Ermənistanda hərbi qulluqçuların valideynləri Vazgen Sarkisyan adına Hərbi Universitetin qarşısında aksiya keçiriblər.
AzadlıqRadiosunun Erməni xidməti –
Azatutyuna danışan bir valideyn deyib ki, onlarda olan informasiyaya görə övladlarını hərbi xidmət üçün Qarabağa aparacaqlar.
Valideynin sözlərinə görə onlar övladlarının təhlükəsizliyinə qarantiya tələb edirlər:
“Razılaşmaya görə Ermənistan qoşunlarını Qarabağdan çıxarmalıdır, amma uşaqları yenə Qarabağa aparırlar. Bir tərəfdən deyirlər ki, qoşunları çıxarmaq lazımdır, amma bizim uşaqlarımızı yenə aparırlar. Zabit heyətindən heç kəs yoxdur, uşaqlar avtobuslarda təkbaşınadırlar. Bu uşaqlar 40 gün ölümlə üzləşiblər, dostlarının həlak olmasını görüblər”.Başqa bir aksiya iştirakçısı isə deyib:
“Biz oğlanlarımızın orduya getməsinin əleyhinə deyilik. Amma biz bilməliyik ki, onlar hara və hansı şəraitdə gedirlər.Bizim əsgərimizin qayıdacağına və hətta Qarabağa çatıb-çatmayacağına qarantiyamız yoxdur”.