Putinin memarı: “Müştəriləri ələ verə bilmərəm” –NAVALNI RUSİYA PREZİDENTİNİN MÖHTƏŞƏM SARAYINI GÜN İŞIĞINA ÇIXARIB video

20-01-2021, 19:00   


Navalnı komandasının Qara dəniz sahilində Putin üçün 7 min hektarlıq saray barədə araşdırması ilə ortaya yeni bir ad çıxıb – Lanfranko Çirillo. Əslində, “Putin sarayı”nın dizayneri, Rusiya pasportu olan italiyalı memarın karyera sirləri müxtəlif illərdə xarici KİV-lərin araşdırma mövzusu olub.
“O, astronomik kirayə haqqı ilə qəşəng bir məhəllədə işləyir, ancaq divardakı lövhədə adı yoxdur. Onu tapmaq istəyən, bunun üsulunu bilir. “Mən 20 il əvvəl İtaliyadan, Bolonyadakı “Mascagni” mebel şirkətinin nümayəndəsi olaraq bircə çamadanla gəlmişdim, bu gün isə “Forbes” siyahısında olan 116 rus milyarderindən 42-si müştərilərimdir”, – deyə oliqarxların ulduzu qürurla deyir. Putin də möhtəşəm villa tikdirmək qərarı verdikdə, məhz ona üz tutub”.
Strateq.az xəbər verir ki, hələ 2014-cü ildə “La Repubblica” nəşri hazırda 61 yaşı olan memar haqqında araşdırmasını bu cümlələrlə başlamışdı. Qəzet İtaliyanın Treviso şəhərindən olan Lanfranko Çirillonun, vətənindən fərqli olaraq, Putin Rusiyasında tamamilə fərqli şöhrətə sahibi olduğunu qeyd edib.
“Frunzenskaya prospektində, çardaqdakı əlçatmaz studiyasının divarlarında çar Vladimirin iki fotoşəkili var. Otaqda kiçik trenajor qurğusu, bəzi ailə xatirələri, iş masası, görüşlər üçün xüsusi bir masa qoyulub. O, müştərilərinin pulları ilə bağlı araşdırmalara heç vaxt cəlb olunmayıb, həmişə istintaqdan kənarda qalıb, İtaliya və Rusya Milli Federasiyasının yelkənli qayıq idmanı sponsoru və s. kimi tanınıb…”
“Azadlıq Radiosu” rus redaksiyasının 2015-ci ildə yayımladığı araşdırmada da qeyd olunub ki, Lanfranko Çirillo Putin sayəsində Rusiya vətəndaşlığı əldə edib və Rusiya dövlətinin başçısı ilə yaxın tanışlıqdan qürur duyur. “Lanfranko Çirillo indi Moskva Kremlini və Sankt-Peterburqdakı Qış Sarayını inşa etmiş italyan sələfləri kimi, nəhəng yeni bir binanın ona tapşırılması arzusundadır – Dövlət Duması”.


“La Repubblica” hələ 2014-cü ildə yazırdı ki, italiyalı memarın şöhrəti qısa zamanda ağızdan-ağıza keçərək Kremlə də çatıb. Çirillo yalnız pul qazanmaq üçün Rusiyaya gəldiyini və məqsədinə çatdığını söyləyərək fəaliyyətində qəribə bir şey görmür. O, Rusiyada ilk sifarişini – bir şəhərətrafı bağ evi dizaynına görə 1991-ci ildə, Milandan olan dostunun vasitəçiliyi sayəsində alıb. Bu müştəri “Lukoil” prezidenti Vahid Ələkbərovdur. Çirillo Ələkbərovdan başqa onun müavinləri üçün də evlər tikib.
Qara dəniz sahilində “Putinin bağ evini”, Sardiniyada Berluskoni villasının rus oxşarını – “Min Bir Gecə” villasını tikən memar qazandığı 48 milyon dolları Lixteşteyndə, öz “Medea” fondunun hesabına yatırdıb.
Çirillo deyir: “Bu, hansı ölkədə nə etmək lazım olduğunu bilən müştəridir”. Putin? “Bu ad heç vaxt çəkilmir” –deyə Çirillo gülümsəyir. “Hər halda müştərilərimin kim olduğunu demirəm. Rusiyanın ən böyük neft şirkəti olan “Lukoil” prezidenti üçün ev tikdim, ancaq başqa şeyləri sizə deyə bilmərəm. Bir oliqarx arvadının yemək zamanı ərini yumruqladığını görmüşəm, amma adını kimə və necə deyə bilərəm? Müəyyən insanlar üçün işləyirsinizsə, susmağı öyrənirsiniz. 20 min kvadratmetrlik təyyarələr və evlər düzəltmişəm. Həmçinin, xaricdəki böyük neft şirkətləri və prezidentlərin tətil villaları. Mayami və Dubayda, Parisdə, Londonda…“
Çirillo üçün növbəti sifarişlər “Qazprom” konserninin və Vladimir Putinin dostu Gennadi Timçenkonun ortaq olduğu “Novatek” şirkətinin müştərilərindən gəlib.
Memar ümumən 43 rus milyarder üçün evlər dizayn etdiyini iddia edir.
Bəlkə də iş adamı Sergey Kolesnikovdan 2010-cu ildə prezident olan Dmitri Medvedevə Gelencik yaxınlığında nəhəng bir saray inşaatı barədə danışdığı açıq bir məktub olmasaydı, Lanfranko Çirillonun adı aşkarlıq tapmazdı. Kolesnikov əvvəllər tibbi avadanlıqların alınması üçün çoxsaylı dövlət sifarişləri alan “Petromed” şirkətinin ortaq sahibi idi. Şirkət 1990-cı illərin əvvəllərində, Vladimir Putinin rəhbərlik etdiyi dövrdə, Sankt-Peterburq meriyasının Xarici Əlaqələr Komitəsi tərəfindən qurulub.
“Məni “insan üzlü kapitalist” adlandırırlar və bununla fəxr edirəm. Mənşə ölkəmə kömək etməyə çalışıram, İtaliyadan həftədə 5 yük maşını mal idxal edirəm: mərmər, mebel, pərdələr, işıqlandırma… Böyük bir sərvət qazanmışam, amma İtaliyada məni vergi çekləri ilə mükəlləf ediblər… Dəlil varmı?! Pulsuz fəaliyyət göstərmək üçün baytarlıq klinikası açmağa çalışdım və ASL məni blokladı. Breşia ərazisindəki hektarlarla ərazi almaq istədim, 60 fermerə iş vermək üçün, 2 illik bürokratik əngəldən sonra bu fikirdən imtina etdim”.
Onun üçün Rusiya daha yaxşıdır. “Burada yalnız illik yoxlamalar var. İnsanlar cəmi 13% vergi ödəyir. Bu vergidən yayınırsınızsa, axmaqsınız!”
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.