Ekspert: “Ermənistan 44 günlük müharibə dövründə Avropa İttifaqını əleyhimizə qaldıra bilmədi”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Brüsseldə səfərdədir. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri Brüsseldə Avropa İttifaqı Tərəfdaşlıq Şurasının ayrı-ayrı iclaslarında iştirak edirlər. İclasların gündəliyində Aİ-nin iki düşmən Qafqaz dövləti ilə qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi məsələsi var. Yeri gəlmışən, Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ara Ayvazyan və Ceyhun Bayramovla üçtərəfli görüş keçirməyə cəhd göstərsə də, bu, mümkün olmayıb.Virtuala.org TASS-a istinadən bildirir ki, bunu o, cümə axşamı Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasına gəldikdən sonra deyib."Hər iki nazir (Ermənistan və Azərbaycan nazirləri - red.) mənimlə ünsiyyətdə olduqlarına görə, biz üçtərəfli - Avropa İttifaqı, Ermənistan və Azərbaycan arasında əlaqə yaratmağa çalışdıq. Bu, mümkün olmadı, ona görə də mən hər iki nazirlə ayrılıqda görüşəcəyəm", - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı çərçivəsində assosiativ sazişi imzalayıb, Azərbayan isə bu sənədi imzalamayıb, qarşılıqlı əlaqələri ehtiva edən sənədləri hələ də müzakirə edir. Bu mənada Ermənistan Avropa Birliyinə “bir köynək” yaxın hesab oluna bilərmi? Azərbaycan Avropa ilə münasibətlərində məsafəli davranmalı, yoxsa yaxınlaşmalıdır?
Elşən MustafayevAMİP sədrinin müavini, beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə baxanda münasibətlərdə zaman-zaman baş vermiş gərginlikləri görmək olar: “Bu gərginliklər ayrı-ayrı Avropa İttifaqı rəsmilərinin bəyanatlarında, hadisələrə yanaşmasında özünü çox göstərib. Amma əslində Avropa İttifaqına daxil olan ölan ölkələrin bir çoxu ilə Azərbaycan çox yaxşı münasibətlərə malikdir. Həmin dövlətlər Azərbaycanın ərazi bütövlünü tanıyır, geniş iqtisadi əlaqələrimiz var, Azərbaycan əleyhinə hansısa ciddi qərarların qəbuluna çox zaman əngəllər belə, yaradıblar. Hətta demək olar ki, bir çox məqamlarda həmin dövlətlər Ermənistan əleyhinə olan addımlar da atıblar. Amma bütün bu müsbət faktlar həmin dövlətlərə Avropa İttifaqı içində bizi tam gücü ilə müdafiə etməyə yetmir. Bunun üçün Azərbaycan Avropa İttifaqı ilə assosiativ sazişi imzalamalıdır ki, həmin dövlətlərin yeri gələndə bizi müdafiə etməsi rahat olsun”.
Jozep BorrelEkspertin sözlərinə görə, Aİ də bizi istəməyən, hər zaman Ermənistanın tərəfini tutan dövlətlər də var və həmin dövlətlər daxilimizdə olan problemlərdən tez-tez öz məqsədləri üçün istifadə edib müxtəlif bəyanatlar verirlər. Amma belə hallar bizi Aİ-dən uzaqlaşdırmamalıdır: “Əksinə, bizm orada olmağımız bir çox hallarda həmin dövlətlərin əl qolunu bağlayacaq. Ümumiyyətlə beynəlxalq təşkiltlarda, birliklərdə təmsil olunan ölkələrin hamısının bir-biri ilə yaxın və dost olmaları hər zaman imkansız olub, bundan sonra da belə olacaq. Amma orada təmsil olunmaqla kifayət qədər müttəfiq qazanmaq olar. Ona görə də ilk növbədə çalışmalıyıq ki, bu müqvilənin imzalanmasını istəməyən qüvvələrin əlinə əsaslar verməyək. Hazırda bu istiqmətdə çox münbit şərait yaranıb. Ölkə daxilində indiyə qədər olmamış siyasi sabitlik formalaşıb və bunu mütləq qorumaq hətta gücləndirmək lazımdır. Ermənistan neçə illərdir ki, bu sazişi bağlasa da, 44 günlük müharibə dövründə demək olar ki, Aİ-ni əleyhimizə qaldıra bilmədi. İndi təsəvvür edin ki, biz orada təmsil olunsaydıq nələr edə bilərdik. Ermənistan Serj Sərkisyanın prezidentliyi dövründə bu müqaviləni imzalayıb. Hamı bilir ki, Ermənistan həmin vaxt tam şəkildə Rusiyadan asılı vəziyyətdə idi. Eyni zamanda, Avrasiya İqtisadi Birliyinin, Gömrük İttifaqının üzvü ola-ola bu sənədə imza atıb bəhrələnirdisə, biz niyə daha rahat vəziyyətdə olduğumuz halda bunu imzalamayaq? Hesab edirəm ki, bu istiqamətdə danışıqlar sürətləndirilməlidir”.
Etibar SEYİDAĞA,“Yeni Müsavat”