Xəbər verdiyimiz kimi, yanvarın 4-də Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiyməti artırılıb. Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Yeni tariflərbu gündən tətbiq edilir.
Bəs benzinin bahalaşması dövlətin və vətəndaşların büdcəsinə, sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə, kənd təsərrüfatı və digər sahələrə necə təsir göstərəcək?Musavat.com olaraq benzinin bahalaşmasından gözlənən nəticələrə dair hökumətə yaxın ekspertlərin hazırladıqları təxminləri təqdim edirik:- Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Misal üçün, bir avtomobil çəninin orta benzin tutumu 50 litr götürülərsə, avtomobil sahibi bir çənin tam doldurulması üçün əlavə 5 manat, dizellə işləyən avtomobil sahibi isə əlavə olaraq 10 manat ödəyəcək.
- Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq.
- Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək.
- Tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitdən büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da sərf oluna bilər.
- Tarif artımı çox deyil və vətəndaşların ailə büdcəsinə ciddi bir təsir etməyəcək.- Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödənəcək.
- Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.
- Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq.
- Qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək.
- Alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığı müstəvisində imkanlar yaradılacaq.
- Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.
Musavat.com