Rusiya sülhməramlılarının mandatı - Bakı və Ankara Laçın dəhlizinə tam nəzarət istəyir!

20-01-2021, 09:11   



Rəsmi Bakı və rəsmi Ankara sülhməramlı missiyanın təmsilçilərinə qırmızı xətti keçməməklə bağlı xəbərdarlıq edib

Rusiyanın sülhməramlı kontingentinin Qarabağda olmasından sui-istifadə edən ermənilər yenidən baş qaldırmağa cəhd göstərirlər. 44 günlük müharibədə, dövlət başçısının dediyi kimi, siçan kimi gizlənməyə yer axtaran separatçılar keçənlərdən dərs almadıqlarını nümayiş etdirməkdədirlər.
Belə ki, yanvarın 18-də Azərbaycanın Kəlbəcər rayonunun Heyvalı kəndində məskunlaşmış bir qrup erməni yolu bağlayaraq Azərbaycanın yük maşınlarından ibarət kolonunun qarşısını kəsməklə etiraz aksiyası (!) keçirib. Ermənilərin azğın davranışlarına sərt reaksiya verib, onları yerində oturtmaq əvəzinə, sülhməramlıların onlarla uzun-uzadı mükaliməsi olub. Hətta bəzi məqamlarda sülhməramlı zabit Qarabağ əvəzinə, “artsax” ifadəsindən istifadə etməklə heysiyyətimizə toxunub. Ermənilər iddia ediblər ki, azərbaycanlılar bu yoldan sərbəst istifadə etdiyi kimi, onların da Kəlbəcərdən Ermənistana keçən yolla Vardenisə (Basarkeçər) getməyinə şərait yaradılmalıdır. “Gəmidə oturub, gəmiçi ilə dava edən” ermənilər daha sonra deyiblər ki, Laçın dəhlizi ilə Basarkeçərə qohumlarını yoxlamağa getmək üçün 500 km yol qət etməlidirlər. Ancaq Kəlbəcərdən cəmi 60 km getməklə həmin əraziyə çata bilərlər. Düzdür, rus sülhməramlı sakit şəkildə məsələni həll etməyə çalışıb və erməniləri başa salmaq istəyib ki, onlar gec-tez azərbaycanlılarla birgə, dinc şəraitdə yaşamalı olacaqlar. Ancaq ümumilikdə ermənilərin bu davranışları onlar üçün xilaskar rolunu oynayan rus sülhməramlıların mövcudluğunun məntiqi nəticəsidir. Belə ki, ermənilər hesab edirlər ki, sovet ordusunun Qarabağdakı hissələrinin fəaliyyətsizliyindən sui-istifadə etdikləri kimi, Rusiya sülhməramlılarının mövcudluğu da onların revanşı üçün əsas amil ola bilər. Bu mənada sülhməramlıların komandanının Qarabağın baş terrorçusu Araik Arutyunyanla isti görüşmələri, əski parçasının “bayraq” adı ilə binaların üstündən asılması və sair amillər ermənilərə stimul verir. Əks təqdirdə, Kəlbəcərdən köçərkən təkcə evləri deyil, arı pətəklərini belə yandıran ermənilər 13 noyabrdan etibarən Qarabağa qayıtdıqdan sonra Azərbaycana qarşı “şərt” irəli sürməyə cəsarət etməzdilər.
Bu yerdə xatırladaq ki, Rusiya sülhməramlılarının bəzi hallarda qırmızı xətti keçməsi Azərbaycan dövlətinin də diqqətindən yayınmayıb və lazımi xəbərdarlıqlar edilib. Yanvarın ilk həftəsində Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinə münasibət bildirərkən demişdi ki, sülhməramlı qüvvələrin orada funksiyası var və noyabrın 10-da bu funksiya təsbit edilib. Sitat: “Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik”. Ölkəmizin rəhbəri bununla Moskvaya diplomatik şəkildə mesaj verib ki, hərbçilərin davranışlarına və fəaliyyətinə diqqət etsin.
Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunması ilə bağlı paylaşım edib
Qarabağın azadlığına aparan proseslərdə Azərbaycanın daim yanında olmuş qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirməsi də Bakı ilə Ankaranın birgə fəaliyyətinin məntiqi nəticəsidir. M.Çavuşoğlu bugünlərdə  qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik". Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib: “Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”. Kifayət qədər ciddi və vacib xəbərdarlıqdır.
