Moskva görüşü: Azərbaycan nə qazandı, nə itirdi?

12-01-2021, 10:04   

 “Yeni bəyanatdan görünür ki, Rusiya bu mərhələdə bütün diqqətini 10 noyabr 2020-ci il Bəyanatının 9-cu maddəsinin icrasına yönəldib”. ANAXEBER. info xəbər verir ki, bu barədə siyası şərhçi Şahin Cəfərli yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazir arasında keçirilən üçtərəfli görüşə münasibət bildirərkən deyib. Şahin Cəfərli xatırladıb ki, 10 noyabr 2020-ci il Bəyanatının 9-cu maddəsində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin, o cümlədən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpası nəzərdə tutulur: “Şübhəsiz ki, bu, bizim üçün önəmli məsələdir. Bakıda öz avtomobilinə əyləşən vətəndaşlarımız Naxçıvana və əks istiqamətdə rahat gedib-gələ biləcək, İran vasitəsilə Naxçıvana daşınan yüklər daha qısa marşrutla - şose və dəmir yolu ilə Ermənistan ərazisindən göndəriləcək, Rusiyanın nəzarətində də olsa, Türkiyə ilə aramızda quru əlaqəsi və qarşılıqlı ticarət baxımından Gürcüstan yoluna nisbətən bir az qısa məsafəli marşrut yaranacaq və s...”. O əlavə edib ki,  bununla belə hazırkı mərhələdə Azərbaycanı narahat edən daha ciddi problemlər var: “Bu problemləri belə sıralamaq olar: - Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində Azərbaycanın dövlət suverenliyinin  bərpası;  - Həmin əraziyə azərbaycanlı köçkünlərin qayıtması;   - Dağlıq Qarabadakı erməni silahlı dəstələrinin taleyi; - Dağlıq Qarabağdakı oyuncaq rejimin və onun başçılarının taleyi; - Rusiya sülhməramlılarının fəaliyyət sferası və mandatı ilə bağlı suallar; - Ağdərə-Kəlbəcər yolunun açılması... Belə görünür ki, bu məsələlər hələ ki müzakirə mövzusu deyil. Ola bilər ki, bu məqamlar sülh müqaviləsinin çözəcəyi problemlər olduğundan, onların müzakirəsi ATƏT-in Minsk Qrupu çərçivəsində aparılsın”.
ANAXEBER. info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.