“Bu, faktdır ki, Türkiyə Cənubi Qafqaz və Azərbaycanda var, Dağlıq Qarbağda var. Təsadüfi deyil ki, artıq Rusiya bununla hesablaşır. Müharibənin getdiyi günlərdə Rusiya prezidenti, xarici işlər və müdafiə nazirlərinin türk həmkarlarına telefon zəngləri də bundan xəbər verir”.Turkustan.info politoloq Elxan Şahinoğlunun teleqraf.com-a müsahibəsini təqdim edir:
– ABŞ-ın yeni Prezidenti Co Bayden vəzifəsinin icrasına başladı. Artıq ilk çıxışlarından Amerikanın rəqiblərinə sərt mesajlar verdi. Dünyanı Baydenin dörd illik fəaliyyəti dövründə nə gözləyir?– Bayden hakimiyyətə gələn kimi Trampın bəzi qərarlarını ləğv etdi. Keçmiş prezidentin Meksika sərhədlərində divarın tikilməsi və müsəlmanlara ABŞ-a giriş qadağası qərarlarının üstündən xətt çəkdi. Tramp eyni zamanda koronavirusla mübarizəyə soyuq yanaşırdı, maska taxılmasının əleyhinə idi, amma Bayden ondan fərqli olaraq, bu məsələyə ciddi yanaşır. Çünki Amerikada koronavirusdan ölənlərin sayı 400 minə çatır. Bayden bu məsələdə fərqli siyasət yürüdəcək. Hesab edirəm ki, Amerikanın yeni prezidentinin ən başlıca işi, koronavirusla mübarizə olacaq. Koronavirus ABŞ-da xeyli işsizlər ordusu yaradıb, halbuki Trampın hakimiyyəti illərində ölkədə çox sayda iş yerləri açılmışdı. Amma pandemiya dönəmində bir çox iş yeri bağlandı. Qənaətimə görə, koronavirus olmasaydı, Tramp rahatlıqla ikinci dəfə də seçiləcəkdi.
Bayden xarici siyasətdə də fərqli yanaşmalar ortaya qoyacaq. Məsələn, NATO ilə əməkdaşlığa üstünlük verəcək. Tramp isə NATO-ya qarşı sərt siyasət yürüdürdü. Çünki NATO-nun digər üzvləri təhlükəsizlik məsələlərinə ABŞ qədər maliyyə vəsaiti ayırmır. İki istiqamət var ki, Bayden köhnə administrasiyanın siyasətini davam etdirəcək. Bu Rusiya və Çindir.
Tramp hakimiyyətə gələndə Rusiya ilə münasibətləri normallaşdırmaq istəyirdi, amma alınmadı. Çünki bu, Trampdan asılı məsələ deyildi. Bu kimi məsələlərdə prezidentlə yanaşı, Dövlət Departamenti, Konqres və Pentaqonun rəyləri də önəmlidir. Tramp məcbur qalıb Rusiyaya qarşı sərt siyasət yürütdü. Bayden bu siyasəti daha sərt formada davam etdirəcək. Bayden hələ SSRİ dönəmində Moskvanı sərt tənqid edən konqresmenlərdən biri idi. Bir neçə dəfə Sovet İttifaqı və Rusiyada olmuşdu. Üstəgəl, Bayden Barak Obama dönəmində vitse-prezident kimi Ukrayna məsələlərindən məsuliyyət daşıyırdı, Kiyevə də səfər etmişdi. Bayden Krım və Donbas məsələlərində Rusiyanın sərt tənqidçisidir, bu siyasət qarşıdakı dövrdə də davam edəcək, ola bilsin ki, daha da sərtləşdirilsin. Təsadüfi deyil ki, Baydenin hakimiyyətə gəldiyi gün Navalnı Rusiyada həbs olundu. Bu da gələcəkdə yeni prezidentin sərt siyasət yürütməsinə şərait yaradır.
