Türkiyə parlamenti təsdiqlədi: Azərbaycana əsgər göndərilir - Video

18-11-2020, 12:53   





Türk əsgərlərinin Azərbaycana göndərilməsi ilə bağlı qərar layihəsi Türkiyə Böyük Millət Məclisində təsdiqlənib.
Axar.az xəbər verir ki, layihə parlamentə Türkiyə Prezidenti Administrasiyası tərəfindən təqdim edilib.
Müzakirələrdə mövzu ilə bağlı Türkiyə parlamentində təmsil olunan partiya nümayəndələri, eləcə də komissiya sədrləri çıxış ediblər. Diqqətə çatdırılıb ki, müzəffər Azərbaycan Ordusu işğalçı Ermənistanı 44 gün ərzində təslimçiliyə məcbur edib. Azərbaycan əks-hücum əməliyyatlarını tam qanuni olaraq BMT başda olmaqla beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazisində aparıb. Azərbaycan Ordusu amansız işğala son verməklə böyük zəfər qazanıb, böyük tarixi hadisə yaradıb. Türkiyənin Qafqaz bölgəsindəki rolu sülh, sabitlik və inkişaf üçündür. Ona görə də, qanun layihəsi günün tələblərini əks etdirən hüquqi sənəddir.
Çıxışlarda əsaslandırılıb ki, Ermənistanın işğalçılıq siyasəti və hərbi tarixləri yalnız Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd deyil, bütün bölgədə sülhə və sabitliyə təhdid olub. Əvvəllər olduğu kimi savaş günlərində də təcavüzkar Ermənistan mülki Azərbaycan əhalisini hədəf almaqla ağır müharibə cinayətləri törədib.
Çıxışlarda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəxsiyyəti və qəhrəman Ordumuzun rəşadəti, xalqımızın birliyi barədə xoş ifadələr səslənib, böyük səmimiyyətlə təbriklər ifadə olub.
Təkrar-təkrar Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağı vurğulanıb.
Türkiyə parlamenti qərarı təsdiq edib.
Qərara əsasən, Azərbaycana gedəcək türk hərbi heyəti Qarabağda qurulacaq Türkiyə-Rusiya müşahidə mərkəzində bir il müddətinə fəaliyyət göstərəcək. Bu müddəti artırmaq səlahiyyəti Türkiyə parlamentinə aiddir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.