Xocalı ikinci Xmeymimə çevriləcəkmi? –AERAPORTUN MODERNLƏŞDİRİLMƏSİNƏ TÜRKİYƏ PUL YATIRA BİLƏR

4-12-2020, 16:36   

Vladimir Muxin
“Nezavisimaya qazeta”, 03.12.2020
 
Moskva Qarabağ münaqişəsi zonasında sülhməramlı qrupun saxlanılması xərclərini optimallaşdırmaq niyyətindədir. Rusiya Federasiyasının mənafeyi naminə Stepanakert (Xankəndi) yaxınlığında, Qarabağdakı yeganə aerodromdan istifadə məsələsinə baxılır. 30 ilə yaxındır o, istismar olunmur, sovet dövründə azərbaycanlıların yaşadığı Xocalı şəhərində 1992-ci ilin fevralında mülki şəxslərin öldürüldüyü faciəli hadisələr baş verib. Moskva, Bakı və İrəvan arasındakı razılaşmalara əsasən, şəhər hələ də Azərbaycana verilməyib. Orada Rusiya Federasiyası yeni bir baza yerləşdirə bilər.
KİV-lər “Qarabağ rəhbərliyinin Rusiya hərbi nəqliyyat aviasiya şirkətinə (HNA) Xocalı aerodromundan sülhməramlı qrupa dəstək üçün istifadəyə icazə verdiyini” yazıb. Lakin bu ifadələr çətin ki, həqiqət olsun. Stepanakert (Xankəndi) belə icazə verə bilməz, çünki Dağlıq Qarabağın statusu müəyyənləşdirilməyib. De-yure bura Azərbaycanın ərazisidir və Bakı bu məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib. Ancaq Qarabağın paytaxtı Stepanakertdən (Xankəndi) cəmi 10 kilometr şimal-şərqdə yerləşən Xocalıdakı hava limanı Ermənistan və Azərbaycanı qonşu bölgələrlə birləşdirəcək mühüm aviasiya nəqliyyatı mərkəzinə çevrilə bilər.
Hərbi ekspert, ehtiyat olan polkovniki Vladimir Popovun sözlərinə görə, Xocalıdakı aerodrom Rusiyanın təxminən 2 min nəfərlik sülhməramlı qrupu üçün münaqişə zonasında, bir növ, qala rolunu oynaya bilər. “Təchizat Rusiya Federasiyası üçün hələ çox baha başa gəlir. Rusiya Aerokosmik Qüvvələrinin 15-ci sülhməramlı briqadasını təmin edən hərbi nəqliyyat təyyarəsi Stepanakert (Xankəndi) yaxınlığındakı aerodroma enərsə, o zaman hərbi yüklərin hava yolu ilə nəqli daha qənaətcil olar”.
O, HNA təyyarələrinin indi İrəvana eniş etdiyinə, boşaldılmasına və daha sonra yükün 320 km-lik avtomobil yolu ilə Dağlıq Qarabağa daşınmasına diqqət çəkib. “Bu yüklər birbaşa hava yolu ilə Stepanakertə (Xankəndinə) çatdırılsaydı, ən yaxşı seçim olardı”.
Xocalı aerodromuna Rusiyanın Suriyadakı hava limanına bənzər, bir növ, hərbi baza kimi yanaşmaq olarmı?
İlk baxışdan oxşarlıq var. Keçən həftə Xocalı aerodromunda Rusiya Silahlı Qüvvələri hazırda Xmeymimdə fəaliyyət göstərən xəstəxanaya bənzər xüsusi mobil xəstəxana yerləşdirib. Orada, Suriyadakı hava bazasındakı kimi, anqarların, anbarların və digər lojistik infrastruktur obyektlərinin inşası üçün yerlər var. Lakin bazanın inkişafı ilə bağlı məsələlər, Moskva de-yure İrəvanla deyil, Bakı ilə əlaqələndirilməlidir. Belə hərəkətlər, görünür, görülür.
“NG”-nin RF Müdafiə Nazirliyindəki mənbələri Moskvanın Xocalıdakı aerodromu idarə etmək üçün yaxın vaxtlarda icazə alınacağını bildirib. Axı Azərbaycan rəhbərliyi Rusiya Federasiyasının Qarabağ münaqişəsi zonasında sülhməramlı missiyasının səmərəliliyində maraqlıdır. Bu, böyük ölçüdə oradakı rus hərbi personalının qruplaşdırılması üçün maddi-texniki dəstəyin keyfiyyətindən asılıdır.
Azərbaycan lideri İlham Əliyev son müraciətlərindən birində deyib ki, “bu gün mütləq oraya dönəcək olan Dağlıq Qarabağda yaşayan ermənilərin və azərbaycanlıların yenidən yaxşı qonşuluqda yaşayacaqları gün gələcək. Lojistik məsələlər, nəqliyyat məsələləri, enerji təhlükəsizliyi məsələləri var. Bütün bu məsələləri nəzərdən keçirəcəyik”.
