“Azərbaycan ərazisindəki sülhməramlıların mandatının müzakirəsində Ermənistan iştirak etməməlidir”Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinə dair son açıqlamaları həmişəki kimi birmənalı qarşılanmadı. Məlum olduğu kimi, daha çox ermənipərəst mövqeyilə tanınan Lavrov və onun nazirliyi müharibədən əvvəl münaqişəylə bağlı danışıqlar prosesində önəmli subyekt sayılsa da, müharibənin gedişində və ondan sonra ikinci plana keçdi. Və məsələ əsasən dövlət başçıları səviyyəsində müzakirə edildi. Lakin buna baxmayaraq, XİN başçısı hər imkan düşdükdə rəsmi Bakının haqlı mövqeyinin əksinə, bəzənsə hətta Vladimir Putinin mövqeyilə ziddiyyət təşkil edən açıqlamalar verir.“AzPolitika.info” Sergey Lavrovun son açıqlamalarıyla bağlı sabiq Xarici İşlər naziri
Tofiq Zülfüqarovun fikirlərini öyrənib.
- Tofiq müəllim, Rusiya Xarici İşlər naziri Sergey Lavrov son mətbuat konfransında Qarabağ münaqişəsilə bağlı danışarkən deyib ki, “status məsələsi” düşünülmüş şəkildə 10 noyabr sazişinə əlavə edilməyib. Sizcə, bunun açması nədir?- Mən buna o qədər də əhəmiyyət verməyin tərəfdarı deyiləm.
Əvvəla, onun özü “siyasi status” ifadəsini işlətməyib. Digər tərəfdən, belə vəziyyətdə “status” ifadəsini prezident Putin də bir neçə dəfə səsləndirib və bu ifadənin rus dilində bir mənası da “real vəziyyət” deməkdir. Yəni “status” sözü bəzən “real vəziyyət” mənasında da işlədilir. Hesab edirəm ki, indiki vəziyyətdə Sergey Lavrov daha çox balanslaşmış bəyanatlar vermək məcburiyyətindədir. Bu da başadüşüləndir. Rusiya üçün vacibdir ki, hər iki ölkə ilə əlaqələri davam etdirsin. Və həmişəki kimi çox danışıb, az məna verən fikirlər səsləndirməməyə çalışırlar. Bu da diplomatiya dilidir.
Əsas fikir kimi onu deyərdim ki, Lavrov 10 noyabr sazişinə istinad edir və bildirir ki, həmin sənəddə “status məsələsi” qeyd edilməyib.
İkincisi, burada həlledici rəy Azərbaycana məxsusdur. Prezident Əliyev bu yaxınlarda, elə Şuşada olarkən konkret fikir söyləyib - nə status olacaq, nə də başqa bir şey. Bu baxımdan hesab edirəm ki, bizim narahatçılığımız üçün heç bir əsas yoxdur.
Başqa bir mövzuya diqqət ayırmağı daha doğru hesab edirəm. Sanki belə bir bölgü yaranıb: Qərb, xüsusilə Fransa statusun müzakirəsini tələb edir, digər tərəfdən Rusiya-Türkiyə tandemində statusa yanaşma tamam fərqli şəkildə qurulub. Hesab edirəm ki, biz öz işimizi davam etdirməli, belə bəyanatlara istər xeyrimizə olsun, istərsə də olmasın, nisbi yanaşmalıyıq. Çünki həlledici məsələ bizim Ermənistanla dövlət sərhədimizin bərpasıdır. Qalan şeylər ikinci dərəcəli əhəmiyyət kəsb edir.
Lavrovun çıxışı zamanı qeyd etdiyi bir məqamın xüsusi tənqidə ehtiyacı olduğunu düşünürəm. Guya Ermənistan rəsmilərinin Qarabağda kompakt yaşayan ermənilərlə əlaqələri olmalıdır. Lavrov belə düşünür. Bu, kökündən səhv yanaşmadır. Çünki belə əlaqələrin olub-olmaması məsələsini Azərbaycan müəyyən etməlidir. Əgər ora gəlib, hansısa təxribatçı bəyanatlar verirlərsə, bu, nə sülh prosesinə xidmət edir, nə də Azərbaycanın xeyrinə olan əlamətdir. Cənab Prezident bununla bağlı bəyanat verib. Mənim fikrimcə, Lavrovun çıxışında narahatlıq doğuran məqam budur.
Ümumiyyətlə, Lavrovun bəyanatında bəzi məqamları təhlükəli sayıram və onların üzərinə getmək lazımdır. Sadəcə, “status məsələsi” aktual deyil və bizim də mövqeyimiz bu məsələdə konkretdir. Nəhayət, indi əsas mövzu “status məsələsi” yox, Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılmasıdır.
- Ancaq Lavrov bu haqda danışmayıb...- Hesab edirəm ki, sərbəst gediş-gəliş orada kompakt yaşayan ermənilərə aiddir, Ermənistan dövlət rəsmilərinin və ya hərbçilərin bu imkandan istifadə etməsi qəbuledilməzdir. Laçın dəhlizində bununla bağlı məsələ həll edilməli, bu ərazi birbaşa Azərbaycanın nəzarəti altında olmalıdır. Başqa cür mümkün deyil. Sadə camaatın gediş-gəlişi mümkündür. Amma Ermənistan vətəndaşları, eləcə də digər ölkə vətəndaşları oradan keçəcəklərsə, görəcəkləri ilk sima Azərbaycan sərhədçisi olmalıdır.