Tramp Çinə qarşı kəskin siyasət yürüdürdü, hakimiyyətinin son günündə də uyğurlarla bağlı sərt qərar verdi. Çünki Çin insan haqlarını kobud şəkildə pozur. Bayden Trampın bu siyasətini davam etdirəcək. Çünki Bayden Demokratlar Partiyasının üzvüdür. Bu partiya da həmişə insan haqları mövzusuna diqqət edir. Çində də bu məsələ ciddi problem olduğuna, uyğurlar incidildiyinə və onların əmək düşərgələrində yerləşdirildiyinə, eləcə də digər etnik azlıqlara qarşı sərt addımlar atıldığına görə, Bayden Pekinə qarşı siyasəti yumşalda bilməz.
Avropa dövlətlərinə gəldikdə, Bayden bu dövlətlərlə münasibətləri normallaşdırmağa çalışacaq. Avropanın da Baydenə ümidləri var. Çünki Avropa Tramp dövründə Amerikanın siyasətindən narazı idi. Düşünürəm ki, qarşıdakı dönəmdə Avropa dövlətləri ilə münasibətlərdə normallaşma prosesi başlayacaq.
– Baydenin dövlət katibi postuna namizədi Entoni Blinken Qarabağla bağlı təxribatçı açıqlama verdi, bildirdi ki, bu posta təyinatı reallaşsa, Ermənistana dəstək verəcək, eləcə də Bayden administrasiyasının Azərbaycana sanksiya tətbiq edə biləcəyini dedi. Sizcə, ABŞ da Fransa kimi aşkar, yəni işğalçını dəstəkləyən mövqe tutcaqmı?– Mənə elə gəlir ki, Bayden vaxtilə ermənipərəst konqresmen, 1990-cı illərdə Azərbaycana qarşı ədalətsiz “907-cü Düzəliş”in həmmüəlliflərindən biri olmasına baxmayaraq, prezident kimi bu mövqedən çəkinəcək. Çünki Bayden gərək prezident kimi ABŞ-ın milli maraqlarından çıxış etsin. ABŞ-ın milli və təhlükəsizlik maraqları da, Cənubi Qafqazda Azərbaycanla sıx əməkdaşlığı diktə edir. Yəni ermənilərə nə qədər simpatiyası olsa da, Azərbaycan amilini diqqətdə saxlamağa çalışacaq. Azərbaycana qarşı sanksiya tətbiq etsə, bu, Amerikanın ziyanına olacaq. Bu halda, Azərbaycanın ABŞ-la münasibətləri soyuyacaq və Amerika Azərbaycanı itirəcək, necə ki, indi Fransa itirmək üzrədir. Bu, Amerikanın özünə zərər verəcək.
Əslində ermənilərə bu cür dəstək vermək, heç Ermənistanın özünə də yaxşı heç nə vəd etmir. O halda Rusiya da müəmmalı siyasət yürütməyə başlayacaq. Əgər Bayden qatı Rusiya əleyhdarıdırsa, buna görə də, Moskva Ermənistan siyasətinə nəzər yetirmək məcburiyyətində qalacaq. Amma mən zənn etmirəm ki, Bayden Azərbaycana qarşı sanksiya tətbiq edə bilər. Bu, Amerikanın maraqlarına zidd olacaq. Bundan sonra ABŞ Dağlıq Qarabağ məsələsində Ermənistana hansı dəstəyi verə bilər? Çünki Azərbaycan bu məsələni öz gücünə həll etmiş durumdadır. Yəni milli və təhlükəsizlik maraqlarından çıxış etsələr, gərək Azərbaycanla münasibətləri soyutmasınlar. Çünki Azərbaycan Amerikanın əleyhinə addımlar atmır. Əksinə, Azərbaycanın Avropaya qaz nəql etməyə başlaması ABŞ-ın maraqlarına xidmət edir. Bununla Avropanın Rusiyadan qaz asılılığı nisbətən azalır.
