Rusiyada gələn həftədən kütləvi peyvəndləmə başlanır

3-12-2020, 12:28   


Səhiyyə naziri Mixail Muraşko 100 mindən çox rusiyalıya artıq Sputnik-V vurulduğunu bildirib
Prezidenti Vladimir Putin gələn həftədən Rusiyada Sputnik-V vaksini ilə “geniş miqyaslı” koronavirus peyvəndləməsinə başlanması haqda göstəriş verib.
Rusiyanın hazırladığı vaksinin effektilə bağlı suallar qalmaqdadır. Ancaq Putin dekabrın 2-də Müdafiə Nazirliyinin tibb institutları ilə telekonfransda bu qərarı açıqlayıb.
2 milyon doza hazırlanacaq
Elə həmin gün Britaniya Amerika-Almaniya birgə şirkətinin hazırladığı vaksini istifadəyə təsdiqləyib. Klinik sınaqlar bu vaksinin 95 faiz effektiv olduğunu göstərib.

Putin hələ avqustda hökumətin dünyada koronavirusa qarşı ilk vaksini təsdiqlədiyini bəyan edib. Ancaq onda vaksin hələ vacib üçüncü mərhələ sınağından keçməmişdi, az sayda adama vurulmuşdu. Tədqiqatçılar onda vaksinlə bağlı ictimaiyyətə məhdud informasiya verdilər.
Bu arada Qərbin biotexnologiya şirkətləri vaksin sınaqlarının ümidverici nəticələrini ortaya qoyublar. Pfizer və BioNTech-in vaksini isə ABŞ-da da təsdiqlənməyə verilib. Ərzaq və Dərman Administrasiyasının (FDA) dekabrın 10-da vaksinlə bağlı qərarını açıqlayacağı gözlənir.
Rusiya da vaksinin qərbdəki rəqibləri qədər ümidverici olduğunu deyir.
Putin dekabrın 2-də deyib ki, yaxın gələcəkdə 2 milyon doza Sputnik-V istehsal olunacaq, tibb işçiləri və müəllimlərə vaksin ilk növbədə vurulacaq.
Baş nazirin müavini əmin deyil, amma...
O, baş nazirin səhiyyə və tibb məsələləri üzrə müavini Tatyana Qolikovaya tapşırıb ki, dekabrın 11-də irimiqyaslı peyvəndləmə başlansın.

“Belə bir mərhələyə çox yaxınlaşdığımızı düşünürsünüzsə, sizdən gələn həftənin sonuna irimiqyaslı peyvəndləməyə başlamağı xahiş edirəm”, – Putin deyib.
Qolikova cavab verib ki, komandası və o, gələnə həftəyədək kütləvi peyvəndləmənin başlaya biləcəyini əminliklə deyə bilmir. Onda Putin təkid edib: “Gəlin, ilk addımı ataq”.

Səhiyyə naziri Mixail Muraşko 100 mindən çox rusiyalıya artıq Sputnik-V vurulduğunu bildirib.
Rusiyada Sputnik V-dən başqa daha iki vaksin hazırlanır. EpiVacCorona adlı vaksinin Sibirdə Vektor dövlət virusologiya tədqiqat mərkəzi tərəfindən hazırlandığı bildirilir. Moskvadakı Çumakov İnstitutunun hazırladığı üçüncü vaksin isə yekun sınaqlara hazırdır, rəsmilər belə deyirlər.
Dekabrın 2-dək Rusiyada 2 milyon 300 mindən çox yoluxma təsdiqlənib, 41 mindən artıq xəstə vəfat edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.