegiyasının ən çox səs verdiyi şəxs olur. Məsələn, 2016-cı il prezident seçkilərində qalib namizəd rəqibindən 1 milyon səs az toplamışdı.
ABŞ prezident seçkilərini həm də bu iki partiya arasında maliyyə toplanması yarışması da adlandıra bilərik və bu il 2020-ci il noyabr 3-də keçirilən seçki ABŞ dövləti tarixində ən bahalı seçki oldu, bu seçkiyə  milyardlarla dollar xərcləndi.
Pandemiyanın ABŞ iqtisadiyyatına  tarixinin ən pis böhranlarından birini yaşatdı bu il, kiçik biznesin iflasa uğradı, işsizlik bir neçə faiz  yüksəldi, milyonlarla insan işini itirdi, təkcə mart ayında 700 mindən çox insan işini itirdi və s.
Photos: Americans rally to 'protect the vote' amid US election cliffhanger  | News-photos – Gulf News
Bu göstərici 2009-cu ildən bəri işsizlik səviyyəsində ən böyük sıçrayışdır və ABŞ-ın əmək bazarı 10-30% azalaraq 15  milyon insanın iş yerinin itirilməsinə səbəb oldu. Belə bir ildə bu cür bahalı prezident seçkisinin keçirilməsinin sıravi vətəndaşın narazılığına səbəb olması çox normaldır".
Y.Hacıyeva hesab edir ki, ABŞ-da uzun illərdir tətbiq olunan seçki sistemi artıq əvvəlki demokratik müsbət effekti vermir. Seçkilərə müdaxilə halları, hətta xaricdən müdaxilə halları barədə danışılır. Ölkənin Prezidenti iştirak etdiyi seçkidə saxtakarlıqların olduğundan şikayət edirsə, bu, artıq deməkdir ki, Amerika dünya ölkələri üçün demokratik seçkilər nümunəsi sayılmayacaq və sayıla bilməz: “Ona görə də yəqin ki, yaxın illərdə ABŞ seçki sistemində dəyişikliklərə gediləcək. Dəyişikliklər olmadıqca hər dəfə seçkidə geriləmələr baş verməsi labüddür”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.