PUTİN CİNAYƏTKAR KÖÇƏRYANLA BİR SAAT NƏ DANIŞIB? - "Mövzu Azərbaycan əraziləri ilə bağlı ola bilər"

30-12-2020, 15:23   




Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti, Xocalı qətliamının memarı, kriminal ünsür Robert Köçəryana zəng edib. Telefon danışığı Rusiya liderinin təşəbbüsü ilə baş tutub. Kremlin sahibi və Ermənistanın 2-ci prezidenti düşmən ölkədə baş verən son hadisələri müzakirə ediblər.
Putinin bu telefon zəngi çoxsaylı suallara yol açıb. Putinin cinayətkar Köçəryanla nəyi müzakirə edə biləcəyi ciddi müzakirələr doğurub. Bu, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinə növbəti zərbə kimi izah edilir. Nikolun devirdiyi “Qarabağ klanı”nın revanş etmək üçün hərəkətə keçdiyini düşünənlər də var. Doğrudur, bu klanın liderləri sayılan sabiq prezidentlər Sərkisyan-Köçəryan cütlüyünün II Qarabağ savaşında rüsvayçı məğlubiyyət almasına baxmayaraq, 
Paşinyan iqtidarını devirmək şansları elə də böyük dəyərləndirilmir. Belə olan halda, Putinin Köçəryana nə üçün zəng etdiyi müzakirələrə səbəb olmaya bilməzdi. Bütün bu və ya digər baş verənlərdən çıxış edərək günlər öncə Paşinyanın erkən parlament seçkiləri keçirilməsi mövzusunda siyasi qüvvələrlə məsləhətləşmələr aparmağa hazır olduğunu bəyan etməsi və artıq bu görüşlərə start verməsinin də təsadüfi olmadığı vurğulanır. Eyni zamanda, “Qarabağ klanı”nın hakimiyyətə gəlmə şansları gözardı da edilmir.
Politoloq Elçin Mirzəbəyli musavat.com-a açıqlamasında müəyyən ehtimalların olduğunu bildirib: “İndiki şəraitdə Rusiya prezidenti Vladimir Putinlə Robert Köçəryanın telefon danışığı Ermənistandakı daxili proseslərdən daha çox etnik ermənilərin yaşadığı Azərbaycan əraziləri ilə bağlı ola bilər. Çox güman ki, mövzu ”Qarabağ klanı"nın postmüharibə dövründəki mövqeyi ilə əlaqədardır. Çünki klanın Ermənistanda yenidən hakimiyyətə yiyələnməsi indiki şəraitdə inandırıcı görünmür. Ermənistandakı etirazlara baxmayaraq, revanşist qüvvələrə ciddi ictimai dəstək nəzərə çarpmır və Ermənistan vətəndaşları yaşadığı problemlərin əsas səbəbkarı kimi “Qarabağ klanı”nın nümayəndələrini görürlər. Digər tərəfdən, Köçəryan, Sərkisyan, yaxud klanın digər hansısa bir nümayəndəsinin Ermənistanda yenidən hakimiyyətə yiyələnməsi postmüharibə dövründə həyata keçirilməsi nəzərdə tutulan bütün prosesləri şübhə altına qoya bilər. 

Azərbaycan rəsmiləri heç bir halda Köçəryan-Sərkisyan cütlüyünün birbaşa və ya dolayısıyla iştirak etdiyi heç bir prosesə qatılmayacaqlar. Ermənistanda müharibə cinayətkarlarının hakimiyyətə yiyələnməsi yeni və daha genişmiqyaslı hərbi əməliyyatlara yol aça bilər ki, bu region dövlətlərinin, o cümlədən Rusiyanın maraqlarına uyğun deyil. 
Ümid edirəm ki, Rusiya prezidenti bu reallıqları (keçmiş) Mərkəzi Kəşfiyyat İdarəsinin (QRU) agentinin diqqətinə çatdırıb və revanşizmin hansı acınacaqlı nəticələrə gətirib çıxaracağını ona başa salıb. Ermənistanda, indiki şəraitdə hərbi çevrilişə cəhd göstərilməsi vətəndaş qarşıdurmasına yol aça bilər. Çünki Ermənistan ordusunun və təhlükəsizlik qüvvələrinin bir hissəsi məğlubiyyət sindromundan ayılmasalar belə, yeni müharibənin başlanmasını arzulamırlar. 
Həmçinin Paşinyanın orduya gətirdiyi şəxslərin bir hissəsi Qarabağ savaşının qaynar nöqtələrində olmayıblar. Düşünürəm ki, bu məqamın özü də ciddi araşdırma və təhlil mövzusu ola bilər. Paşinyanın erkən seçimə getmək niyyətinin əsas səbəblərindən biri müharibədən sonrakı reallığı Ermənistan daxilində legitimləşdirilməsi ilə bağlıdır. Revanşist qüvvələrə ictimai dəstəyin olmaması, həmçinin Qərb institutlarının sorğularının nəticələri ölkə vətəndaşlarının qarşıdakı mərhələdə Paşinyanla, yaxud “Qarabağ klanı”na aid olmayan başqa biri ilə yola davam etmək niyyətini ortaya qoyur. Prosesdə sabiq prezident Levon Ter-Petrosyanın önə çıxması ehtimalı da var".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.