Tehran Ağ Evin Kremlə hücum yolunu kəsib: Loyal diplomat nəyi dəyişəcək? -TƏHLİL

31-01-2021, 13:58   


Tehran Ağ Evin Kremlə hücum yolunu kəsib: Loyal diplomat nəyi dəyişəcək? - BİZİM TƏHLİL

ABŞ Prezidenti Co Baydenin Robert Mellini İran üzrə xüsusi nümayəndə təyin etməsi Tehranda müsbət xəbər kimi qarşılanıb.
Anaxeber.info xəbər verir ki, bu, Bayden administrasiyasının İranla münasibətləri səhmana salmaq jesti kimi dəyərləndirilir. Barak Obamanın prezidentliyi dönəmində Ağ Evin Yaxın Şərq, Şimali Afrika və Fars körfəzi üzrə səlahiyyətli təmsilçisi işləmiş Robert Melli İran rejiminə loyal mövqeli diplomat kimi tanınır.
2015-ci ildə İranın nüvə proqramına dair “Altılıq” ölkələri ilə Hərtərəfli Birgə Fəaliyyət Planının qəbul edilməsində Robert Milli fəal rol oynayıb. “Tehran Times” yazır ki, Milli 2019-cu ildə BMT-dəki görüşlərdə iştirak etmək üçün Nyu-Yorka səfər edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
O, İsrailin ötən ilin noyabr ayında İranın nüvə sahəsi üzrə alimi Möhsün Fəhrizadəyə sui-qəsd qərarını tənqid edib. Robert Milli bildirib ki, bu hücum Trampın siyasi varisinə İranla diplomatik əlaqələri bərpa etməyi çətinləşdirəcək. Onun Trampın prezidentliyi dönəmində İrana qarşı tətbiq edilən təzyiqləri aradan qaldırmaq təklifləri Vaşinqtondakı mühafizəkar dairələri, o cümlədən respublikaçıları ciddi narahat edib. Bu, İsrail siyasətçilərinin də ciddi tənqidinə səbəb olub.
Çünki ABŞ-ın mülayim addımları fonunda İran heç də kompromisə meyilli görünmür. İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi üç ay ərzində Natanzdakı nüvə müəssisəsində 1000 ədəd IR2M sentrifuqasının quraşdırılacağını deyib. Kamalvəndi İslam Respublikası ali liderinin təlimatlarına uyğun olaraq, İranın Atom Enerjisi Təşkilatının böyük addımlar atdığını bildirib. Onun sözlərinə görə, İranın uranı 100 faiz yerli texnologiya ilə zənginləşdirib.
Hərtərəfli Birgə Fəaliyyət Planındakı digər tərəflərin öhdəliklərinə və ABŞ-ın nüvə anlaşmasına qayıtmasına gəlincə, Kamalvəndi İran nüvə təşkilatının ölkə hakimiyyətinin qərarlarını gözləyəcəyini söyləyib. İran parlamentinin sədri isə Fordo müəssisəsində uranın 20 faiz zənginləşdirilməsinə vaxtından əvvəl nail olduğunu bəyan edib. Fordo Nüvə Zənginləşdirmə Zavodunu ziyarət edən Məhəmməd Baqer Kalibaf belə deyib:
“Nüvə qanunu addım-addım qəbul edilir və uranın 20 faiz zənginləşdirməsi qrafki qabaqlayır. Uranın 20 faiz zənginləşdirilməsini nəzərə alsaq, bu hesabla, il ərzində 120 kq uran istehsal edilməli idi. Lakin irəliləyiş qrafiki qabaqladı və nüvə zavodu təxminən bir ay ərzində 17 kq uran zənginləşdirə bilib”.
Ancaq istər Tehrandan, istər Vaşinqtondan gələn xəbərlər tərəflərin hələ anlaşmaya yaxın olmadığını təsdiq edir. Çünki Prezident Tramp bir maneə kimi aradan qalxsa belə, ABŞ və İran yalnız ilkin şərt müqabilində nüvə sazişinə qayıtmağa hazır görünür. Bayden administrasiyası İranın raket proqramına dair güzəştlərin də razılaşmaya daxil edilməsini təklif edir. İran isə ABŞ-ın sanksiyaları aradan qaldıracağı təqdirdə, Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdacağını bildirir. Əslində isə rəsmi Tehran ABŞ siyasi elitasında yaranmış fikir ayrılığından istifadə edərək vaxt qazanmağa çalışır. Dekabrın əvvəlində İran parlamenti “Sanksiyalara Qarşı Strateji Fəaliyyət Planı” adlanan qanun qəbul edib və Vaşinqtona sanksiyaları ləğv etmək üçün iki ay vaxt verib. Lakin nə İran raket proqramını ixtisara salmaq, nə də ABŞ sanksiyaları ləğv etmək istəyir. Co Bayden seçkilərdən əvvəl hər iki ölkənin 2015-ci il Vyana sazişinə qayıtması üçün daha ağıllı variant tapacağını vəd etsə də, İranın uranı 20 faiz zənginləşdirmək planından əl çəkməməsi ABŞ Prezidentinin işini çətinləşdirib.
Hətta Entoni Blinken kimi İrana münasibətdə loyal şəxsin dövlət katibi təyin edilməsi də hələ Prezident Bayden üçün fayda vermir. Blinken deyib ki, İran nüvə razılığına əməl etməyə davam etsə, ABŞ Prezidenti Co Baydenin seçkiqabağı kampaniyasında vəd etdiyi Hərtərəfli Ortaq Planına yenidən qoşulmaq üçün uzun bir yol qət edilməli olacaq.
“İran bir sıra öhdəliklərdən kənara çıxıb və o, yenidən razılaşmaya qayıtmağa qərar verərsə, bunu etmək, bizim İranın bütün öhdəliklərini yerinə yetirib-yütirmədiyini qiymətləndirməyimiz üçün vaxt tələb olunacaq. Yəni biz hələ orada deyilik”, - deyə Blinken bildirib.
Prezidentlik fəaliyyətinə başlamasından dərhal sonra İsrail mediası Baydenin müşavirləri vasitəsilə İranla gizli danışıqlar apardığına dair məlumat yaymışdı. Qeyd edilir ki, İsrail rəsmiləri həmin anlaşmanın mətinin genişləndirilməsini, ora terrorçuluğa dəstəyin və ballistik raketlərin istehsalının məhdudlaşdırılmasına dair maddələrin daxil edilməsini istəyib. Buna baxmayaraq, həm İran rejiminin, həm də E.Blinkenin açıqlamaları tərəflərin razılaşmaya hələ yaxın olmadığını deməyə əsas verir. Bu isə Prezident Baydenə Tramp administrasiyasından miras qalmış problemləri kənara qoyub, əsas hədəfləri Rusiyanın üzərinə yönəltməkdə mane olur.
Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.