“Mossad”a yenilik:CASUS TƏŞKİLATINDA KOENİ ƏVƏZLƏYƏCƏK SİRLİ D. KİMDİR?

21-12-2020, 13:50   

Yossi Melman
“Middle East Eye”, 17.12.2020
 
Benyamin Netanyahunun bu günə qədər yalnız D. kimi tanınan bir insanı «Mossad»ın 13-cü direktoru təyin etməsi çox vacib və dramatik bir məqamda baş verir: Ağ Evdə dəyişiklik yaxınlaşır.
Keçmiş Ali Məhkəmə hakimi Eliezer Qoldberq başda olmaqla, müşahidə heyəti və hökumət üzvlərinin təsdiqindən sonra onun tam adı açıqlanacaq.
Hazırda D. casus agentliyi rəhbərinin müavinidir, 2021-ci ilin iyun ayında 5 il yarımlıq iqtidarını təhvil verməli olan Yossi Koeni əvəz edəcək.
Yeni seçilmiş prezident Co Bayden və komandası İrana qarşı sanksiyaların ləğvinə və altı böyük güclə Tehran arasında 2015-ci ilin iyulunda imzalanan nüvə anlaşmasına qayıtmaq ümidlərini dilə gətirib. 2018-ci ildə Donald Tramp ölkəsini həmin müqavilədən çıxarıb və İslam Respublikasına qarşı daha sərt sanksiyalar tətbiq edib. Bu hərəkətə Trampı, Baydenin vitse-prezident olduğu əvvəlki Barak Obama rəhbərliyi dövründə sazişə qarşı çıxan Netanyahu və Koen təşviq edib. İndi D-nin çətin bir missiyası olacaq: baş nazirə dəqiq kəşfiyyat məlumatı və həqiqətin doğru bir mənzərəsini təqdim etmək, – bu onu bəyənməsə də…
Həmçinin “D” daha sərt adam olduğunu, bəzən Netanyahuya qarşı çıxmalı və lazım olduqda, baş nazirə meydan oxumaq əzmini və peşəkarlığını sübut etməlidir.
 
İslahatçı
«Mossad» müavininin başçı təyin edilməsi qərarı gözlənilirdi və bu, ağlabatan bir seçimdir.
Koenin yerini tutmaq üçün yarışda ən yaxşı üç namizəd var idi. D. ilə yanaşı, D. kimi tanınan başqa bir şəxs var və A. kimi tanıdılmış digəri. Üçü də eyni “mənşədən”dir.
Onlar İsrail ordusunda kiçik zabit kimi xidmət edib, tərxis olunub və bir neçə il sonra əməliyyat bölmələrində «Mossad» tərəfindən işə götürülüb, lakin fərqli vəzifələri yerinə yetiriblər.
D-nin 56 yaşı var. Hərbi xidmətini kəşfiyyat və düşmən cəbhələrinin arxasında kəşfiyyat avadanlığı quraşdırmağa məsul olan nüfuzlu və elit xüsusi əməliyyat bölmədə – “Sayeret Matkal”da keçirib.
O, 30 il əvvəl «Mossad»a qoşulub və bir əməliyyatçı olaraq 18 aylıq əsas təhsilini bitirdikdən sonra casusları tapmaq, müəyyənləşdirmək, işə götürmək və işlətməkdən məsul olan “Tzomet” (ibrani dilindən tərcümədə “Qovşaq”) bölməsinə qatılıb.
“Qovşaq”da o, müşahidə və sızmalardan məsul olan bölmə – “Keşet” (“Yay”) komandirinin müavini vəzifəsində 2 il çalışıb.
«Mossad» rəsmiləri D-ni struktur, təşkilati və peşə dəyişikliyi üçün fikirlərə açıq olan bir islahatçı kimi xarakterizə edirlər; yad fikrə açıq və mühafizəkar olmayan bir adamdır.
“Tzomet”də D. «Mossad» üçün əsas prioritet olan yerlərdə və qruplarda casuslar toplayıb: İran və “Hizbullah”. 2018-ci ilin yayında o, Koenin müavini vəzifəsinə gətirilib.
Keçmiş yüksək səviyyəli «Mossad» səlahiyyətliləri onun dürüst və ədalətli bir adam olduğunu söyləyib və D. ilə işləyən agentliyin keçmiş rəisi Tamir Pardo bu təyinatı “əla seçim” olaraq xarakterizə edib.
 