Azərbaycan ABŞ-ın strateji müttəfiqi olan İsraillə tərəfdaş münasibətlərə malikdir. Azərbaycan tək-tük müsəlman ölkələrindən biridir ki, İsraillə çox yaxşı əlaqələri var. Gərək Bayden bu kimi amilləri nəzərə alaraq, Azərbaycanla münasibətləri korlamasın.
– Maraqlıdır ki, ABŞ Ermənistana dəstək vermək əvəzinə niyə bölgəyə təktərəfli formada hərbi qüvvələrini göndərən Rusiyaya qarşı tədbirlər görmür?– Görə bilmir, çünki gücü və imkanı yoxdur. Burada Rusiyaya necə mane ola bilər? Amerika öz ətrafında və Yaxın Şərqdəki proseslərə təsir edə bilər, amma Cənubi Qafqaza əli çatmır və Rusiyanın da bura hərbçilərini göndərməsinə mane ola bilmədi. Ermənistana dəstək mesajları vermələrinə baxmayaraq, bunun böyük dəstək olacağını düşünmürəm. Cüzi maliyyə yardımı edə bilərlər, Ermənistana hərbi texnika göndərməyəcəklər. Əksinə, Azərbaycanla sanksiya dilində danışsalar, Cənubi Qafqazı tamamilə itirə bilərlər, Türkiyə ilə münasibətləri daha da gərinləşdirəcəklər. Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Yəni Blinken və ya Baydenin Azərbaycanın əleyhinə atacağı addımlar, birbaşa Amerikanın öz maraqlarına zidd olacaq.
– Blinken ATƏT-in Minsk Qrupunun aktivləşdirilməsinə də toxunub. Həmsədrlər yenidən masaya qayıtsa, nə baş verəcək?– Bu reallaşmayacaq, çünki artıq bizim Minsk Qrupuna elə də böyük ehtiyacımız yoxdur. Aydın məsələdir, imtina etmirik, orada böyük dövlətlər təmsil olunurlar, bizə təzyiq edə bilərlər. Yəni imtina da etmirik, amma onu da bilirik ki, bizə bir faydası yoxdur, status məsələsini müzakirə etmək istəmirik. Otuz il mənasız danışıqlar apardılar, məsələnin həllini uzatdılar, sonda biz özümüz bu problemi həll etdik, artıq Minsk Qrupuna ehtiyacımız yoxdur.
Münaqişənin həllindən sonra iki dövlət burada hakim mövqeyə sahib oldu – Türkiyə və Rusiya. Amerika və Fransanın bura əli çatmır. Amma onlar da demək istəyirlər ki, biz də bölgədəki varlığımızı qoruyaq. Qoy olsun, gəlsinlər, getsinlər, amma Minsk Qrupu indidən sonra elə də böyük rola malik olmayacaq. Yerdə qalan məsələlərin həllində Türkiyə və Rusiya əsas rolu oynayacaq.
– Rusiya Xarici işlər naziri Sergey Lavrov son açıqlamasında dedi ki, Laçın dəhlizinə nəzarəti rus sülhməramlıları həyata keçirir və oradan kimin keçib-keçmədiyinə də onlar baxır. Lavrovdan əvvəl Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirmişdi ki, bunun üçün Azərbaycandan icazə alınmalıdır. Azərbaycan Prezidentinin də bununla bağlı xəbərdarlığı olmuşdu. Rusiyanın mövqeyi nədən ibarət olacaq, xəbərdarlıqları nəzərə alacaqmı?– Rusiya sülhməramlılarının səlahiyyətlərini aşan fəaliyyətləri davam edir. Prezident İlham Əliyev də hökumətin yanvarın 6-da keçirilən onlayn konfransında vurğuladı ki, kim istəyir oradan keçir, tikinti işləri aparırlar, bu, onların səlahiyyətlərinə aid deyil. İlk növbədə, biz Laçın dəhlizində öz sərhədçilərimizi yerləşdirməliyik. Müstəqil dövlətik, sərhədlərimizi özümüz qorumalıyıq. 10 noyabr bəyanatına görə, Rusiya hərbçiləri Laçın dəhlizində öz postlarını qura bilərlər, amma sərhəddə biz olmalıyıq. Kimin gəlib-getməyinə biz nəzarət etməliyik. Bəlkə silah daşıyırlar?
