“HAKİMİYYƏTİN ELİTADAXİLİ ÖTÜRÜLMƏSİ MÜMKÜNDÜR...” – “Qorxurlar ki, müsəlmanlar Navalnının ətrafında birləşə bilər”

27-01-2021, 16:45   




Azad Demokratlar Partiyasının sədri, eləcə də Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər son günlər Rusiyada baş verən kütləvi etiraz aksiyaları, onların mümkün nəticələri, yeni Ağ Ev administrasiyasının proseslərə təsiri, Rusiya hakim elitasında gedən parçalanmalar və s. haqda “Hafta.az” saytına danışıb.
Həmin müsahibəni təqdim edirik:


– Sülhəddin bəy, Rusiyada müxalif lider Navalnının həbs olunmasıyla bağlı son kütləvi etiraz aksiyalarının nəticələrini necə görürsünüz?
– Etirazların nəticələri gözlənildiyindən də müsbətdir. Rusiyanın öz ekspertləri də bu aksiyalardan öncə rəylərini bildirmiş və çoxları skeptik, bədbin yanaşmışdılar. Yəni belə kütləvilik gözləmirdilər. Bu nəticə diqqətimi 3 baxımdan cəlb etdi. Birincisi, aksiyaların Vladivostokdan Kalininqrada qədər 100-dən çox şəhərdə keçirilməklə bütün Rusiyanı əhatə edəcək bir miqyasda olması. İkincisi, kütləviliyi, yəni etirazlara gözlənildiyindən daha çox adamın qatılması. Üçüncüsü, aksiyaların yüksək energetikası, yəni iştirakçıların dönməz əhval-ruhiyyəsi.
Bu 3 parametrdən yanaşdıqda, hadisələrin inkişafını müsbət qiymətləndirirəm. Və belə çıxır ki, rus ekspertlər öz rəylərinə yenidən baxmalı olacaqlar… Bundan sonra isə olayların inkişafını izləmək lazımdır: görək, bu, sadəcə, bir aksiya olacaq, yoxsa getdikcə daha da genişlənən nəhəng bir demokratik prosesə çevriləcək? Bu isə çoxsaylı faktorlardan asılıdır. Zənnimcə, xarici və daxili amilləri nəzərə alsaq, proses getdikcə genişlənəcək və dərinləşəcək…
– Sizcə, getdikcə genişlənən bu cür etirazlar qarşısında Putin hakimiyyətinin çıxış yolu nədədir?
– Hesab edirəm ki, hakimiyyətin çıxış yolu üçün iki əsas seçimi var: Putin ya rejimi daha da sərtləşdirməli, repressiyaları daha da artırmalıdır; ya da yeni bir demokratik açılım edərək islahatlara getməlidir.
Fikrimcə, Kreml birinci variantı seçəcək. Ən azı, ilk dövrdə…
– Belə çıxır ki, bəzi fikirlərin əksinə olaraq, Putinin tezliklə hakimiyyətdən gedəcəyi gözlənlmir?
– Yox, mən bu prosesin tezliklə Putinin gedişi ilə nəticələnəcəyini düşünmürəm. Düzdür, onun səhhəti ilə bağlı hakimiyyəti təhvil verməyə hazırlaşması haqda söhbətlər gedir. Amma bu, hətta həqiqət olsa da belə, hələ bir müddət keçəcəyini düşünürəm.
O başqa məsələdir ki, həm daxili səbəblər, həm də xarici konyuktura getdikcə Putinin vəziyyətini ağırlaşdırır. Yəni ölkə mətbuatında da dəfələrlə bildirmişəm ki, Amerikada Cozef Bayden dövrü – 2021-2024-cü illər Rusiya rejimi üçün yeni bir sınaq zamanı olacaq. Və böyük ehtimalla, Rusiya məsələsi beynəlxalq gündəlikdə olacaq. İndi bunun nəticələri necə alınacaq – Putin dəyişəcəkmi, rejim dəyişəcəkmi, Rusiyanın dövlət olaraq taleyi necə olacaq – bütün bunlar çoxsaylı faktorlardan, hadisələrin hansı yöndə inkişafından asılıdır. Ona görə də indidən konkret bir fikir söyləmək bir qədər qeyri-ciddi olardı. Odur ki, hadisələri diqqətlə izləməliyik. Çünki Rusiyada gedən proseslər ilk növbədə bütün postsovet məkanına, o cümlədən Azərbaycana təsirsiz ötüşmür. Və nəzərə alsaq ki, hazırda Rusiya artıq hərbi mənada da legitim şəkildə Azərbaycandadır – şimal qonşumuzun daxilində baş verənlər bizi yaxından ilgiləndirməlidir. Bu səbəblərdən Rusiyadakı proseslərin nəticələrindən asılı olaraq öz hazırlığımızı görməliyik…
– Tutaq ki, bir az bəsit səslənsə də, bəzilərinin düşündüyü kimi, az sonra Navalnı hakimiyyətə gəldi. Bu halda artıq demokratik (!) Rusiya hakimiyyətinin Azərbaycana, konkret olaraq Qarabağ məsələsi ilə bağlı münasibəti Ermənistanın ziyanına tamamilə dəyişər, sizcə?
