Rusiya silahı Liviyadan Almaniyadakı ABŞ bazasına necə gətirilib? - Qərb mediası

30-01-2021, 10:22   







Pantsir-S1 Suriyadakı Hmeymim bazasında




Liviyada ələ keçirilmiş Rusiya istehsalı Pantsir-S1 raket kompleksi məxfi əməliyyatla ABŞ-ın Almaniyanın Ramştayn şəhərindəki hərbi-hava bazasına gətirilib.
Britaniyada çıxan The Times qəzeti yazır ki, ABŞ hərbçiləri əməliyyatı bu kompleksin silah alverçilərinin və ya hökumətə tabe olmayan hərbi qruplaşmalardan birinin əlinə keçəcəyindən ehtiyat etdiklərinə görə həyata keçiriblər.
Qəzetin yazdığına görə əməliyyat ötən ilin iyulunda yer alıb.
Bu da xəbər verilir ki, sözü gedən havadan müdafiə raket sistemini Rusiyadan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) almış və Liviyanın beynəlxalq aləmdə tanınan hökumətinə qarşı qiyam qaldıran general Xəlifə Həftara vermişdi.
Pantsir-S1 kompleksinin Liviya paytaxtı Tripoli yaxınlığında hökumət qoşunlarının əks-hücumu zamanı ələ keçirildiyi xəbər verilir.
Bu döyüşdə hökumət qoşunlarını Türkiyə dəstəkləyirdi.


“Putinin aşpazı”
The Times yazır ki, kompleksin ABŞ bazasına gətirilməsini Vaşinqtonun Liviyada Rusiya təsirinə qarşı məxfi əməliyyatlarından biri kimi qiymətləndirmək olar.
Bu da qeyd olunur ki, amerikalılar Liviya hökumətini ölkədə “Putinin aşpazı” kimi tanınan Yevgeni Priqojinin siyasi texnoloqlarının işlədiyi barədə xəbərdar etmişdilər.
Sonradan onlardan ikisi həbs edilmiş, bir il müddətində həbsxana saxlandıqdan sonra bu yaxınlarda sərbəst buraxılmışdlar.
Bundan başqa ABŞ hərbi komandanlığı Rusiya qırıcı təyyarələrinin general Həftarın tərəfində döyüşdüyünə dair məlumat vermişdi.


Rusiya özünü o yerə qoymur
The Times qəzeti adının çəkilməsini istəməyən Rusiya rəsmisinə istinadən yazır ki, Moskvada bu raket kompleksinin başına gələnlərdən xəbərdar idilər, amma bu silahın amerikalıların əlinə keçməsindən elə də narahat deyildirlər.
Rusiya rəsmilərinin fikrincə amerikalılar istəsəydilər Pantsir-S1 kompleksinə gəlib elə BƏƏ-də də baxa bilərdilər.
Sözü gedən rəsmi deyib ki, amerikalıların bu kompleksi tam öyrənməsi üçün xeyli vaxt sərf olunacaq və onlar əldə etdikləri məlumatdan yalnız Pantsir-S1 kompleksinin eksport variantına sahib olanlara qarşı istifadə edə biləcəklər.
Bu arada Rusiyanın Interfaks agentliyi Hərbi Elmlər Akademiyasının vitse-prezidenti Sergey Modestova istinadən yazır ki, baş vermiş hadisənin Rusiyanın hərbi qüdrəti üçün elə bir təsiri olmayacaq.
Bundan əvvəl Liviyada bir Pantsir-S1 kompleksinin Türkiyə dronu ilə məhv edildiyi xəbər verilmişdi.
Moskva rəsmən Liviya münaqişəsində tərəf olmadığını bəyan edir, lakin onun Həftarın qoşunlarına muzdlu əsgərlər və hərbi texnika ilə dəstək verdiyinə dair çoxsaylı xəbərlər var.





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.