ARALIQ DƏNİZİNDƏN XƏZƏRƏ, KƏRKÜKDƏN DƏRBƏNDƏ UZANAN TURAN XƏTTİ:Ərdoğanın Azərbaycan səfəri hansı yeniliklərin əlaməti olacaq?

9-12-2020, 09:57   

Selçuk Türkyılmaz
“Yeni Şafak” qəzeti, Türkiyə, 07 dekabr 2020-ci il
 
Qafqaz İslam Ordusunun hərəkətə keçməsi ilə əlaqədar İngiltərə mətbuatında “Turan xəyalları” adlı ifadəyə yer verilmişdi. Bu, həmin dövrün şərtləri daxilində alçaldıcı bir məna daşıyırdı. Birinci Dünya Müharibəsi zamanı gözlənilməyən bir mübarizə ortaya çıxmış olsa da, Osmanlı dövlətinin gücsüz olduğu düşünülürdü.
Buna rəğmən, Ənvər paşanın qərarı kifayət qədər narahatlıq yarada bilirdi. Çünki bu cəhdin digər bir ucu Hindistana qədər gedib çıxa bilərdi. Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakını işğaldan azad etməsi və Dağlıq Qarabağdakı cinayətkar erməni dəstələrinin zərərsizləşdirilməsi ilə ortaya çıxan vəziyyətin siyasi və mədəni nəticələri tam olaraq müzakirə edilməmişdi. Sovetlər Birliyinin dağılması ilə “Turan xəyalları” anlayışı yenidən aktuallaşmağa başladı. Beləliklə, bu mövzu Qafqazda romantik bir məsələ kimi öz əksini tapdı. Halbuki Ənvər paşa və Qafqaz İslam Ordusu Anadoluya coğrafi dərinlik qazandırmışdı.
Əlbəttə, bu dərinlik 1918-ci ildə qiymətləndirilə bilməzdi. İngiltərə mətbuatının hadisələrin bura qədər inkişaf edəcəyini görə bilməsi heç də təsadüf sayıla bilməzdi. İmperiya baxışına sahib olan İngiltərə mətbuatı Böyük Oyunun səhnələndiyi Əfqanıstanla bağlı hadisələri qiymətləndirə bilirdi. Bu ölkə Britaniya İmperatorluq tacının bənzərsiz qiymətli daşı hesab edilən Hindistanla quru sərhədlərinə sahib idi.
Bundan yüz il sonra Dağlıq Qarabağı işğaldan qurtarmaq üçün aparılan mübarizənin və qazanılan zəfərin Türkiyədə yenidən realist bir şəkildə müzakirə edilmədiyini müşahidə edirik. Rusiyanın hələ də Cənubi Qafqazda var olan ruhu və mədəni tarixə yadlaşmadan yaranan düşüncələr yaranmış situasiyanı düzgün qiymətləndirməyə imkan vermir. Ortaya çıxan yeni güc bölgənin yaratdığı imkanlarla ciddi bir təsirə sahib ola bilər. Türkiyənin Naxçıvana və ordan da Zəngəzur vasitəsilə Azərbaycana doğru uzanan xəttin incə sapa bənzədilməsi, əslində dəyişikliyin görünməsinə mane olur. Halbuki bu xətt fiziki bağlantıya çevrildikdə, bölgəyə iqtisadi, siyasi və intellektual zənginlik gətirəcək.
Əlbəttə bu, bir neçə gün içində mümkün olacaq proses deyil, ancaq öncəliklə bu mövzuya romantik bir xəyal kimi baxmaqdan imtina edilməlidir. Bu zənginliyi dəyərləndirməli olanların məsələyə pessimist yanaşma tərzi qəbul edilə bilməz. Bugünkü dəyişiklik “ölü materiallar” üzərində inkişaf etdirilmiş və zənginləşdirilmiş anlayışlarla başa düşülə bilməz.
Cənubi Qafqaz mədəni sahədə Kərkükə qədər uzanan bir xəttə sahibdir. Orta Şərq bizə məxsus bir anlayış olaraq ortaya çıxmamışdı. Yerləşdiyimiz coğrafiya Qərbi Avropa İmperializminin gözlənti və gücünə görə yenidən nizamlandığı üçün sərhədlər və anlayışlar da yenidən formalaşmışdı. Nəticə etibarı ilə mədəni bütövlük, keçid və qarşılıqlı münasibətlər yeni vəziyyətdən çox təsirləndi.
Bütövlüyünü itirən coğrafiyanın siyasi problemləri yeni vəziyyətdən bəslənirdi. Yeni siyasi birləşmələr öz güclərinə uyğun olaraq tələblərdən imtina etdilər və xarici mərkəzlərin təkliflərini qəbul etdilər. Bu da coğrafiyanın imkanlarını dəyərdən saldı. Dərbənddən Kərkükə qədər olan mədəni bütövlüyün iqtisadi, siyasi və intellektual nəticələrini coğrafiyanın imkanları kontekstində nəzərdən keçirmək lazımdır. Bunun üçün coğrafiyamıza Avropa mərkəzli bir gözlə baxmamaq lazımdır.
Verilən məlumatlara görə, Prezident Ərdoğan 9-10 dekabr tarixdə Azərbaycanda səfərdə olacaq. Bu səfər 2-ci Qarabağ Müharibəsində əldə edilən böyük zəfərdən sonra baş verdiyi üçün olduqca önəmlidir. Azərbaycan Prezidenti Əliyev ilə Ərdoğanın birlikdə hərəkət etməsinin fiziki nəticələri həm də bu səfər vasitəsilə öz təsdiqini tapmış olacaq.
İndidən Bakı küçələrindəki coşğunluğu təsəvvür edə bilirik. Buna sadə bir hadisə kimi yanaşmaq doğru olmaz. Hər iki dövlət başçısının Zəngəzur üzərindən inşa etməyə çalışdığı yol görünüş olaraq incə bir xətt kimi görünsə də, heç də zəif deyil. Qloballaşmanın sərhədləri, mövqeləri və geoloji bağlantıları mənasızlaşdırdığı deyilirdi. İddia edilirdi ki, sərmayənin gücü qarşısında bir çox dövlətlər zəifləyəcək. Əslində isə bir qorxu imperiyası quraraq torpaqlarımızı işğal etmək niyyətində olduqlarını fərqinə varmışdıq.
İki dövlət başçısı güc birliyi edərək, bu prosesi dayandırdı. Millət də bu iki rəhbəri tək qoymadı və qazanılan zəfərdə onların da paylarının olduğunu bir daha göstərdi. Bu səbəbdən də Ərdoğanın Bakı səfərində gələcəyə işarə edən bir çox əlamətlərin olacağı aydındır.  Ərdoğan və Əliyev Xəzərdən Aralıq dənizinə qədər uzanan fasiləsiz coğrafi bütövlüyün memarlardır.
Tərcümə Strateq.az-ındır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.