ERMƏNİ QƏZETİLƏ RUSİYA SƏFİRİ ARASINDA QALMAQAL - Müxalifət səfirin geri çağırılmasını istəyir

23-01-2021, 12:28   




Ermənistanda siyasi gərginlik səngimək bilmir. Artıq Rusiyanın bu ölkəyə təsiri və daxili siyasi proseslərə müdaxiləsi erməni cəmiyyətinin əhəmiyyətli hissəsinin Moskvaya qarşı açıq irad və ittihamlar səsləndirməsinə səbəb olmaqdadır.
“Anaxeber.info” xəbər verir ki, son günlər Ermənistanın ən aparıcı mətbu orqanlarından olan “Qraparak” qəzetilə Rusiyanın bu ölkədəki səfirliyi arasında böyük qalmaqal yaşanır.
Hər şey qəzetdə “Müxalifət Rusiya səfirindən narazıdır” başlıqlı məqalənin dərc edilməsindən başlayıb. Həmin məqalədə göstərilir ki, səfir Sergey Kopırkin müxalifətin Baş nazir Nikol Paşinyanla sövdələşməyə gedən hissəsinə sponsorluq edir. Qeyd olunur ki, həmin müxalif qüvvələr Paşinyanın növbədənkənar seçki təklifini dəstəkləməyə sövq edilir və bunun müqabilində Rusiya səfiri onların sponsorluğunu həyata keçirir.
Yəni belə çıxır ki, Rusiya səfirliyi Paşinyanın növbədənkənar seçki ideyasının reallaşmasında maraqlıdır. Qeyd edək ki, müxalifətin əhəmiyyətli hissəsi bunun əleyhinədir və Paşinyanın qeyd-şərtsiz istefaya getməsini, hətta ona qarşı cinayət işi açılmasını tələb edir. “Qraparak” qəzeti də sözügedən məqalədə yazıb ki, müxalifət Rusiya səfirindən bu fəaliyyətinə görə olduqca narazıdır və hətta onun geri çağrılmasına nail olmağa çalışır.
Məqaləyə sərt reaksiya verən Rusiya səfirliyi orada yazılanların qəzet tərəfindən ya sübut olunmasını, ya da təkzib edilməsini tələb edib.

“Qraparak” qəzeti isə səfirliyə kifayət qədər aşağılayıcı tonda və istehza ilə cavab verərək “Bəlkə də sizin ölkədə KİV-lə bu cür ünsiyyət praktikası qəbul olunub, ancaq bizim ölkədə yox” başlıqlı yeni məqalə dərc edib.
Bu dəfə qəzet bildirib ki, mətbu orqan lazım bildiyi istənilən informasiyanı dərc etmək hüququna malikdir və səfirliyə nəyisə sübut etməyə, yaxud ona hesabat verməyə borclu deyil. Qəzet bir daha bildirib ki, onun müxalifətin səfirin fəaliyyətindən ciddi narazılığına dair yaydığı məlumat tam həqiqəti əks etdirir.
Bu dəfə qəzetə daha yumşaq tonda cavab verən diplomatik nümayəndəlik səfirin ünvanına səsləndirilən ittihamların həqiqətə uyğun olmadığını bildirməklə kifayətlənib. Lakin müşahidəçilər qeyd edirlər ki, səfirliklə qəzet arasındakı didişmənin bununla bitəcəyi gözlənilmir və müxalifətin əhəmiyyətli hissəsi doğrudan da səfirin geri çağırılmasında maraqlıdır.
Göründüyü kimi, hər zaman “Moskvadan gələn siqnalı” gözləyən erməni siyasi elitası başını itirib və Rusiyanın Ermənistandakı daxili siyasi proseslərdə nəyə nail olmaq istədiyini anlamaqda çətinlik çəkir.
Cəlal
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.