Britaniya ilə Avropa İttifaqı arasında gələcək ticarət və təhlükəsizlik əməkdaşlığına dair razılaşma dekabrın 24-də, Milad bayramı ərəfəsində imzalanıb. The Guardian xatırladır ki, Britaniyaya Avropa İttifaqından çıxmaq üçün verilmiş müddətin bitməsinə bir həftə qalırdı. Britaniya Avropa İttifaqının vahid bazarını və gömrük ittifaqını dekabrın 31-də tərk etməli idi. Yeni razılaşma Britaniya və Avropa İttifaqı arasında rüsumdam azad ticarətə, habelə polis və ədliyyə arasında yaxın əməkdaşlığa imkan verir. Bu bəyanatdan əvvəl Britaniyanın baş naziri Boris Consonla Avropa Komissiyasının prezidenti Ursula von der Leyen arasında telefon söhbəti olmuşdu. Bu, son 24 saat ərzində 5-ci telefon danışığı idi. 2000 səhifədən ibarət olan ticarət razılaşması mülki nüvə enerjisi əməkdaşlığından tutmuş balıqçılıq və aviasiyaya qədər çoxsaylı sahələrdə əməkdaşlığı əhatə edir. Britaniya hökumətinin sözçüsü dekabrın 24-də deyib: “Razılaşma əldə olundu. Britaniya cəmiyyətinə 2016-cı il referendumunda və ötən ilin parlament seçkisində verilmiş bütün vədlərə əməl olundu”. 2016-cı ilin yayında keçirilən referendumda britaniyalılar ölkələrinin Avropa İttifaqından çıxmasına səs vermişdilər. 1973-cü ildən İttifaqa üzv olan Britaniyanın çıxışı prosesinə Breksit adı verilmişdi. Britaniyanın Avropa İttifaqından çıxması üçün danışıqlar 2017-ci ilin iyununda başlanmışdı. Danışıqlar dəfələrlə pozulmuş və hər dəfə Britaniyaya Brüssellə saziş imzalanması üçün vaxt verilmişdi. İki il əvvəl Britaniyanın o vaxtkı baş naziri Tereza Mey Avropa İttifaqı ilə sazişə nail olmuşdu. Amma onun təklif paketi Britaniya parlamenti tərəfindən üç dəfə rədd edilmişdi. Bütün bunlar Meyin istefasına səbəb olmuş və Boris Consonu hakimiyyətə gətirmişdi. Breksitin qatı tərəfdarı olan Conson dəfələrlə bildirmişdi ki, ölkə “sazişsiz və ya sazişli” Avropa İttifaqından çıxacaq. Buna baxmayaraq Britaniya parlamenti İttifaqdan sazişsiz ayrılmaya yol vermədi.