Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı: Nə baş verir? (VİDEO)

19-01-2021, 12:55   




Azərbaycan Respublikasının işğaldan azad(!) olunmuş Kəlbəcər rayonunun işğal zamanı "Drmbon" adlandırılmış  Heyvalı kəndindəki ermənilər yolu bağlayaraq Azərbaycanın yük maşınlarından ibarət kolonunun qarşısını kəsməklə etiraz aksiyası keçiriblər.
Anaxeber.info moderator.az-a istinadən xəbər verir ki, bu haqda erməni nəşrləri məlumat yayıb.  Hazırda Rusiya sülhməramlıları kontingentinin nəzarətində qalan Heyvalı kəndinə rus hərbçiləri yeridilib. Ermənilər aksiyalarının heç bir münaqişə yaratmaq məqsədi daşımadığını bildirərək sülhməramlılardan tələb ediblər ki, azərbaycanlılar istifadə etdiyi kimi, onların da Kəlbəcərdən Ermənistana keçən yolla  "Vardenis”ə(Basarkeçər) getməyinə şərait yaradılsın.  Onların sözlərinə görə, Laçın dəhlizi ilə Basarkeçərə qohumlarını yoxlamağa getmək üçün 500 km yol  qət etməlidirlər, halbuki, Kəlbəcərdən cəmi 60 km getməklə həmin əraziyə çata bilərlər. 
Ermənilər rus sülhməramlılarına şikayət edib ki, guya azərbaycanlı hərbçilər yoldan keçəndə onlara qarşı alçaldıcı jestlər edərək onların əsəbləri ilə oynayırlar. Etirazçılar sülhməramlılardan bu cür hərəkətlərə nəzarət etməyi xahiş ediblər. 
Ermənilərin yolu kəsərək asayişi pozmalarına heç bir etiraz ifadə etməyən və danışığında "Artsax" ifadəsi işlədən rus general ərazidə heç bir təxribata yol verməyəcəklərini bildirərək ermənilərə izah edib ki, Heyvalıdan keçən azərbaycanlı hərbçilər yox, tikinti şirkəti əməkdaşlarıdır. "Onlar artıq  belə hərəkətlər etməmək haqda xəbərdar olunub. Onlara buradan keçəndə telefon işlətməyi də qadağan etmişəm..." -deyə Rusiya generalı əlavə edib. O, ermənilərə gec-tez sovet dövründə olduğu kimi, azərbaycanlılarla dinc yanaşı yaşayacaqlarını izah edərək "Yaşasın Sovet İttifaqı!" söyləyib...
Yolun açılmasına gəlincə isə, general bunun onun səlahiyyətləri çərçivəsində olmadığını bildirib. Amma məsələni mütləq yuxarı qurumlara çatdıracağına söz verib. Azərbaycan torpağında 30 ilə yaxın qanunsuz məskunlaşmış ermənilər isə problemin həll olunmayacağı təqdirdə bu cür aksiyaları təkrar keçirəcəklərini bəyan ediblər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.