Həkim Xəyalə Balabəyova: Pandemiya ilə mübarizə aparmaq üçün yalnız bir üsulumuz var – vaksinasiya olmaq

2-01-2021, 09:35   

Pandemiyanın başlamasından sonra keçən müddət ərzində mütəxəssislər görünməmiş nailiyyət əldə edərək, ən qısa zamanda xəstəliyə qarşı effektiv peyvəndlər hazırlaya bilib. Amerika Birləşmiş Ştatlarında və daha bir neçə ölkədə Pfizer-Biontech və Moderna şirkətlərinin hazırladıqları vaksinlərin təsdiqindən sonra onların tətbiqinə başlanıb. Britaniyada AstraZeneca əczaçılıq şirkəti və Oksford universitetinin birgə hazırladığı vaksinin təsdiqindən sonra isə səhiyyə mütəxəssisləri COVID-19 pandemiyasının dünya boyu nəzarətə alınması istiqamətində mühüm addımın atıldığına inandıqlarını bildirib.
ABŞ-da dekabr ayında təcili istifadə üçün təsdiq edilmiş Pfizer-Biontech və Moderna vaksinləri koronavirusun genetik kodundan istifadə edilərək fərqli üsulla hazırlanmış “yeni nəsil” peyvənd qrupuna daxildir. Nyu York ştat Universitetində çalışan tibb elmləri doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis, həkim Xəyalə Balabəyova bu vaksinlərin “onların yaradılması üçün virusun özünün lazım olmadığı unikal vaksin” olduğunu qeyd edib.
Pfizer-Biontech və Moderna vaksinlərindən fərqli olaraq, Britaniyanın səhiyyə rəsmiləri tərəfindən təsdiqlənmiş AstraZeneca vaksini “virus vektoru”ndan-virusun genetek modifikasiya edilmiş kodundan istifadə edilməklə hazırlanıb. Xəyalə Balabəyova bu vaksinlərlə yanaşı, Rusiyanın Sputnik-5 və Çində hazırlanan peyvəndlərin də “virusdan istifadə edilməklə köhnə yolla hazırlanmış” vaksinlər olduğunu deyib.
“57 ölkə vaksin yaradır və onlardan yalnız 14 vaksin aktiv üçüncü fazadadır. AstraZeneca, Johnson&Johnson və Rusiyanın Sputnik-5 vaksinləri bir-birinə çox oxşayır. Onlar da yeni vaksinlərdir, yəni ideya yeni deyil, biz əvvəllər onu işlətmişik, ancaq onlar da yeni vaksinlərdir. Niyə yenidir? Çünki biz başqa bir virusu, adı `adenovirus`dur, onu işlədirik ki, koronavirus hissəsini insanlara verək. Yəni AstraZeneca, Johnson&Johnson və Sputnik-5 çox yaxındırlar bir-birinə...Çində iki vaksin var. Onların adı Sinopharm və Sinovac-dır. Onları indi Çində işlədirlər, insanlar onları alır. Bunlar indi başqa ölkələrdə üçüncü fazadadır, Cənubi Amerikada və Türkiyədə üçüncü fazadadır. Onlar köhnə üsulla yaradılmış vaksinlərdir.”
Xəyalə Balabəyova AstraZeneca vaksininin Britaniyada təsdiqindən sonra onunla yanaşı Johnson&Johnson şirkətinin hazırladığı vaksinin ABŞ-da yanvar ayında təsdiq ediləcəyini gözlədiyini deyib. Birləşmiş Ştatlarda hazırda vaksinlər ilk növbədə tibb işçiləri və qocalar evlərinin sakinlərinə tətbiq edilir. O özünün də peyvənd olduğunu qeyd edib.
“Mən bir həftə bundan qabaq Pfizer vaksinini almışam, çünki mən vaksini alanda hələ Moderna təsdiq olunmamışdı. Özümü çox yaxşı hiss edirəm. Pfizer-i iki dozada almalıyıq, iki-üç həftədən sonra yenə ikinci dozasını almalıyam.”
Xəyalə Balabəyova sonrakı mərhələdə vaksinasiya proqramına əsasən, peyvəndlərin yaşı 65-dən yuxarı şəxslər arasında paylanacağını və yanvarın sonuna qədər 10 milyona qədər insanın peyvənd olunmasının gözlənildiyini bildirib. O qeyd edib ki, yaz aylarında məktəblərdə tədrisin başlanması üçün qarşıdan gələn həftələrdə müəllimlərin də vaksinasiya edilməsi gözlənilir. Vaksin sınaqları uşaqlar arasında keçirilmədiyi üçün 16 yaşdan aşağı uşaqların peyvənd olunması hələlik planlaşdırılmır.
Mütəxəssis həkim insanlar arasında vaksinlərə inamsızlıq haqda da danışıb. Onun bildirdiyinə görə, vərəm, çiçək, poliemelit və digər yoluxucu xəstəliklərin geniş yayılmasının qarşısı vaksinasiya proqramları sayəsində alınıb. O, yoluxucu xəstəliklərin qarşısının alınması və immunitetin yaranması üçün uşaq yaşlarından başlayaraq insanların vaksinasiya olunduğunu qeyd edib.
“Uşaq anadan olan kimi birinci gündən vaksin alır. Çünki biz istəmirik ki, uşaqlar və böyük insanlar da xəstə olsunlar. Siz yəqin uşaq iflici, vərəm kimi xəstəliklər haqda eşitmisiniz. İndi biz belə xəstəliklər haqda çox nadir hallarda eşidirik vaksinasiyaya görə. İndi ABŞ-da biz vərəmə qarşı vaksinasiya etmirik.”
Xəyalə Balabəyova hələlik vaksinlərin tətbiq edilməsinin ilkin mərhələdə olduğunu və əhalinin geniş kütlələri vaksinasiya olunana qədər maska taxmaq, məsafə saxlamaq və əlləri yumaq kimi qaydalara riayət etməyin vacib olduğunu xatırladıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.