Koenin izi ilə
D-nin karyerası bir çox cəhətdən “Tzomet”in rəhbəri olmuş Koenin karyerasına bənzəyir.
59 yaşlı Koen 5 illik fəaliyyətinə 2020-ci ilin sonunda son qoyacaqdı, lakin təəccüblü şəkildə baş nazir onun səlahiyyətlərini daha 6 ay uzadıb.
Bunun səbəblərindən biri 2 il əvvəl başladılan əməliyyatı başa çatdırmaq, İranın hərbi nüvə proqramına rəhbərlik edən Möhsün Fəxrizadəyə sui-qəsd etmək istəyi ola bilər.
2 yarım həftə əvvəl Tehran yaxınlığda Fəxrizadəyə edilən hücum «Mossad»la əlaqələndirilir.
D., çox güman ki, siyasətə qatılacaq və İsrailin Vaşinqtondakı səfiri olacağına dair xəbərlərin yayıldığı Koenin şagirdi kimi qəbul edilsə də, onun sələfinin düşüncə tərzini kor-koranə izləyəcəyini demək çətindir.
Koen son dərəcə uğurlu kəşfiyyat məmuru sayılır, eyni zamanda, Netanyahu ilə yaxın münasibətləri var, görünməmiş dərəcədə danışmaq və ictimai arenada görünmək istəyi, əksər keçmiş «Mossad» rəhbərlərinin fikrincə, onu mübahisəli bir şəxs edir.
Koen 2018-ci ildə İranın Tehranda yerləşən əsas nüvə arxivinin oğurlanması, qabaqcıl sentrifuqaların işini pozma və bir neçə ay əvvəl İranın Bəndər Abbas limanını iflic edən kiberhücumlarla tanınır.
Koenin nəzarəti altında olan «Mossad»a aid edilən digər hücumlar arasında Tunis və Malayziyada “Həmas”ın pilotsuz təyyarələr və mini sualtı qayıq qabiliyyətlərini yüksəltmək üçün çalışan 2 fələstinli mühəndisin öldürülməsi də var.
Koenin müavini olduğu 2 il ərzində D-nin bu «Mossad» əməliyyatlarının əksəriyyətinin və digərlərinin sirləri ilə tanış olduğunu düşünmək ağlabatandır.
 
Yeni bir strategiya
Önümüzdəki 5 ildə D-nin rəhbərliyi ilə «Mossad» İsrailin xarici casusluq agentliyi kimi ənənəvi rolunu davam etdirəcəkdir.
Çox güman ki, o, İsraillə münasibətləri normallaşdıran ərəb və müsəlman ölkələrinin sayını artırmağa can atacaq – Oman, Səudiyyə Ərəbistanı və İndoneziya bu il BƏƏ, Bəhreyn, Sudan və Mərakeşin imzaladığı müqavilələrə qoşula bilər.
O, İrana və “Hizbullah”a qarşı kəşfiyyat məlumatları toplama əməliyyatlarını dəstəkləyəcək və dünyanın hər yerində xarici xidmətlərlə əlaqələri və ortaq əməliyyatları yaxşılaşdırmağa çalışacaq. Hazırda «Mossad»la 150 məxfi xidmətlə əlaqə saxlayır.
D-nin müəllimi ilə müqayisədə daha ehtiyatlı və təmkinli olacağı gözlənilir. Ancaq hər şeydən əvvəl D. Baydenin İranla daha yumşaq bir addım atacağı bir dövrdə MKİ ilə xüsusi əlaqələrin itirilməməsini təmin etmək üçün bir yol tapmalı olacaq.
Tərcümə: Strateq.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.