Anton Troyanovski, Karlotta Qall“The New York Times”, 01.12.2020 Köhnə mikroavtobus yamacdakı blokposta yetişdikdə, maşının içərisindəki Azərbaycan əsgəri tərli pəncərəni ovucu ilə bərk ovuşdurdu, sonra acıqlı gözlərini ondan cəmi bir neçə metr aralıda dayanan erməniyə yönəltdi.Bundan bir neçə gün əvvəl onlar amansız müharibənin əks səngərlərində üz-üzə durmuşdular. Ancaq indi onlara rus sülhməramlıları cavabdehdir.
Mikroavtobus Azərbaycanın nəzarətindəki əraziyə doğru, sağa döndü. Ermənilər sol tərəfə, Ermənistanın nəzarətindəki əraziyə yollandılar.
Dağlıq Qarabağın mübahisəli dağ anklavı ilə əlaqədar Azərbaycan və Ermənistan arasında baş verən qəddar müharibə təpədən-dırnağadək silahlanmış rus qoşunları tərəfindən tətbiq olunan gərgin atəşkəs vəziyyətinə gətirilib. Uzun müddət Qafqaz bölgəsində tərikçi olan Rusiya üçün sülhməramlılıq rolu bir keçiddir – keçmiş sovet ərazilərində təsirini qorumaq naminə mübarizə aparan bir ölkə üçün yeni bir sınaq və fürsət.
Dağlıq Qarabağın paytaxtı Stepanakertdə (Xankəndidə) qalan etnik bir erməni, bazarda quru meyvələr və bal satan 67 yaşlı Svetlana Movsesyan deyir: “Hər şeyin yaxşı olacağını söyləyirlər. Mən Vladimir Vladimiroviç Putinə inanıram”.
Bu əsrdə Cənubi Qafqazda ən şiddətli döyüşlərdə minlərlə insanın ölümünə səbəb olan müharibəni, bütün rəylərə görə, məhz Rusiya prezidenti cənab Putin dayandırıb. Ancaq bunu postsovet dövründə digər regional münaqişələrdə, Krımı ilhaq etdiyi Ukrayna və ya Gürcüstandakı kimi deyil, yəni dəmir yumruqlu sxemlərdən yan keçərək edib.
Xankəndi bazarıBu ölkələri barışmaz düşmənə çevirməyə kömək edən taktikalar, analitiklərin fikrincə, getdikcə yumşaq və sərt gücün qarışığını tətbiq edən Kremldə dəbdən düşmüş kimi görünür.
Son müharibəni sona çatdırmaq üçün aparılan danışıqlarda cənab Putin Rusiyanın hərbi güc təhdidinə arxalanıb, hər iki tərəf güzəştə getməyə məcbur olub, lakin o, rəqib düşərgələrdə zorən etimad qazanıb.
Rusiyanın Ermənistanla qarşılıqlı müdafiə ittifaqı var, lakin cənab Putin bunun Dağlıq Qarabağa aid olmadığına israr edib. Azərbaycan Prezidenti İlham Əliyevlə isə yaxın şəxsi əlaqələrə malikdir.
Strategiya dividendlər gətirib, Kremlə bölgədə hərbi dayaq qazanıb və Ermənistanı Rusiyanın təsir dairəsinə möhkəm bir şəkildə bağlasa da, Azərbaycanı özündən uzaqlaşdırmayıb.
Rusiya hökumətinə yaxın tədqiqat təşkilatı – Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunov bildirib: “Bu, klassik mənada, sülhməramlı rolunu oynamaq üçün bir fürsətdir. Ümid etmək istəyirəm ki, postsovet məkanında bir tədqiq prosesi və Rusiya strategiyasında dəyişiklik görürük”.
Rusiyanın dəstəyi ilə, Sovet İttifaqının dağılması ilə nəticələnən 1990-cı illərin əvvəllərində uzun illər davam edən müharibədən sonra Ermənistan Azərbaycana məxsus, etnik ermənilərin yaşadığı Dağlıq Qarabağa nəzarət əldə edib. Erməni qüvvələri ətraf rayonları da ələ keçirərək yarım milyondan çox azərbaycanlını yurdundan qovub.
