Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlər üçün brifinq keçirib və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar, Qarabağda baş verənlər və digər mövzularda sualları cavablandırıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Hulusi Akar Birləşmiş Ştatların S-400 sistemlərinə görə Ankaraya qarşı tətbiq etdiyi sanksiyaların iki ölkə arasındakı dostluğu, etimadı sarsıtdığını bildirib.
“Müttəfiqimiz ABŞ-ın bu yanlış qərarı geri götürməsini arzu edirik, ölkələrimiz arasında orta və uzunmüddətli planların diqqətə alınması lazımdır. Biz dostluğa tərəfdarıq. ABŞ-da administrasiya dəyişir. Qarşıdakı müddətdə nələrin olacağına baxacağıq. Keçmiş Varşava blokunun üzvü olan və sonradan NATO-ya qoşulan dostlarımızda ruslardan qalan çoxlu hərbi texnika var. Yunan dostlarımızda S-300 var. Biz S-400 sistemləriini ölkəmizin hava hücumundan müdafiəsi üçün almışıq. S-400 sistemlərinin F-35 qırıcılarının kodlarını ələ keçirəcəyinə dair iddialar əsassızdır. Ona qalsa Suriyada S-400 lər var, onlar F-35 qırıcılarının kodlarını ələ keçiribmi? Xeyr”,-Türkiyənin müdafiə naziri deyib.
Hulusi Akar Qarabağda atəşkəsin monitorinqi üçün Rusiya-Türkiyə ortaq mərkəzinin Ağdamda yerləşəcəyini təsdiq edib. Bildirib ki, hazırda mərkəzin inşaatı həyata keçirilir. “Başda generalımız olmaqla hərbi personalımız hazırdır. Ayrıca olaraq oraya minatəmizləyənlərimizi də göndərdik. Həm təhsil verirlər, həm də daha sonra ərazinin təmizləməsini həyata keçirəcəklər. İki özəl minaaxtaran qrupu var, mina axtaracaq. Atəşkəsə böyük ölçüdə riayət edilir. Ruslar bu məsələdə diqqətlidir. Baş verənləri izləməkdəyik”,-nazir deyib.
“Qarabağdan erməni silahlı birləşmələri çəkildimi? Türk əsgəri ora yerləşəcəkmi?”,-jurnalistlərdən biri soruşub.
Hulusi Akar deyib ki, Qarabağın bir qismində ermənilər var. “Ruslar atəşkəsi qorumaq çərçivəsində öz hərbi iştirakını təmin etdilər. Türk əsgərini istəmirlər məsələsi deyil, Türk əsgərinin varlığı Türkiyə-Azərbaycan arasındakı məsələdir. “Türk əsgəri ermənilərin olduğu yerdə olmasın, problem çıxar” deyə rusların iddiaları var. Biz Azərbaycan ilə danışacağıq”,-müdafiə naziri vurğulayıb.
Virtualaz.org