Kolumbiyada Rusiyanın iki diplomatının akkreditasiyası ləğv olunub və ölkədən çıxarılıblar. Yerli media bunun casusluqla bağlı olduğunu bildirir.
Kolumbiyanın Xarici İşlər Nazirliyinin dekabrın 22-də bildirməsinə görə, Rusiyanın Boqotadakı səfirliyinin iki diplomatının fəaliyyəti Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasına “uyğun olmayıb”.
Kolumbiya rəsmiləri əlavə informasiya verməyiblər, ancaq onu bildiriblər ki, bunun cavabında Rusiya iki Kolumbiya diplomatını ölkədən çıxarıb.
Yerli medianın anonim təhlükəsizlik mənbələrinə istinadla yazmasına görə, rusiyalı diplomatlar milli ehtiyatların istismarıyla bağlı iqtisadi informasiya, eləcə də hərbi kəşfiyyat məlumatı toplayıblar.
Prezident
İvan Duke də addımla bağlı Vyana Konvensiyasına istinad edib. O, NTN24 televiziyasına müsahibəsində əlavə informasiya verməyib, bunun Rusiyayla ikitərəfli münasibətlərin yaxşı səviyyədə qalması prinsipinə zidd olacağını deyib.