Xamnəinin 3 gizli varisi:"İKS GÜNÜ" ÜÇÜN HAZIRLANMIŞ NAMİZƏDLƏR KİMDİR?

28-12-2020, 13:02   

Əli Haşim
“Əl-Monitor”, 28.12.2020
 
İranın Ali lideri Ayətullah Əli Xamnəinin 81 yaşı var. Artıq illərdir ki, onun sağlamlığı ilə bağlı narahatlıq doğuran hesabatlar yayılır. 1989-cu ildən bəri İranı idarə edən adamın səhhətinin pis olduğuna dair bir sübut olmasa da, bir çox KİV-də yayılan xəbərlərdə o, “xəstə” olaraq qələmə verilir. Dekabrın 15-də İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” qüvvələrinin mərhum komandanı Qasim Süleymaninin ailəsini və yanvarın 3-də Bağdadda öldürülən generalın anımı üçün təşkil edilən komitə üzvlərini qəbul edərək, Xamnəi kameralar qarşısına çıxıb.
Xamnəinin sağ olduğunu əks etdirən video və ofisinin yayımladığı bir neçə fotoşəkil, ehtimal ki, onun xəstə olduğu və səlahiyyətlərini oğlu Müctəbaya ötürdüyü barədə şayiəni təkzib etməyə yönəlib.
Şayiə dekabrın ilk həftəsində “Twitter”-dəki bir mənbəyə əsaslanaraq KİV başlıqlarına çıxıb və Xamnəinin səhhətinin pisləşməsi ilə bağlı xəbərlər 2013-2020 arasında dörd dəfə ortaya çıxıb.
Xamnəi dekabrın 20-də Milli tibb bacıları Günü və Məhəmməd (s.) peyğəmbərin nəvəsi Zeynəbin (ə.) anadan olması münasibətilə televiziya ilə çıxış edərkən, başqa bir görünüş verib.
Onun sağlamlığı və oğlunun növbəti lider ola biləcəyi barədə xəbərlər fərqli bir dövrdəki oxşar şayiələri xatırladır. Sələfi və müəllimi Ayətullah Ruhullah Xomeyninin rəhbərliyinin son bir neçə ilində səhhətinin pisləşməsi ilə varis olmaq üçün ən güclü namizədin oğlu Əhməd Xomeyni olacağını iddia edən oxşar iddialar var idi. Oğul-Xmeyni atasının sirdaşı olduğu bilinən orta səviyyəli bir din xadimi idi. O vaxt məqalələrdə oğlunun dəstək aldığı güclərdən və onu varisliyə namizədlərdən biri edən amillərdən geniş bəhs olunurdu.
Xamnəi 1989-cu ilin iyununda Xomeyninin ölümündən sonra müvəqqəti ali lider seçildikdən sonra da, mediada Əhməd Xomeyni də daxil olmaqla, mümkün namizəd siyahıları hakimiyyət mübarizəsinin gələcəyini düşünməyə əsas verirdi.
“Müctaba Xamnəinin İranın növbəti Ali lideri olacağını irəli sürənlər inqilabdan sonrakı İran siyasətinin əsaslarından məhrumdurlar, – bunu “əl-Monitor”a adının açıqlanmaması şərti ilə iranlı bir prinsipçi ruhani deyib. – İranlılar atanın və oğulun kim olmasından asılı olmayaraq, bir hökmdarın hakimiyyəti oğluna vəsiyyət edəcəyi tarixə qayıtmağı qəbul etməyəcəklər”.
Eyni mənbənin sözlərinəə görə, bu söz-söhbətləri gəzdirənlər “inqilabdan 40 ildən sonra, vaxt gəldikdə qurumların hamar və sürətli hakimiyyət keçidinə əks mühiti yaradırlar, halbuki Ekspertlər Şurasının belə bir rola seçimi üçün namizədlərinin sayı kifayət qədər çoxdur”.
“Əl-Monitor”un məlumatıma görə, Ekspertlər Şurası potensial varislərin siyahısını hazırlamaq üçün seçilmiş, üç nəfərdən ibarət gizli bir alt komissiyaya malikdir. Alt komissiya siyahısını mütəmadi olaraq yeniləyir və “İks günü”nə qədər məxfi saxlayır.