Dörddəbir əsrlik diplomatik uğursuzluqlardan sonra, sentyabrın 27-də Azərbaycan ərazisini geri almaq üçün hücuma başlayıb, İsrail və Türkiyə istehsalı olan pilotsuz təyyarələr sayəsində sürətli qələbə qazanılıb.
Şuşadakı kafedral kilsəNoyabr ayının əvvəlində Azərbaycan qoşunları dağ zirvəsindəki Şuşanı erməni nəzarətindən qoparıb, həm də meşəli yamacları qalxaraq və küçə-küçə əlbəyaxa döyüşlə. Noyabrın 9-dək təxminən 50.000 etnik erməninin yaşadığı Stepanakertə gedən yol boyunca onlar erməni əsgərlərini qanına bələyib və daha böyük bir döyüşün bir addımlığına çatıblar.
Bundan əvvəl atəşkəsə nail olmaq istəyən Putin məsələyə müdaxilə edib. Azərbaycan o gecə təsadüfən bir rus helikopterini vurub, Moskvanın müdaxilə etməsi üçün səbəb yaradıb. Ölkənin paytaxtı Bakıda həmin məsələ ilə bağlı qısa məlumat verən bir neçə nəfərin dediyinə görə, Rusiya prezidenti cənab Əliyevə ultimatum verib: əgər Şuşanı ələ keçirəndən sonra Azərbaycan əməliyyatı dayandırmazsa, rus hərbiçiləri müdaxilə edəcək.
Azərbaycan mənbələrinin verdiyi məlumata görə, həmin gecə heç bir xəsarət vermədən, kimə məxsusluğu bilinməyən bir raket Bakıda açıq əraziyə düşüb. Bəziləri bunun Rusiyanın işə qarışmağa hazır olduğuna və xeyli ziyan vura biləcəyinə dair bir siqnal olduğunu düşünür.
Bir neçə saat sonra cənab Putin atəşkəs razılaşmasını elan edib və cənab Əliyev televiziyada bütün hərbi əməliyyatların dayandırılacağını bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan döyüş meydanında daha çox qan tökülməsi ehtimalı ilə üzləşməmək üçün atəşkəsə razılaşmaqdan başqa çarəsi olmadığını söyləyib.
Azərbaycanda qələbə sevinciCənab Əliyev bəyanatı “qələbə” adlandırıb, Dağlıq Qarabağdakı ermənilərin nəzarətində olan ərazinin yalnız bir hissəsi Azərbaycana qaytarılıb. Ancaq o da güzəştə getməli olub: sülhməramlı kimi fəaliyyət göstərən təxminən 2000 rus əsgəri Azərbaycan ərazisində yerləşəcək. Bu, Rusiya üçün strateji bir nemətdir, Moskvaya İranın şimalında hərbi dayaq verir, eyni zamanda, Rusiya qoşunlarını dünyanın ən çətin həll olunan etnik münaqişələrindən birinin ortasına qoyan riskdir.
“Bu dəfə məsələnin necə bitəcəyini bilmirəm, çünki Qafqazda rus sülhməramlılarının yaxşı nümunəsi yoxdur”. Bunu 1990-cı illərdə Azərbaycanın Müdafiə Nazirliyində xidmət etmiş Azad İsazadə bildirib. “Aqibətdən narahatam”.
Sovet tanklarının Bakının mərkəzi meydanında nümayişçilərin üstünə şığıdığıı 1990-cı ilin qanlı hadisələri demək olar ki, hər bir azərbaycanlının yaddaşında yer alır. Rus qoşunları bundan sonra Qafqazın problemli guşələrinə dəfələrlə müdaxilə edib, əksər hallarda sülhməramlılar adı altında, lakin daha çox işğalçı ordu kimi davranıblar. İndi Rusiya statusu hələ bəlli olmayan Dağlıq Qarabağda da əhəmiyyətli rol oynayacaq.