Bunun ardınca Kremldən reaksiyanın gələcəyi gözlənilən idi. Rusiya xarici işlər naziri Sergey Lavrov da 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatı məsələsi həll olunur. Onun sözlərinə görə, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli razılaşmasının predmeti olmalıdır. “Bu barədə 11 yanvar Moskva görüşündə də qeyd olunub. Bildirim ki, nə 9 noyabr üçtərəfli bəyanatında, nə də 11 yanvar razılaşmasında heç bir gizli bənd yoxdur”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Məlumatlara görə, həm Bakı, həm Ankara Laçın dəhlizində Azərbaycan post-patrul (hərbi polis) olmasının vacibliyini vurğulayır. Lavrovun da açıqlamasından göründüyü kimi, indi əsas müzakirə mövzusu sülhməramlıların statusudur. Hesab olunur ki, sülhməramlıların statusunun müəyyənləşdirilməsi Qarabağa ilk növbədə qanunsuz səfərlərə, silahlıların Qarabağa sızmasına son qoyacaq. Ümumilikdə Azərbaycanın Laçın dəhlizinə nəzarəti tam ələ almaq ehtimalı böyükdür, bunu dövlət başçımızın qətiyyətli mövqeyi, elə Şuşa qalasından səsləndirdiyi son xəbərdarlıqlar da təsdiqləyir.
Elçin Mirzəbəyli: Azərbaycan Prezidenti növbəti dəfə Paşinyanı siyasi  arenada darmadağın etdi
Elçin Mirzəbəyli: “”Laçın dəhlizi" adlanan ərazinin Ermənistanın dövlət sərhədi ilə kəsişdiyi nöqtədə sərhəd buraxılış və gömrük məntəqələri yaradılmalıdır..."
BAXCP-nin sədr müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan ərazilərinə gediş-gəlişlə bağlı dövlətimizin imperativ mövqeyini ifadə edib: “Mövlud Çavuşoğlunun beynəlxalq hüquq normalarına və Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarının tam təmin edilməsinə istinadən səsləndirdiyi fikirlər də sübuta yetirir ki, Ankara ilə Bakının baxış bucağı eynidir. Hazırda Rusiya sülhməramlılarının müşahidəsi altında olan ərazilər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir və bu ərazilərdə hansı ölkənin sülhməramlılarının atəşkəs rejimini təmin etməsindən asılı olmayaraq, bu ərazilərə gediş-gəliş Azərbaycan qanunları, o cümlədən ”Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunla tənzimlənir. Sözügedən qanunda qeyd olunur ki, “Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur”. “Suverenliyin ərazi hududları” anlayışı o deməkdir ki, Azərbaycan ərazilərində hər hansı bir ölkənin, yaxud qüvvənin Azərbaycan qanunlarına zidd hərəkətləri Azərbaycan Respublikasının suverenliyinə qarşı törədilən cinayət əməli kimi qəbul olunmalıdır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda Azərbaycan Respublikası dövlət sərhədinin keçilməsi ilə bağlı bütün məqamlar öz əksini tapıb və ərazimizdə olan istənilən ölkənin təmsilçiləri, o cümlədən Rusiya sülhməramlıları qanunun tələblərinə əməl etməyə borcludurlar. Çünki Azərbaycan Respublikasının ərazisində yalnız Azərbaycan qanunları hüquqi qüvvəyə malikdir! “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda imperativ şəkildə qeyd olunur ki, başqa ölkənin vətəndaşları, dəmiryolu və avtomobil nəqliyyatı vasitələri Azərbaycan Respublikasının dövlət sərhədini yalnız dövlət sərhədindən buraxılış məntəqələrindən keçə bilər".
