“DƏRİN DÖVLƏT”İN DAĞILAN ÜÇBUCAĞI:Ayətullah Misbah Yəzdinin ölümü ilə İran siyasətində şeyxlik dövrü bitdi?

3-01-2021, 10:17   

Əziz Rzazadə
“Strateq”, 02.01.2021
 
Misbah Yəzdi kimi tanınan Ayətullah Məhəmməd Tağı Giveçi Yəzdi uzun müddət mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkdikdən sonra 86 yaşında vəfat edib.
Ondan əvvəl “Yəzdi” kimi tanınan başqa bir nüfuzlu ruhani vəfat etmişdi – Məhəmməd Yəzdi. İran mövzusunda naşı olan və əcnəbi adların düzgün yazılışında, adətən, səhvlərə yol verən Azərbaycan KİV-ləri Məhəmməd Yəzdini Misbah Yəzdi ilə qarışdırmışdı.
Bu, necə deyərlər, sözgəlişi.
Yanvarın 1-də vəfat edən Ayətullahül-üzma Misbah Yəzdi barmaqla sayılan bir neçə ali dərəcəli ruhanilərdən biri idi. Doğrudur, İranda, bəlkə də, onun qədər şəxsiyyəti barədə şübhəyə düşüləsi ikinci bir müctəhid də tapmazdın. Adı daim hansısa doğru, ya da saxta ittihama bələnmişdi.
Kaş Misbah Yəzdinin həyatına dair cizgi filmi ortaya çıxdıqda, İrandakı mərəkəni görəydiniz! Sosial şəbəkənin farsdilli kontentində lağlağı baş alıb gedirdi.
Amma Misbah Yəzdinin üzünə atılan ən böyük çamur İslam inqilabına ən son qoşulması ilə hərəkata münasibətdə qeyri-səmimilikdə günahlandırılması idi. Haşimi Rəfsəncani onu açıq şəkildə hədəfə almışdı: “İmamın (Ayətullah Xomeyninin – Ə.R.) bəzi düşmənləri dost donuna girərək dövlətin həssas mərkəzlərinə sızıblar”.
Ayətullah, şübhəsiz ki, İran siyasətində möhtəşəm şəxslərdən biri, “dərin dövlət” yarlıqlı siyasi fikir adamı, cild-cild əsərin müəllifi idi. O, İranda ali lideri seçən Ekspertlər Şurasının üzvü və İmam Xomeyni İnstitutunun rəhbəri, Kanada və ABŞ-da olmuş nadir din xadimi və fəlsəfə sahəsində ixtisaslaşmış bir şəxs kimi okeanın o tayında, dəvətlə ABŞ universitetində mühazirə oxuması ilə də tanınırdı, buna görə də, zarafatla “Təqi Amrikayi” (“Amerikalı Tağı”) ləqəbi almışdı.
Ancaq bu, onun həyatı boyu yeganə damğası deyildi. 6 il əvvəl Misbah Yəzdi və Haşimi Rəfsəncani arasındakı davamlı mübahisələrin ortasında, Haşiminin veb-saytı rəqib düşərgənin rəhbərinə çəkdiyi karikatura ilə “Timsah Yəzdi” ləqəbi vermişdi. Halbuki Seyyid Əli Xamnəi Misbah Yəzdini “Zamanın Mütəhhərisi” adlandırmışdı. Amma bu da birdən-birə baş verməyib.
Müxaliflərinin indi də qeyd etdiyi kimi, o, həmişə Nəvvab Səfəvinin barışmaz xəttini izləyirdi. Bir sıra qətllərə görə şah dövründə edam olunmuş gənc ruhani Səfəvinin yolu Misbah Yəzdi tərəfdarlarının da rəhbər tutduğu yön idi. Buna görə də, İranda baş verən bir sıra siyasi qətllərdə din xadiminin adı hallanırdı. Çünki təxminən 20 il əvvəl Qumdakı çıxışlarının birində Misbah Yəzdi deyib ki, “əgər bir insan yaxşılığı əmr etmə və pisliyi qadağan etməyə (“əmr be mə`ruf və nəhy əz munkər”) dair əvvəlki öhdəliyini pozaraq, üçüncü mərhələdə də fəsad törətməyə davam edərsə, o, öldürülə bilər”.
Misbah Yəzdi Qumdakı “Həqqani” mədrəsəsinin yetirməsi və müdərrisi idi. Bu mədrəsə bəzən, əsasən, rejim əleyhdarlarının şərhində, Pakistandakı “Darül-ülum Həqqani”, yaxud “Cihad Universiteti”nə bənzədilir, yəni “Taliban”ın yetişdiyi mədrəsəyə. Hər ikisi sərt yanaşmaların təbliği ilə tanınır və bir çox hallarda bu, nüfuzlu din xadimləri ilə Misbah Yəzdi arasında ixtilafların səbəbi olub. Hətta İslam inqilabından əvvəl. Məsələn, 1975-ci ilə qədər “Həqqani” məktəbindəki moizəsində Əli Şəriətinin “fiziki şəkildə uzaqlaşdırılması” çağırış etdikdən sonra Misbah Yəzdinin Ayətullah Beheşti ilə mübahisəsi yaranıb.
