Cari ilin 10 dekabr tarixində Moldova mətbuatında Azərbaycanda keçirilmiş Vətən
müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına dair məlumat rus və rumın
dillərində dərc edilib.
Məlumatda baş tutmuş tədbirdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və
müharibədə şəhid olan azərbaycanlıların sayı qədər - 2783 türk əsgərinin iştirak etdiyi,
Azərbaycan və türk əsgərlərinin həm müasir hərbi geyimlərdə, həm də simvolik olaraq
Qafqaz İslam Ordusunun hərbi formasında xalqların qardaşlığını və əbədi birliyini əks
etdirən ortaq yürüş etdiyi qeyd edilib, paradda Azərbaycanın müasir hərbi texnikası,
ordumuzun məğlub etdiyi düşməndən ələ keçirilmiş qənimətin bir hissəsinin nümayiş
etdirildiyi bildirilib.
Eyni zamanda, məlumatda Prezident İlham Əliyevin Zəfər paradında söylədiyi
nitqinə istinad edilərək Qarabağda işğal altındakı torpaqları azad etməklə Azərbaycanın
istəyinə nail olduğu və tarixi ədaləti bərpa etdiyi vurğulanıb, Azərbaycanın erməni
faşizmindən qurtulduğu, 30 ilə yaxın Ermənistanın Azərbaycana qarşı işğal siyasətinə
son qoymağı hədəf alan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının bir daha
Türkiyənin güclü və birmənalı dəstəyinin şahidi olduğu bildirilib.
Bundan əlavə, yayımlanmış məlumatda Türkiyə prezidentinin Azərbaycanı
müharibədəki qələbə münasibətilə təbrik etdiyi, Zəfər paradına dəvətə görə təşəkkür
etdiyi, müharibədə canından keçmiş şəhidlərə rəhmət, yaralı əsgərlərə şəfa dilədiyi
qeyd edilib, azad edilmiş bütün şəhər və kəndlərin yerlə yeksan edildiyini, bəzilərində
Azərbaycan bayrağını qaldırmağa yer olmadığını qeyd edərək buna görə Ermənistanın
cavab verəcəyini və hərbi, habelə diplomatik sahədə Azərbaycanın uğur qazanmasında
ən böyük xidmətin Prezident İlham Əliyevə məxsus olduğunu vurğuladığı bildirilib.
Qeyd edək ki, Azərbaycanın Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər
paradına dair məlumat Moldovanın nüfuzlu “Tribuna”, “Noi”, “İPN”, “Newsmaker”, “AVA”
“Stiri” və “Deschide” xəbər agentliklərinin rəsmi internet səhifələrində yayımlanıb.
Məqalə ilə qeyd edilən link vasitəsilə tanış olmaq mümkündür
(https://newsmaker.md/rus/novosti/v-baku-proshel-parad-v-chest-pobedy-v-karabahe-
na-nem-prisutstvoval-erdogan-video/ ).