İran işğaldan azad olunmuş Qarabağ ərazilərinin bərpasında iştirak etmək istəyini bir daha bəyan edib.
Şərqi Azərbaycan ostanı valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri Qarabağda yenidənqurma işlərində İranın iştirak etməsi üçün Xudafərin gömrüyünün açılmalı olduğunu deyib.O, qeyd edib ki, Xudafərin körpüsünün təmiri Azərbaycan və İran dövlətləri üçün əsas hədəflərdən biri olmalıdır. Vali müavininin fikrincə bu Şərqi Azərbaycanla Qarabağın azad edilmiş bölgələri arasında gediş-gəlişin çoxalması üçün prioritet layihə olmalıdır.
Əli Cahangiri açıqlamasında Xudafərin gömrüyünün açılışından sonra bölgə ölkələri, o cümlədən Türkiyənin öz mallarını ixrac etməkdə istifadəsi üçün sərfəli variant olacağını, bunun Türkiyə, İran və Azərbaycanın mənafelərinə xidmət edəcəyini söyləyib.
“İran üçün Ermənistan çox önəmlidir”Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında deyib ki, İran islam rejiminin Qarabağın bərpa və quruculuq işlərində iştirakına qətiyyən yol vermək olmaz:“Çünki bu Azərbaycan üçün ancaq problem yaradacaq. Necə ki, 30 il bundan əvvəl İran Azərbaycana yardım adı altında özünə dayaq mərkəzləri yaratdı, “islam dinini öyrətmək” adı ilə məscidlərə doluşub insanlarımızın şüurlarını zəhərlədilər. Digər tərəfdən, İranın bu işlərdə olması faktiki olaraq Ermənistanın işinə yarayacaq. İran üçün Ermənistan çox önəmlidir. Molla rejimi Ermənistanı Azərbaycana qarşı güclü görmək istəyir ki, iki Azərbaycan birləşə bilməsin. Ona görə də, əgər İran Qarabağda peyda olarsa, bu ancaq Ermənistanın və rəsmi Tehranın işinə yarayacaq. Buna isə qətiyyən yol verilməməlidir”.
“Onlar yalnız öz maraqlarını güdür”F.Ələkbərli deyib ki, İranın indi Xudafərin üzərindən alternativ yol təklif etməsi də yalnız və yalnız öz maraqlarına görədir: “İran Ermənistanla sərhədlərinin yox olmasından çox narahatdır. Çünki Naxçıvanla Zəngilan arasında dəhlizin açılması İranın Ermənistanla münasibətlərini xeyli dərəcədə zərbə altında qoyacaq. Bu baxımdan birdən birə İran islam rejiminin əl ayağa düşüb alternativ yol təklif etməsi anlaşılandır.Məncə, 44 günlük müharibədən də ən çox özünü zərərli hesab edən də İran oldu. Hətta, bu müharibədə Azərbaycanın qələbə əldə etməməsi üçün sözdə də olsa, daşıdığı “islam dövləti” adını xeyli dərəcədə zərbə altına qoydu. İndi də İran islam rejimi Ermənistanın yenidən dirçəlişinə çalışır. Bu baxımdan Naxçıvan məsələsi ilə bağlı yeni variant irəli sürüblər. Bizcə, Azərbaycan və Türkiyə hökumətləri Naxçıvanla bağlı ən doğru olan qərarı verəcək”.
“Azərbaycanlılar onlara inanmır”BAO yetkilisinin fikrincə, Azərbaycan xalqı İran hökumətinə inanmır və buna haqqı da var: “Azərbaycan cəmiyyətinin molla rejiminə inamsızlığı təbiidir. Çünki 44 günlük Azərbaycan Ermənistan müharibəsində özünü müsəlman dövləti kimi deyil, etnik fars dövləti kimi apardı.Molla rejimi Ermənistana bu və ya digər formada dəstək verdi. İranın bu dəstəyin arxasında da, yalnız Güney Azərbaycan faktoru dayanmır, eyni zamanda Ermənistan və İran dövlətlərinin fars erməni ortaq kimliyi dayanır.
Bir sözlə, hər ikisi özünü Hind-Avropa irqindən hesab edirlər. Belə olduğu təqdirdə də, yalnız Azərbaycan ictimaiyyəti deyil, Türkiyə və digər dünya dövlətləri də İran dövlətinin əslində bir müsəlman dövlətindən çox, fars şovinist dövləti kimi özünü aparmasının şahidi oldu. Bu baxımdan Azərbaycan ictimaiyyəti arasında İrana qarşı inamsızlıq daha da artdı”.“Onlar üçün din qardaşlığı önəmli deyil”F. Ələkbərli deyib ki, 44 günlük müharibə Azərbaycan daxilindəki “İran uzantılarına” da ciddi zərbə oldu: “İran təəssübkeşləri də gördülər ki, son məqamda rəsmi Tehran üçün önəmli olan din qardaşlığı yox, etnik qardaşlıqdlr. Bütün bunlara paralel olaraq, Türkiyəyə münasibətdə isə Azərbaycan ictimaiyyətinin sevgisi və etimadı daha da artdı . Çünki 44 günlük Azərbaycan Ermənistan müharibəsi dövründə Türkiyə bütün sahələrdə bizə dəstək verdi və bunu davam etdirir.
Əslində bu gün Azərbaycanı təhdid edən Rusiya və İran qarşısında da Azərbaycanın əsas müttəfiqi Türkiyədir. Bizcə, artıq Türkiyə Azərbaycan müttəfiqliyi daha da gücləndirəcək. Bununla da, Türkiyə-Azərbaycan və Mərkəzi Asiyanın türk dövlətləri arasında ciddi bir hərbi ittifaqa doğru yol almaq zamanıdır. Hətta, bu birliyə Pakistan da qoşula bilər”.Aydın
Cebhe.info