– Elə fikirləşənlər, yumşaq desək, çox tələsirlər. Nəzərə almaq lazımdır ki, Rusiya tipli rejimlərdə hakimiyyət uğrunda əsas mübarizə hakim elita daxilində gedir. Və hazırda hakimiyyət dəyişikliyinə hazırlaşan tərəflər var. Odur ki, şimal qonşumuzda bir neçə ciddi qüvvənin varlığını nəzərə almalıyıq. Birincisi, Putin və onun inandığı, etibar etdiyi sədaqətli dairələr var. İkincisi, Putindən sonra hakimiyyətə hazırlaşanlar var. Məsələn, Nikolay Patruşev başda olmaqla, şərti desək, “FSB” komandası… Üçüncü isə, iqtidarla iç-içə olan, xüsusən də Putinin ətrafında olan oliqarxlar dairəsi… Onlardan hansısa gələcəkdə Rusiya müxalifəti ilə, konkret olaraq, Navalnı ilə əməkdaşlıq edə bilər. Amma ən azı ilkin dövrdə onlar hakimiyyəti, təbii ki, asanlıqla əldən verməyəcəklər. Bu baxımdan Rusiyada hakimiyyətin elitadaxili ötürülməsi mümkündür, nəinki demokratik dəyişikliklər yoluyla… Bu gün də çoxları sanki yenidəndurma dövründə olduğu kimi, Qorbaçovun, ardınca da Yeltsinin hakimiyyətə gəlməsi kimi bir demokratik açılım gözləyir. Amma indi Moskvada hakimiyyətdə mərkəzi komitənin 1-ci katibi, islahatçı Qorbaçov deyil, keçmiş “KQB” zabiti Putindir. Və ölkədə də ikinci bir Yeltsin, hələ ki, yoxdur…
– Rusiya daxilində belə versiyalar səsləndirənlər var ki, guya, Navalnı Rusiyanın gerçəkdən demokratikləşməsini səmimi olaraq düşünən bir şəxsiyyət yox, sadəcə, Qərb xüsusi xidmət orqanlarının agentidir. Və onun apardığı mübarizə Rusiyanı demokratiyaya doğru yox, xaosa, parçalanmaya sürükləyəcək…
– Belə fikirlər çox ola bilər. Ümumiyyətlə, hər hansı bir adamı əsas, ən azı gerçəyə bənzər bir şübhəli fakt olmadan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda ittiham etmək qeyri-ciddidir. Söhbət ondadır ki, bu ittihamı kim irəli sürür və hansı əsasla irəli sürür? Təbii ki, Navalnı ciddi fiqurdur. Hələ Moskva mer seçkilərində hökumətin özünün etiraf etdiyi rəsmi rəqəmlərə görə, ikinci yer tutmuşdu. O, bu gün də Rusiya daxilində kifayət qədər populyardır. Və yəqin ki, bu baxımdan müxalif liderlər arasında 1-ci yerdədir. Çox güman ki, Rusiyanın yetkin nəsli arasında Navalnını tanımayan yoxdur. Təbii ki, populyarlıq hələ ciddi faktor deyil. Hələ bunun siyasi kapital olub-olmaması gələcəyin məsələsidir. Hələlik Navalnının heç bir siyasi təşkilatı və siyasi proqramı yoxdur… Odur ki, indidən çırmanmağa ehtiyac yoxdur…
– Sosial şəbəkələrdə Navalnının müsəlmanlara, türklərə nifrət bəsləyən irqçi, faşist ideologiyalı bir şəxs olması haqda da təbliğat başlayıb. Bu yaxınlarda bir müsəlman tatar blogerin onun barəsində yazdığı bu cür şərhlərə məşhur dağıstanlı idmançı Həbib Nurməhəmmədov da böyük dəstək verdi…
– Hesab edirəm ki, sosial şəbəkələrdə deyilənlərə yox, ilk növbədə Rusiyadakı rejimə diqqət etmək gərəkdir. Rusiya xalqı kimi və necə seçməsini özü müəyyən edəcək. Əsas odur ki, bu ölkədə avtoritarizmdən demokratiyaya keçid olsun, demokratik hakimiyyət qurulsun. Və təbii ki, Rusiya demokratik hakimiyyətinin postsovet məkanına münasibəti dəyişəcəkdir. Çünki dünya ilə inteqrasiya məsələləri, Avropa, Avroatlantik, Amerika institutlarıyla və yaxın xaric deyilən ölkələrə münasibət məsələləri gündəmə gələcək və həmin münasibətlər dəyişəcəkdir… Çox güman ki, Navalnı haqqında belə fikirlər gündəliyi dəyişmək, tərəfləri qıcıqlandırmaq üçün məhz Putin rejimi tərəfindən ortalığa atılır. İndidən qorxuya düşüblər ki, bütün müsəlmanlar da Navalnının ətrafında birləşə bilər…
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.