RF XİN: "Rusiya sülhməramlılarının mandatı haqqında məsələ həll olunur"
E.Mirzəbəylinin sözlərinə görə, bu baxımdan da Azərbaycanla Ermənistan sərhədində, indiki halda şərti olaraq “Laçın dəhlizi” adlanan ərazinin Ermənistanın dövlət sərhədi ilə kəsişdiyi nöqtədə sərhəd buraxılış və gömrük məntəqələri yaradılmalı, Ermənistana gedən, Ermənistandan gələn kim və nə varsa, bu məntəqələrdən və müvafiq prosedurlardan keçərək Azərbaycan ərazisinə daxil olmalı, yaxud ölkəmizin ərazisini tərk etməlidir: “Sözügedən qanunda Azərbaycanın dövlət sərhədindən şəxslərin nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın buraxılması üçün sadələşdirilmiş qaydanın tətbiqi də nəzərdə tutulub. Amma bu, dövlətlərarası müqavilələrlə tənzimlənməlidir ki, məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında belə bir müqavilə yoxdur”. Sülhməramlıların statusu məsələsinə gəldikdə isə siyasi analitik qeyd etdi ki, Azərbaycan Respublikasının qanunvericiliyində ölkə ərazisində sülhməramlı missiyanın fəaliyyətini tənzimləyən prinsiplər müəyyənləşməyib: “Lakin hüququn fəlsəfəsindən çıxış etsək, ”Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" Qanunda yer alan norma və ptinsipləri əsas kimi qəbul edə bilərik. Çünki bu norma və pronsiplər BMT Nizamnaməsinə uyğun olaraq müəyyənləşib. BMT Nizamnaməsinin VI fəslinin müddəalarına əsasən münaqişə edən tərəflərin razılığı ilə, beynəlxalq xarakter daşımayan silahlı münaqişə baş verdikdə isə ərazisində münaqişə gedən dövlətin qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aparılan sülhməramlı əməliyyatlardır. İndiki şəraitdə 44 günlük Vətən müharibəsi ilə başa çatan münaqişə Azərbaycan ərazisində baş verdiyi üçün sülhməramlı qüvvələrin bu ərazilərdə mövcudluğu Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilməlidir. Məhz bu baxımdan da Azərbaycan ərazilərində xarici ölkələrin sülhməramlı missiyasının fəaliyyətini tənzimləyən, sülhməramlıların hüquq və vəzifələrini müəyyənləşdirən qanunvericilik aktının qəbul olunmasının vacib olduğu qənaətindəyəm. Rusiya sülhməramlılarının ərazilərimizdəki mövcudluğu da məhz bu qanun və Azərbaycan Respublikasının digər hüquqi-normativ aktlarına uyğun olaraq tənzimlənməlidir. Rusiyanın xarici işlər nazirinin mülahizələri isə subyektiv xarakter daşıyır və bu müıahizələrin nə Azərbaycan qanunvericiliyi, nə də beynəlxalq hüquq normaları ilə yaxından uzağa heç bir əlaqəsi yoxdur".
“Əlbəttə, bizim üçün də bu, vacibdir ki, sülhməramlıların statusunun və məsuliyyətinin nə olduğunu bilək. Biz tələb edirik ki, Laçın dəhlizində Azərbaycan sərhədçiləri dayansın. Lavrov deyir ki, guya kim istəyər, Dağlıq Qarabağa keçər. Amma bu, belə olmamalıdır. Necə yəni kim istəyər, keçər? Bəs Azərbaycanın icazəsi olmasın, yoxlamalar aparılmasın? Bəlkə Qarabağa gələnlər avtomobillərdə silah və sursat daşıyırlar”.
Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”
 Elxan Şahinoğlu
Bu fikirləri isə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qəzetimizə söylədi. Ekspert qeyd etdi ki, həm Azərbaycan, həm də Türkiyə rəsmiləri bölgədəki hərbçilərin statusunun müəyyənləşməsini istəyirlər və bunu davamlı şəkildə dilə gətirirlər: “Aydın olmalıdır ki, sülhməramlı kontingent hansı işlərlə məşğul ola bilər. Məsələn, tikinti işləri apara bilərlərmi? 10 noyabr bəyanatında bununla bağlı maddələr yoxdur. Amma görünür ki, oradakı Rusiya hərbçiləri bu işlərin hamısını görür. Odur ki, rus sülhməramlıları ilə bağlı məsələlər hamısı dəqiqləşməlidir. Bununla bağlı ayrıca danışıqlar getməlidir. Əslində onların səlahiyyətlərini məhdudlaşdırmalıyıq. Onlar hər işlə məşğul olmamalıdır. Üstəlik də Laçın dəhlizində mütləq bizim sərhədçilərimiz olmalıdır”. 
Elşad PAŞASOY,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.