Erməni nazir Xankəndinə gəlir, Lavrov deyir ki, burada anormal heç nə yoxdur. Anormal odur ki, Ayvazyan Xankəndinə gəlib Azərbaycan əleyhinə açıqlamalar verir, qondarma respublikanın müstəqilliyindən danışır. Bununla vəziyyəti daha da gərginləşdirir, anormal olan budur. Buna görə də, bizim dövlətimizə aid olan istənilən iş üçün Azərbaycandan icazə almalıdırlar. Fransadan da qruplar gəlib-gedir. Yəni sərhədlər açıq olmamalıdır. Rusiyanın postları ola bilər, amma sərhədə Azərbaycan sərhədçiləri nəzarət etməlidir. Rusiyanın nə istəməsindən asılı olmayaraq, bu, gec-tez baş verəcək. Çünki bunlar bizə aid olan məsələlərdir, biz öz sərhədlərimizə nəzarət etməliyik.
Çavuşoğlu haqlıdır, o, həmişə bizə dəstək verir. Çavuşoğlu və Prezident Rəcəb Tayyib Ərdoğanın bir fikri də var ki, rusiyalı hərbçilər Dağlıq Qarabağda əbədi olmamalı, müvəqqəti olmalıdırlar. Türkiyənin rəsmi şəxsləri bunu dönə-dönə vurğulayırlar. Çünki orada əbədi qalsalar, hərbi baza yaradacaqlar, bu da Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddir. Biz elə etməliyik ki, beş ilin sonunda rusiyalı hərbçilər bölgəni tərk etsinlər.
– Rusiya və Türkiyə arasında Qarabağla bağlı fikir ayrılıqları özünü aşkar şəkildə göstərməyə başlayıb, bura Laçın dəhlizinə nəzarət və digər məsələlər daxildir. Sizcə, Qarabağ məsələsi tərəflər arasında rəqabət amilinə çevrilə bilərmi?– Rusiya Türkiyə ilə çox da qarşıdurmaya getmək həvəsində deyil. Rusiya Prezidenti Putinə sual veriləndə ki, hansı liderlərlə münasibətləri yaxşıdır, o, iki şəxsin adını çəkdi: Çin dövlət başçısı və Türkiyə prezidentinin. Putin bildirdi ki, Ərdoğanla bəzi məsələlərdə fikir ayrılıqları olsa da, kişi adamdır və verdiyi vədi yerinə yetirir. Yəni Putinin Ərdoğana böyük hörməti var, hətta ondan bir qədər çəkinir.
Türkiyə və Rusiya müəyyən fikir ayrılıqlarına baxmayaraq, Suriya və Liviyada əməkdaşlıq edirlər. Cənubi Qafqazda da əməkdaşlığa üstünlük verirlər. Əlbəttə Rusiya istəməz ki, Türkiyə Azərbaycanda – Dağlıq Qarabağda olsun. Amma bu faktdır – Türkiyə Cənubi Qafqaz və Azərbaycanda var, Dağlıq Qarbağda var. Təsadüfi deyil ki, artıq Rusiya bununla hesablaşır. Müharibənin getdiyi günlərdə Rusiya prezidenti, xarici işlər və müdafiə nazirlərinin türk həmkarlarına telefon zəngləri də bundan xəbər verir. Əlbəttə Rusiya bunu istəmir, amma bu faktı qəbul etmək məcburiyyətindədir. Ermənilərin də istəyib-istəməməsindən asılı olmayaraq, Türkiyə bölgədə real gücdür. Buna görə də, Rusiya və Ermənistan anlamalıdır ki, gələcəkdə Azərbaycana qarşı təxribat olsa, bu, Azərbaycan-Türkiyə ittifaqına qarşı təxribat olacaq.
anaxeber.info