Rusiya hökümətinin Baş nazirinin müavini Aleksey Overçuk Yerevanda Paşinyanla görüşüb, Ermənistan-Azərbaycan sərhədində yerləşən Şurnux kəndinin bir hissəsi Azərbaycana qaytarılıb, Rusiya hərbçiləri Qarabağda 400 hektarı minalardan təmizləyiblər, Yerevandan Qarabağa "ümumilikdə 47,1 mindən çox qaçqın" qayıdıb, "Türk Hava Yolları" şirkətinin təyyarəsi İstanbulda təcili eniş edib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Mişustinin müavini Paşinyanla görüşüb
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bazar günü Yerevanda Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşüb, TASS xəbər verir.
Görüşdə Rusiya ilə Ermənistan arasında ikitərəfli iqtisadi əlaqələr və Qarabağda erməni əhalisinin yaşadığı ərazilərdə vəziyyət müzakirə olunub.
Overçuk Rusiyanın Baş naziri Mixail Mişustinin salamlarını Paşinyana çatdırıb.
Paşinyan və Overçuk Qarabağdakı mövcud vəziyyəti, humanitar yardım, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsini, habelə Ermənistan-Rusiya münasibətlərinin gündəliyində duran məsələləri müzakirə ediblər.
Ermənistanla sərhədin Qubadlı rayonuna aid sahəsində yerləşən Şurnux kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə qaytarılıb.
Ermənistan mediasının bildirdiyinə görə, tarixi Zəngəzur rayonunda delimitasiya işlərinin aparıldığı Şurnux kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib.
Bu məlumatı erməni sosial şəbəkələrində yerli kənd nümayəndələri də təsdiqləyir.
Şurnux kənd icmasının nümayəndəsi Hakob Arşakyan Ermənistanın News.am portalına bildirib ki, kənddəki 12 evin ərazisini əhatə edən sahə Azərbaycanın nəzarətinə keçib və sakinlər yanvarın 5-dək həmin evləri tərk etməlidirlər.
"Ərazini azad etmək üçün bizə yanvarın 5-dək vaxt verilib," - Arşakyan deyib.
Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyindən bu məsələ ilə bağlı bu gün şərh almaq mümkün olmayıb.
Rusiya sülhməramlıları Dağlıq Qarabağda 400 hektardan çox ərazidə 16 mindən çox partlayıcı əşya aşkar edərək zərərsizləşdiriblər, Rusiya Müdafiə Nazirliyi bu gün bildirib.
"Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 400 hektardan çox ərazini, təxminən 151 kilometr yolu, 617 binanı minalardan təmizləyib. 16 mindən çox partlayıcı əşya aşkar edilərək zərərsizləşdirilib," - Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Nazirliyin məlumatında eləcə də qeyd olunub ki, pisləşmiş hava və dağlıq ərazi şəraitində minalardan təmizlənmə işlərinin yüksək tempini saxlamaq üçün rusiyalı hərbi mütəxəssislər müasir çoxfunksiyalı "Uran-6" robot kompleksindən istifadə edirlər.
Rusiya Müdafiə Nazirliyi şənbə günü Ermənistandan Qarabağa 130-dan çox qaçqının qayıtdığını bildirib.
"Rusiya sülhməramlıları Ermənistan ərazisindən Dağlıq Qarabağa qayıdan daha bir qaçqın qrupunu müşayiət ediblər," - Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilib.
Məlumata əsasən, şənbə günü Yerevandan Xankəndi şəhərinə "avtobusla 130-dan çox qaçqın çatdırılıb."
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, hərbi əməliyyatlar başa çatandan sonra Qarabağın erməni əhalisinin yaşadığı əraziyə "ümumilikdə 47,1 mindən çox qaçqın" qayıdıb.
"Türk Hava Yolları" aviaşirkətinə məxsus B777-F tipli yük təyyarəsi İstanbulun "Atatürk" hava limanından havaya qalxdıqdan qısa zaman sonra təcili eniş etmək üçün geri dönməli olub.
Təyyarənin enmə səbəbi quş sürüsü ilə qarşılaşması olub.
Hadisə nticəsində təyarənin gövdəsində nasazlıq yaranıb.
"Türk Hava Yolları" şirkəti TK6220 saylı karqo təyyarəsinin İstanbuldan Qazaxıstanın Almatı şəhərinə uçmaq üçün havaya qalxdığınə bildirib.