Keçmiş diplomat və hökumət tərəfindən maliyyələşdirilən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev bildirib: “Rusiya buranı rahat qoymaq istəmir. Bu dondurulmuş “dövlət”i sevir. Müdaxilə etməyə hazırlaşırlar”.
Bakıda Şəhidlər XiyabanıAncaq cənab Putinlə sövdələşmənin cənab Əliyevi razı saldığı görünür, qismən Azərbaycan qüvvələri artıq əldən düşdüyü və daha sərt qış vaxtı döyüşlə üzləşdiyi, düşmən etnik erməni əhalini idarə etmək kimi əlavə yükü daşımalı olduğu üçün, – bunu bir analitik deyib.
“Carnegie Europe”-ın baş elmi işçisi Tomas de Vaal bildirib: “Əliyevi inandırmağa ehtiyac olmadığını düşünürəm. O, Rusiya ilə münasibətlərinə dəyər verir”.
Son illərdə Qərblə daha sıx əlaqələr qurmağa çalışan ermənilər üçün müharibə Rusiyanın təhlükəsizlik məsələsində mühüm amil sayıldığına xatırlatmadır. Azərbaycanın əsas müttəfiqi olan Türkiyə onların varlığı üçün təhlükə hesab olunduğundan “Ermənilər əvvəlki mövqeyimizə qayıtdılar: Rusiyanın xilaskar kimi refleksiv qavradılar”. Bunu İrəvanda yaşayan siyasi analitik Riçard Qiroqossyan deyib.
1915-ci ildə “erməni soyqırımı” zamanı ona sığınacaq verən və Osmnlıya qarşı ermənilərə birlikdə mübarizə aparan da məhz Rusiya idi.
“Ermənistan indi Rusiya orbitində daha çox möhkəmlənib, məhdud imkanları var. Dağlıq Qarabağın gələcək təhlükəsizliyi indi Rusiyaı sülhməramlılarından asılıdır ki, bu da Moskvaya çatışmayan təsir gücünü verir”.
9 Noyabr atəşkəs razılaşmasında ərazinin uzunmüddətli statusu barədə heç bir şey deyilmir və rus sülhməramlılarının nəzarətində, avtobuslarla evlərinə qayıdan etnik ermənilər bölgədəki həyatı Rusiyanın müdafiəsi olmadan təsəvvür edə bilməyəcəklərini söyləyirlər.
İndi Rusiya komandanlığının yerləşdiyi Stepanakert hərbi kollecinə doğru yolda etnik bir erməni olan 67 yaşlı Vladik Xaçatryan deyir ki, bölgədə gələcəyə ümid verən bir şayiə dolaşır: “Tezliklə Rusiya pasportlarını alacağıq. Rusiyasız yaşaya bilməyəcəyik”.
Stepanakert bazarının qarşı tərəfində, Nver Mikaelyana məxsus otelin 6 nömrəli otağında, müharibənin bitməsindən bir həftə keçsə də, hələ də qəhvəyi qan ləkəli mələfələr sərilir. Otağın son qonaqlarının dəsmalları oktyabr ayında qəlpələrlə deşilmiş divardakı başlıqlardan asılıb.
Bölgədəki digər etnik ermənilər kimi, cənab Mikaelyan davamlı sülh üçün açıq yolu görür: Dağlıq Qarabağın Rusiyanın bir hissəsinə çevrilməsi. Fikir əlçatmaz görünür, cənab Putin bunu demir, ideyanı Rusiya və Dağlıq Qarabağdakı siyasi xadimlər irəli sürüblər.
“Başqa nə yol qalır? – deyə cənab Mikaelyan partlamış otel otağının qapısına, divardan qopmuş televizora, qan izlərinin uzandığı üçüncü mərtəbəyə bir daha nəzər yetirdikdən sonra soruşur. – Avropa Birliyi heç bir şey etmir. Amerikalılar heç nə etmir…”
Tərcümə: Strateq.az