Qeyd edək ki, əvvəllər Qarabağ münaqişəsi zonasında atəşkəsə dair Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli razılaşması əsasında Moskva və Bakı Xüsusi Protokol imzalayıb. Mətbuat bu sənədin Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını təmin etdiyini yazıb. Bir sıra mütəxəssislər bu protokol əsasında iki respublika arasında nəqliyyat əlaqəsinin yalnız quru yolu ilə deyil, həm də hava yolu ilə təşkilinin mümkün olduğuna inanır.
Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun Cümə axşamı Bakıda Azərbaycanın müdafiə naziri Zakir Həsənovla keçirilən görüşündə bu məsələlərin gündəmə gətirildiyi istisna edilmir. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqlamasında görüşdə “Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə bəyanatındakı müddəaların həyata keçirilməsi məsələlərinin müzakirə olunduğu” bildirilir.
Yeri gəlmişkən, Rusiya Federasiyası üçün Xocalı aerodromundan istifadədə problemlər var. İşgüzar məqsədlərlə Dağlıq Qarabağa dəfələrlə səfər etmiş ehtiyatda olan general-leytenant Yuri Netkaçov Rusiya sülhməramlılarının Xocalıda səmərəli təminatı üçün  aerodromun müasirləşdirilməli olduğunu düşünür. İndi o, hərbi yüklərin əsas hissəsini daşıyan “Il-76” kimi ağır təyyarələri qəbul edə bilmir. “Uçuş-eniş zolağını modernləşdirməliyik. İndi orada örtük asfaltdır. Belə bir örtükdə “IL-76”-nı endirmək mümkün deyil. Modernizasiya üçün ən azı 1 milyard rubl tələb ediləcək. Rusiyanın buna razı olub-olmayacağı məlum deyil. Ermənistanın pulu yoxdur. Ancaq Azərbaycan Stepanakert (Xankəndi) yaxınlığındakı hava limanı ilə maraqlanır. Ola bilsin ki, Türkiyə buna pul yatıracaq”.
Netkaçovun sözlərinə görə, Azərbaycan Xocalı hava limanını Rusiya Federasiyasının nəzarəti altına verməyə hazırdır – Azərbaycan əhalisinin şəhərə qayıdışını etmək müqabilində. “Bu çətin məsələdir. Ancaq başqa halda heç nə mümkün deyil”.
“Qarabağdakı etnik-mədəni və bəlkə də sənaye türk məskunlaşmasının əsası Türkiyə tərəfindən artıq qoyulub. Rusiya Federasiyası qoşunlarını münaqişə bölgəsinə daxil edərkən, Ankara artıq texnoparklarının bu bölgədə yerləşdirilməsinə dair Bakı ilə müqavilələr imzalayıb”, – deyə Netkaçov qeyd edib. O, Bakı İnnovasiya Agentliyinin Türkiyənin ən böyük sənaye bölgələrindən birində (Kocaeli vilayətində) yerləşən 130 texnoloji şirkəti dəstəkləyən GOSB texnoparkı ilə memorandum imzalayaraq bu yolda ilk addımı atdığına dair hesabata istinad edir.
Qeyd edək ki, bu cür planlar Azərbaycanın siyasi dairələrində təsdiqlənir. Bakılı mütəxəssis İlqar Vəlizadə hesab edir ki, tezliklə “insanların (yəni Azərbaycan vətəndaşlarının – NG) həm Xocalıya, həm də Xankəndinə qayıtması üçün şərait yaradılacaq”. Qarabağın dağlıq hissəsini Azərbaycanın aran bölgələri ilə birləşdirən nəqliyyat infrastrukturu da yenidən qurulacaq…
Politoloq Ağdam-Xankəndi dəmir yolunun bərpası və Xocalıda hava limanının işə salınması zərurətinə də işarə edib. Vəlizadə izah edib: “Hər halda, Dağlıq Qarabağın Azərbaycana inteqrasiyasından danışmaq lazımdır və bu proses azərbaycanlı qaçqınların geri qayıtması ilə ardıcıl olaraq baş verməlidir. Əminəm ki, Türkiyə kapitalı bu layihələrdə əhəmiyyətli dərəcədə iştirak edəcəkdir”.
Ancaq sual budur: Rusiya hərbi sülhməramlı əməliyyatlara pul xərcləməklə yanaşı, bölgənin inkişafında necə iştirak edəcək?” – deyə Yuri Netkaçov soruşur.
Tərcümə: Strateq.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.