Rusiyanın ictimai xadim, tarixçi Dmitri Verxoturovun Axar.az-a müsahibəsi:– Azərbaycanın qələbəsini və Ermənistanın bitmiş müharibədəki ümumi məğlubiyyətini necə qiymətləndirirsiniz?– Fikrimcə, bu, əsas razılaşmaların həyata keçirilməsi üçün bir müharibə idi. Müharibənin nəticəsi demək olar ki, Şuşa şəhəri və bəzi digər ərazilər istisna olmaqla, razılaşmada nəzərdə tutulduğu kimi eyni oldu. Bəli, bu, Ermənistan üçün məğlubiyyətdir və erməni siyasi ambisiyalarına ciddi zərbədir.
– Uzun müddət dondurulmuş hesab edilən Qarabağ münaqişəsi tamamilə həll edilmiş sayıla bilərmi?– Bəli, çox güman ki, bitib. Çətin ki, Ermənistan hərbi intiqam almağa cəhd edə, “dqr”in taleyinə gəlincə isə, fikrimcə, onun “inkişaf istiqaməti” köklü şəkildə dəyişdi. İndi onun müəyyən bir ayrı ərazisi, tanınmamış bir “dövlət” kimi faktiki ləğvindən danışırıq və gələcəkdə bütün Qarabağ bölgəsi (Xankəndi də daxil olmaqla) Azərbaycanın nəzarətinə veriləcəkdir. Lakin bu, tezliklə baş tutmayacaq və müəyyən keçid dövrü tələb edə bilər.
– Sizcə, yaxın 10 ildə bölgədə nə baş verəcək?– Düşünürəm ki, Qarabağ erməniləri harada yaşamaq istədiklərinə qərar verməli olacaq: Azərbaycanda, Ermənistanda və ya başqa bir yerdə (məsələn, Rusiyada). Qarabağ bölgəsinin gələcək tarixi taleyi bu seçimdən asılı olaraq formalaşacaq. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan geri qaytarılmış ərazilərin infrastrukturunun bərpası və iqtisadi inteqrasiyası ilə məşğul olacaq.
– Ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması və sülhməramlıların yerləşdirilməsi ilə ermənilərin Azərbaycanın mədəni və tarixi abidələrinə, o cümlədən xristian kilsələrinə vəhşicəsinə münasibətinin nəticələri aşkarlandı. Beynəlxalq ictimaiyyət buna necə reaksiya göstərməlidir?– Qınaq yolu ilə. Hərçənd, təkcə qınama çox da nəticə vermir. Bu abidələrin bərpası üçün bir proqram tələb olunacaq. Hesab edirəm ki, Azərbaycan bu sahədə beynəlxalq təşkilatların dəstəyini ala biləcək. Bərpa işləri hələ davam etdiyindən qazıntılar, abidələrin memarlıq tədqiqatları və s. aparmaq lazımdır, çünki ikinci belə şans tezliklə ələ düşməyə bilər.