Ekspertlər Şurasının üzvü Ayətullah Möhsün Əraki “Fars News”-a verdiyi son müsahibəsində siyahıda onsuz da 3 adın olduğunu və gizli qaldıqlarını vurğulayıb. O, Şura üzvlüyünün qısa siyahıda olmağın şərti olmadığını qeyd edib.
Əraki siyahının nəzərdən keçiriləcəyini və liderliyə layiq olanların gizli qaydada qeydiyyata alınacaqlarını, lazım olduqda Ekspertlər Şurasına təqdim olunacağını izah edib.
İslahatçı düşərgəyə meyl edən başqa bir mənbə Müctəba Xamnəinin atasından sonra varis olma fikrinin bəzi radikalların arzusu olduğunu bildirib. O əlavə edib: “İran kimi bir ölkədə bunun çətin olduğunu bilirlər, amma varis seçilmək üçün hazırkı liderin oğluna Qumdakı hövzənin və İİKK-nın xeyir-duası gərəkdir. 1989-cu ildə Əhməd Xomeyni Haşimi Rəfsəncani ilə birlikdə padşah yaradan kimi meydana çıxmışdı”.
Ali rəhbərin sağlamlığı həmişə medianın araşdırma mövzusu olub, bir çoxları İranın istiqamətinin kimin varis seçilməsindən asılı olduğunu düşünür. Bu, mərhum Mahmud Haşimi Şahrudi, İbrahim Rəisi, Sadiq Laricani, Həsən Xomeyni, prezident Həsən Ruhani, Əhməd Xatəmi və s. adların mediaya səpələnməsi ilə son illərdə müxtəlif siyahıların açıqlamasını doğurub. Həmin şəxslərin hər biri ali lider iddiası üçün lazımi xüsusiyyətlərə sahib idi və ya sahibdir. Bununla birlikdə, bu xəbərlərdə çox vacib bir amil əskikdir, yəni “ali lider sağdır, xəstə deyil və Allahın yazdığı əcəl vaxtı yetişməyibsə, digər din adamları kimi yaşaya bilər”. Bunu “əl-Monitor”a Ali lider ofisinə yaxın bir mənbə bildirib. “Biz onun iqtidardan gedən ABŞ prezidenti Donald Trampdan və yeni seçilmiş prezident Co Baydendən daha sağlam olduğunu bilirik. Şayiəbazlar dedi-qoduları yaymağa davam edəcəklər, çünki bu onların arzu və düşüncələrini əks etdirir”.
Bununla birlikdə, potensial namizəd olan bəzi şəxslər və ya rejim daxilində onları dəstəkləyən lobbilər gözlənilən döyüşdən əvvəl özlərini yaxşı mövqedə yerləşdirməyə çalışırlar. Bu, İran siyasətində gedən siyasi döyüşlərdə yaxşı əks olunur.
2017-ci il dekabr nümayişləri, sosial və iqtisadi təhrikə baxmayaraq, Ruhaniyə sərt zərbə endirmək və ən yüksək mövqeyə yiyələnmək üçün prinsipçilərə qarşı ittihamlar doğurub. Ruhaninin 2017-ci il seçkilərində Rəisi üzərindəki qələbəsi sonuncunun gələcəkdə ölkənin ali lideri olmaq yolunda əngəl kimi qiymətləndirilib. Bəzi analitiklər Sadiq Laricaninin köməkçilərindən birinə qarşı yönəlmiş korrupsiya ittihamlarının da onun Xamnəinin varisi olma şansını azaltmağa yönəldiyini irəli sürüblər.
Xalqa məlum olmayan və ya bu mövqe üçün diqqət mərkəzinə düşməyən digər namizədlər səhnəyə sürpriz kimi çıxa bilər, lakin İranın gələcək lideri üçün Xamnəinin özünün ən yüksək pilləyə necə qalxdığına nəzər salmaq faydalı ola bilər.
Tərcümə: Strateq.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.