Rusiyanın mövqeyini zəiflədəcək enerji layihələri: Dünyada yeni düzən yaradır

17-11-2020, 11:08   


Rusiyanın mövqeyini zəiflədəcək enerji layihələri: Dünyada yeni düzən yaradır

Məlum olduğu kimi, artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP bütün çətinlikləri dəf edərək tamamlanıb.
Qeyd edək ki, SOCAR-dan verilən məlumatlara görə, hazırda TAP boru kəmərinin İtaliyanın qaz şəbəkəsinə qoşulması ilə bağlı işlər davam edir və gələn ay başa çatacaq. İlin sonunadək Azərbaycanın təbii qazı, tarixdə ilk dəfə olaraq, birbaşa xətt üzrə Avropaya çatdırılacaq.
Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz rolunu daha da artıracaq. BP-dən yerli mətbuata verilən açıqlama da isə bildirilib ki, TAP-ın səhmdarı kimi, şirkət bu mühüm layihənin başa çatmasından çox məmnundur.
Qeyd olunub ki, bununla da, dünyada ən iri qaz işlənməsi layihələrindən biri olan Şahdəniz 2 və Cənub Qaz Dəhlizi (CQD) layihələri tam həyata keçmiş olur:
"Bu layihələr ilk dəfə olaraq Xəzərin qaz ehtiyatlarını Avropa ilə bağlamaqla regionunun enerji xəritəsini dəyişəcək.
İndi, CQD-nin son hissəsinin də başa çatması ilə bu nəhəng ixrac sistemi tam inteqrasiya olunub və Avropaya qaz təchizatına hazırdır. Bu da bizə imkan verir ki, Azərbaycandan Avropaya ilk qazın verilməsinə bu ilin sonunadək başlayaq və, beləliklə də, layihə başlayandan bəri vəd olunmuş əsas məqsədə nail olaq. TAP konsorsiumunu bu mühüm uğur münasibətilə təbrik edirik. SOCAR-la və bir çox ölkələri təmsil edən bir sıra digər tərəfdaşlarla yaxından işləyərək bu yüksək keyfiyyətli və böyük dəyişikliklər gətirəcək layihələri tam təhlükəsiz və uğurla həyata keçirməkdən qürur duyuruq”.
Cənub Qaz Dəhlizinin, o cümlədən də onun seqmentlərindən biri olan TAP-ın iqtisadi əhəmiyyəti beynəlxalq şirkətlər tərəfindən də vurğulanır. Bu iqtisadi əhəmiyyət - BP-nin açıqlamasında da qeyd olunduğu kimi “regionunun enerji xəritəsini dəyişməsi”-nin siyasi dəyişikliyə də səbəb olacağı istisna edilmir.
Milli Cəbhə Partiyasının siyasi məsələlər üzrə sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri olan TANAP və TAP layihələri vasitəsilə Avropaya 10 milyard kub qaz ixrac ediləcək:
“Əsasən Avropanın Cənub və Cənub - Şərqi ölkələrini əhatə edəcək. Bu Avropanın enerji təhcizatında Azərbaycanın xüsusi önəm daşıması deməkdir. Avropa və Asiyanı birləşdirən yeni enerji kəməridir və geosiyasi əhəmiyyəti böyükdür. Avropanın Xəzər regionunda yeni siyasəti formalaşacaq. Eyni zamanda Avropa Rusiyadan qaz idxalını azaltmaqla bu ölkədən asılılığını azaldacaq. Avropa bu şaxələndirmə ilə enerji müstəqiliyinə nail olur”.
Məhəmməd Əsədullazadə deyir ki, bu həm də regionun geosiyasi mənzərəsinin dəyişməsinə səbəb olacaq:
“TANAP və TAP layihələri təkcə enerji daşıyıcısı deyil, Avropa Cənubi Xəzər regionuna açılmaqla birbaşa Mərkəzi Asiya regionunda da öz iqtisadi və geosiyasi layihələrini həyata keçirəcək. ABŞ da burada maraqlıdır. Bu da Cənubi Qafqazda, Mərkəzi Asiyada Rusiyanın mövqeyini zəiflədəcək. Baxmayaraq ki, TAP layihəsinin işə düşməsi Qarabağ müharibəsinin fonunda baş verdi və Rusiyanın burada sülhməramlı qüvvələri yerləşdirildi, biz Böyük Britaniyanın müharibədə Azərbaycanı dəstəklədiyini gördük. Hətta ölkə parlamentinin Lordlar Palatası Azərbaycanla bağlı qərar da qəbul etdi. Bu o deməkdir ki, BP başda olmaqla Qərbin enerji şirkətləri bu münaqişədə Azərbaycanı sonacan dəstəkləyəcək. Regional müstəvidə bundan sonra formalaşacaq yeni nizamda Azərbaycanın suverinliyi, təhlükəsizliyi qorunacaq. Həmçinin Xəzər və Mərkəzi Asiya regionuna yeni bir açılıma start veriəcək. Gələn ildən başlayaraq dünyanın siyasi, iqtisadi mənzərəsi yeni bir mərhələyə keçəcək. Başda İngiltərə olmaqla Qərb - o cümlədən də Türkiyə Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiyaya açılacaq. İngiltərənin Avropa İttifaqından çıxması və beynəlxalq oyunçuya çevrilməsi də bu planın tərkib hissəsi idi. İngiltətənin dəstək verdiyi və Türkiyənin də reallaşmasında rolu olduğu TANAP və TAP layihəsi də regionda yeni bir siyasi xəritənin formalaşmasına gətirib çıxaracaq. Məhz həmin xəritəyə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü təmin olunur”.
Politoloq deyir ki, Avropa və ABŞ-ın regionda iqtisadi maraqları olduğu üçün onlar Qarabağ müharibəsi ilə bağlı proseslərdə neytral mövqe sərgilədilər:
“Rusiya ilə müəyyən fikir ayrılıqları olsa da, Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə həll olunacaq. Bu Azərbaycan, Rusiya arasında imzalanan bəyanamədə də öz əksini tapıb. İngiltərə, digər Avropa ölkələri də öz iqtisadi maraqlarına görə, bu məsələdə Azərbaycanı dəstəkləyəcək”.
Xatirə Nəsirova
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.