3 ölkənin birliyi: İran nədən narahatdır?

23-01-2021, 12:03   


3 ölkənin birliyi: İran nədən narahatdır?

Azərbaycana, Türkiyə və Pakistan arasında birgə əməkdaşlıq intensivləşib.
Xüsusən Xarici İşlər naziri Ceyhun Bayramovun Pakistana səfəri və ölkə rəsmiləri ilə görüşü bunun göstəricisidir. Qardaş Türkiyə isə daim bizim yanımızda oldu, Qarabağın azad edilməsində lazım olan hər bir yardımı göstərdi.
Məlum olduğu kimi, bölgədə Türkiyə, Azərbaycan və Pakistan birliyi formalaşır. Bu da o deməkdir ki, Yaxın Şərqdə münasibətlər ciddi şəkildə dəyişilir. İran İslam Respublikası da bunu görür.
Bu birlik və İsraillə Türkiyənin yaxınlaşması İranın maraqlarına uyğun gəlmir. İran da yeni blok yaratmağa çalışır. Belə ki, İran Yaxın Şərqdəki şiə müttəfiqləri tərəfindən imzalanması gözlənilən müdafiə və təhlükəsizlik müqaviləsi hazırlayır. Bildirilib ki, NATO üslubunda yeni razılaşma İsrail və ya ABŞ-ın hər hansı hücumuna kollektiv cavab prinsipini əks etdirməlidir. Xəbər verildiyi kimi, İran parlamenti qətnamə layihəsi üzərində işləyir.
Maraqlıdır, İran regionda Türkiyə, Azərbaycan və Pakistan birliyindən narazıdır?
“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İranın hərbi blok yaratmaq istəyi Yaxın Şərqdə gedən proseslər və Tehrana olan münasibətlə bağlıdır:
“Məsələ bundadır ki, hal- hazırda Yaxın Şərq bölgəsində qardaş Türkiyənin mövqeyi güclənir. Bunun fonunda Türkiyə İsrail yaxınlaşması baş verir. Eyni zamanda Türkiyə- Ərəb ölkələri, Ərəb ölkələri- İsrail yaxınlaşmaları baş verir. Bütün bunlar İranın maraqlarına cavab vermir. İranın hərbi blok yaratmaq istəyini bu proseslərin fonunda qiymətləndirmək istəyərdim. Üstəgəl Türkiyə- Azərbaycan- Pakistan birliyi də formalaşır. Yəni İranın hərbi blok yaratmaq istəyini bir məqama görə deyil, bütün baş verənlərin fonunda dəyərləndirmək lazımdır. Nəzərə alsaq ki, hazırda ABŞ-İran münasibətləri də maraqlı məcrada davam etməkdədir, yəni Amerikanın Vyana razılaşmasına qayıtması müzakirə olunur, İran uranın zənginləşdirilməsi ilə bağlı artıq əməli addımlar atır. Bu da onu deməyə əsas verir ki, İranın Amerika ilə münasibətlərindəki gərginlik hələ davam edəcək. Çünki Amerika İrana 4 istiqamətdə hücuma keçib. Birinci istiqamət iqtisadi sanksiyalardır. Faktiki olaraq Amerika müəyyən mənada İran iqtisadiyyatını çökdürməyi bacardı. İkinci istiqamət İranın siyasi təcridinə nail olmaqdır. Son bir ildə istər Avropa, istərsə də ərəb ölkələri baxımından ABŞ buna nail ola bildi. Üçüncü həmlə İranın daxilindəki sosial, etnik, dini-məzhəbsəl narazılıqların qabardılması idi. Bu gün artıq həmin problemlər özünü aydın göstərir. Dördüncü istiqamət isə İranı Yaxın Şərqdən çıxarmaq siyasətidir. Burada söhbət İraq, Suriya, Livan, Yəməndən gedir. Bu mövqelərdə İranı zəiflətmək və mümkün olan kimi də vurub çıxarmaq siyasəti yürüdülür. İran da buna görə öz ətrafında şiə həlqəsini daha da möhkəmləndirməyə cəhd göstərir. Nə qədər möhkəmləndirə biləcəyi isə artıq zaman məsələsidir. Lakin son bir ildə İranın Suriyada, Liviyada mövqeləri zəifləyib”.
Ekspert qeyd edib ki, Azərbaycana, Türkiyə və Pakistan birliyinin məqsədi müxtəlif sahələrdə layihələr həyata keçirməkdir:
“Azərbaycana, Türkiyə və Pakistan birliyi region dövlətlərinə heç bir təhlükə vəd etmir. Əslində, bu birliyin yaranmasının məqsədi bir çox sahələrdə layihələr həyata keçirməkdir. Bu münasibətlər regionda çox gözəl layihələrin həyata keçirilməsinə səbəb olacaq. Düzdür, Türkiyə- İran, Pakistan- İran münasibətləri maraqlıdır. Ola bilər ki, İran Türkiyə, Azərbaycan və Pakistan münasibətlərini İran bir təhdid kimi görə bilər. Bu onun şəxsi yanaşmasıdır. Amma ümumiyyətlə Türkiyə, Azərbaycan və Pakistan birliyi heç bir dövlətə qarşı yönələn münasibətlər deyil. İrana da düşər ki, bu müddət ərzində qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırsın, yoxsa özü ziyan çəkər. Digər tərəfdən İranda qarşıdan prezident seçkiləri gəlir. İran buna da hazırlaşmalıdır”.
Əli Bədir
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.