“Həqqani”dən sonra Misbah Yəzdi “Rah-e Həqq” (“Həqiqət Yolu”) İnstitutuna keçib. Hər iki müəssisədə onun tələbəsi olmuş xeyli şəxs hazırda İslam Respublikasının müxtəlif qurumlarında təmsil olunurlar. O cümlədən hazırda məhkəmə hakimiyyətinə rəhbərlik edən, prezidentliyə keşmiş namizəd İbrahim Rəisi və Rəisi kimi, ali liderliyə mümkün namizəd olan axund Mir Baqeri.
İslam Respublikasının banisi Xomeyni və ətrafı Misbah Yəzdi barədə həmişə bədbin mövqedə olub və o, sapqın höccətiyyə cərəyanının lideri sayılıb. Bununla belə, məhz o, Baqirül-ülum Mədəniyyət Vəqfi və İmam Xomeyni Araşdırma İnstitutuna rəhbərlik edib. Yəni Xomeyni irsinin təbliği Misbah Yəzdiyə tapşırılıb. Həm də geniş xarici dini tədris-təhsil şəbəkəsi (Ötən illərin birində dərin sosial-iqtisadi böhran keçirən İranda dövlət büdcəsindən həmin müəssisəyə 200 min $ vəsait ayrılanda islahatçı cinah “timsah” sözünü yenə yada salıb).
Son illərə qədər Ayətullah Xamnəi və Ayətullah Misbah Yəzdi arasında münasibətlərin hamar olduğunu demək çətindir. Hətta Haşimi Rəfsəncani xatirələrində siyasi mübahisəyə görə onların bir-birilə nə az, nə çox, düz 10 il kəlmə belə kəsmədiyini qeyd edib.
Sözgəlişi, Misbah Yəzdi də ittihamlarla bağlı Haşimi Rəfsəncani qarşısında, necə deyərlər, borclu qalmayıb: “Rəfsəncani münafiqləri (“Mücahidin-e Xəlq” qruplaşması – Ə.R.) dəstəkləməsi unudulmamalıdır. Onlara pul verirdi”.
“Mücahidin-e Xəlq” bu gün qanunsuz sayılsa da, inqilabdan əvvəl şah əleyhdarları arasında mühüm qüvvə olaraq qəbul edilib və Ayətullah Mahmud Taleqani kimi bir çox tanınmış din xadimi bu marksist-maoçu qruplaşma ilə əlaqədə olub.
Yenidən söhbətin əvvəlinəə qayıtsaq, yəni Ayətullah Xamnəi ilə münasibətlərə gəlincə, nə oldusa, necə oldusa, iki fəqihin arası sonradan düzəlib. Misbah Yəzdi İmam Xomeyni Araşdırmalar İnstitutuna rəhbər gətirilib, müəssisə üçün ərazi ayrılıb və o, dövlət büdcəsindən illik “cib xərci” alıb.
Cütlüyün arasında ixtilaf mənbələrindən biri, yəqin ki, Mahmud Əhmədinejad idi. Birinci prezidentliyi dövründə Misbah Yəzdinin ona verdiyi dəstək əsla şəkk doğurmayıb. Amma islahatçı qanadın Əhmədinejadla mərhum din xadiminin əlaqəsinə dair bir çox iddiası ağ yalandır. Misbah Yəzdinin guya “Əhmədinejada itaət Allaha itaətdir” deməsi iddiası əslində, uydurmadır, onun ağzından belə bir söz çıxmayıb.
Digər həqiqət budur ki, Əhmədinejadın qudası, rəqiblərini “hipnoz, tilsim və cindarlıqla kənarlaşdırmaq”da ittihamlanan Rəhim Məşayi administrasiyaya yol tapdıqda, nüfuzlu müctəhid, “xaç atası” prezidentə arxa çevirib, onu yolundan sapmaqda günahlandırıb.
Mustafa Danəndə bu gün “Əsr-e İran”da dərc olunan məqaləsində yazıb: “İrandakı islahatçı və prinsipçi siyasi bölgüdən sonra ölkənin mühafizəkar sağ qanadı, adətən, Qum və Tehrandakı tanınmış din xadimləri ilə tanınıb. Bu din xadimlərinin başında prinsipçilərə liderlik edən 3 ayətullah var idi: Ayətullah Məhdəvi Kəni, Ayətullah Məhəmməd Yəzdi və Ayətullah Misbah Yəzdi. İranın sağ qanadının namizəd siyahısını bu 3 şəxs təsdiqləyirdi… Ayətullah Misbah Yəzdinin ölümü ilə həmin üçbucaq rəsmi olaraq dağılıb və görünür, hər 3 ayətullahın ölümü ölkənin siyasi mühitində şeyxlik və ya ağsaqqallıq dövrünün sonuna çatdığına dair bir mesajdır və artıq İranın sağ qanadında ortaq liderin ortaya çıxacağını gözləməyə dəyməz”.
Bəlkə də, həqiqətən, “zaman” və ya “əcəl” adlı timsah inqilabın yaşlaşmış övladlarını bir-bir udaraq, yeni siyasi nəslin ortaya çıxmasına yol açır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.