Yerevanda Azərbaycan və Türkiyənin sülh çağırışını qəbul etməyiblər

12-12-2020, 09:51   


Azərbaycan və Türkiyə prezidentlərinin dekabrın 10-da Ermənistanın ünvanına sülh təklifi yer alan çağırışları Yerevanda qəbul edilməyib. Belə ki, Əliyev və Erdoğanın Bakıda keçirilən brifinqdə verdiyi bəyanatlardan bir neçə saat sonra Ermənistan baş nazirinin mətbuat katibi Mane Qevorkyan bu çağırışları “təxribat xarakterli çağırış” adlandırıb.
Belə ki, Əliyevin müasir Ermənistanın azərbaycanlıların əsrlər boyunca yaşadıqları tarixi torpaqları olması haqqında sözləri Yerevanda “regional sabitliyə və sülhə təhdid” kimi qiymətləndirilib.
“Əliyevin Azərbaycanın Qarabağ problemini hərbi yolla həll etməsi haqqında iddiaları bir daha müharibənin və güc tətbiqinin təşəbbüskarının kim olduğunu və kimin regionu gələcəkdə də sabitliyin pozulması və fəlakətlər yolundan aparmağa çalışdığını göstərir.



Bu bəyanatlar Arsax ermənilərinə qarşı yeni soyqırımın qarşısının alınması vasitəsi olaraq Arsax ermənilərinin öz müqəddəratını təyin etmək hüququnun beynəlxalq səviyyədə tanınmasının prioritet olduğunu göstərir. Bu bəyanatlar 9 noyabr tarixli üçtərəfli bəyanatın məğzinə və müddəalarına ziddir. Erməni xalqı ilə təhdid mövqeyindən danışmaq töhmətə layiqdir və Cənubi Qafqazda uzunmüddətli sabitliyə gətirib çıxara bilməz. Həmçinin Türkiyə prezidentinin erməni soyqırımının memarlarını – gənc türk ideoloqlarını tərifləməsini də şiddətlə qınayırıq. Bu cür təzahürlər Türkiyənin regionda sülh və sabitliyin bərqərar edilməsinə yardım etməyə hazır olması haqqında bəyanatlarını şübhə altına qoyur”, deyə Qevorkyan “Armenpress” informasiya agentliyinə bildirib.
Xatırladaq ki, İlham Əliyev Zəfər Paradından sonra keçirilən brifinqdə bildirib ki, regionda yeni əməkdaşlıq platforması yaradılmalıdır.
“Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər. Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi var. Eyni zamanda, Azərbaycan-Rusiya-İran işbirliyi var. Türkiyə-Rusiya-İran işbirliyi var. Yəni, bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq”, deyə Əliyev bildirib.
“Biz bu səhifəni bağlamalıyıq, biz bu ədavətə son qoymalıyıq”, deyə o, sözünə davam edib.
Erdoğan da Əliyevin ideyasını dəstəkləyib, Ermənistanı müharibənin nəticələrindən dərs çıxarmağa çağırıb. “Bizim Ermənistan xalqına bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir”, deyən Erdoğan əlavə edib ki, bu gün Türkiyədə 100 mindən çox Ermənistan vətəndaşının yaşayır və işləyir.
Türkiyə prezidenti Ermənistanla sərhədin açılması mümkünlüyünü də şərh edib. “Yerevan Ankaraya qarşı müsbət addımlar atarsa, biz sərhədləri açarıq. Bizim sərhədi əbədi olaraq bağlı saxlamaq istəyimiz yoxdur”, deyə Erdoğan bildirib. -02D-

Bakı/11.12.20/Turan:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.