- Rusiya Xarici İşlər naziri həm də Dağlıq Qarabağdakı sülhməramlıların mandatından danışıb. Bildirib ki, bu məsələ Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşmanın predmeti olmalıdır. Ancaq sülhməramlıların yerləşdiyi ərazi Azərbaycana məxsus olduğu halda, niyə Ermənistanla da danışıqlar aparılmalıdır?- Məncə, burada söhbət davranış qaydalarından gedir. İndi vəziyyətdən irəli gələn elə bir mənzərə yaranıb ki, rus əsgərləri həm də Azərbaycan-Ermənistan sərhədində mövcuddurlar. Daha doğrusu, müharibə vaxtı biz gördük ki, Ermənistanın Azərbaycanla sərhədlərində rus hərbçiləri dayanıb. O zaman sülhməramlı məsələsi yox idi. Üstəlik, Zəngilan və Qubadlıda delimitasiya zamanı biz gördük ki, sülhməramlılar da hansısa formada bu prosesdə iştirak edirlər. Əlbəttə, Ermənistan sərhədlərində duran rus əsgərlərinin mandatı ilə bağlı danışıqlarda İrəvan rəsmiləri iştirak edə bilər və bu, təbii olardı. Ancaq Azərbaycan ərazisində olan rus sülhməramlıların mandatı ilə bağlı məsələdə Ermənistan iştirak etməməlidir. Bu prosesin iştirakçısı Azərbaycan, Türkiyə və Rusiya olmalıdır. Burada Ermənistanla bağlı məsələ olmadığı üçün onun bu işlərdə iştirakına dair səlahiyyəti də ola bilməz. Bu, Azərbaycanın daxili məsələsi olduğundan Ermənistanın iştirakı birmənalı istisna təşkil etməlidir. Minsk Qrupunun zamanında bu məsələdə Ermənistan da tərəf kimi iştirak edirdi. Amma müharibədən sonrakı mərhələdə bu işdə Türkiyə və Rusiya müşahidəçiləri, Rusiyanın sülhməramlı qüvvələri iştirak edir. Bir də ərazinin sahibi olan Azərbaycan tərəfi. Ermənistan bu prosesdə niyə olmalıdır?
- O halda Lavrov niyə Ermənistanın bu prosesdə iştirakından danışır?- Onun məqsədi budur ki, Minsk Qrupu təsirini saxlasın. Digər yolla sanki Ermənistana məsləhət verir ki, bu prosesdə iştirak etmək lazımdır. Amma diqqət edin, Azərbaycan bura həm rus, həm də türk hərbçiləri dəvət edib. Ermənistanı biz dəvət etməmişik. Əgər belə bir şey baş versə, sözsüz ki, sabah Ermənistanın Xarici İşlər naziri bu ərazilərə gəlib-getmək haqqı əldə edəcəyini düşünər. Odur ki, biz belə yanaşmaları qəbul etməməliyik.
- Lavrov bəyan etdi ki, nə 10 noyabr, nə də 11 yanvar razılaşmalarından əlavə hansısa gizli razılaşmalar olmayıb. Siz bunu nə dərəcədə həqiqət hesab edirsiniz?- Mən, sənəd nümunəsində deyilənləri qəbul edərdim, amma reallıq göstərir ki, müəyyən sövdələşmələr var. Buna işarə olaraq, Prezident Putinin Ərdoğan, eləcə də Prezident Ərdoğanın Putin haqqında işlətdiyi yüksək fikirləri qeyd edərdim. Bu, onu göstərir ki, ortada sözdə razılaşmalar olub. Hansısa sövdələşmələrin olduğunu göstərən başqa məqamlar da var. Məsələn, 10 noyabr sazişində Azərbaycan və Ermənistan dövlət sərhədinin müəyyən edilməsi haqda bənd yoxdur. Amma sərhəddə proses necə gedirdi? Bəzən bu prosesdə rus sülhməramlıları da iştirak edirdi. Bu prosesin sayəsində Azərbaycan bir çox məsələləri həll edib. Bu baxımdan hiss edilir ki, rəsmi sənəddə yer almayan hansısa razılaşmalar mövcuddur və bəzən onlar çox əhəmiyyətli rol oynayır.
Başqa bir məqam əsir və ya diversantlarla bağlıdır. 10 noyabrdan sonra Ermənistan hərbçiləri Hadrutda nə gəzirdi?
- Yeri gəlmişkən, Sergey Lavrov əsir və ya terrorçu məsələsinə də toxundu və onun “hamının hamıya” prinsipi əsasında həllinin tərəfdarı kimi çıxış etdi...- Müharibədən və sazişdən sonra Azərbaycan ərazisinə soxulan əlisilahlı şəxs terrorçudur. Sən ayın 10-da kapitulyasiya imzalayırsan, yaxşı, sonradan hərbçilərini niyə mənim ərazimə göndərirsən? Həmçinin, ermənilər statusa aid hansısa fikir söyləyirlər. Niyə söyləməlidirlər? Bu da eyni məsələdir. Lavrovun bəyan etdiyi mövqedə də bəzi elementlərin ikili mənasını görə bilərik.
Bir sözlə, diplomatik səviyyədə oyunlar davam edir. Biz bunu başa düşməliyik. Bizim insanlarımız buna öyrəşməlidir, bu mübarizə davam edəcək. Mənim fikrimcə, bəzi məsələlər var ki, biz onları həll etməliyik. Buraya Laçın dəhlizinin Azərbaycanın nəzarətində olması, Ermənistan ordusunun ərazidən çıxarılması, eləcə də Qazax rayonuna aid bir neçə kəndin Azərbaycana qaytarılması daxildir. Həmin kəndlərə də nəzarəti bərpa etməliyik. Hesab edirəm ki, yaxın dövr üçün bizim həll etməli olduğumuz əsas məsələlər bunlar olmalıdır.
Rasim Əliyev“AzPolitika.info”