Navalnı müəmması - Putinə qarşı toxların üsyanı niyə alınmır?

31-01-2021, 17:52   




Passionar gənclik üçün Navalnı sadəcə bir obrazdır, bəlkə də Şaxta baba kimi bir simvoldur, kompyüter oyunlarındakı şər qüvvələrlə savaşan proqramlaşdırılmış virtual qəhrəmandır

 
Anaxeber.info  xəbər verir ki, Rusiyada yanvarın 31-nə təyin edilmiş icazəsiz aksiya baş tutmamış sayıla bilər. Hakimiyyət həbsdəki müxalif blogger Aleksey Navalnıya azadlıq tələbi ilə(əslində isə onun çağırışı ilə)  keçirilməsi planlaşdırılan aksiyanın qarşısını bütün vasitələrlə almağa çalışdı.
Hakimiyyəti əlbəttə ki, heç kim bu cür ön hazırlığa, müxtəlif şəhərlərdə aksiyaya cəhd edənlərin dərhal həbsinə görə qınaya bilməz. Əgər qanunlar sanksiyalaşdırılmış aksiyaya icazə verirsə, niyə müxalifət tərəfdarlarının bunu yerli hökumətlərlə razılaşdırmaq istəməmələrinin səbəbi aydındır. Çünki belə daha səs-küylü, diqqətçəkən olur. Azərbaycan müxalifətinin də vaxtilə bu cür icazəsiz “izdihamlı aksiyalar” keçirdiyini yada salmaq kifayətdir. Əgər aksiya qanunsuzdursa, demək daha çox qarşıdurma, daha çox adam tutula bilər ki, bu da gərginlikdə maraqlı olan qüvvələrin xeyrinədir. Başqa heç kim bundan xeyir görməz. İcazəsiz aksiyada iştirakçı və ya jurnalist kimi belimizə az dubinka dəyməyib...
Yanvarın 23 və 31-dəki aksiyalar göstərdi ki, Rusiyada passionar gənclik bu prosesin əsas lokomotivi olmağı üzərinə götürüb. Həddən artıq yığılmış enerjisini dəyişikliyə yönəldən passionar gənclik əyləncə üçün hakimiyyət nümayəndələrinə qartopu atır, hətta polislə əlbəyaxa vuruşmaqdan belə çəkinmir. Amma onlar üçün Navalnı kimdir ki? Sadəcə bir obraz, bəlkə də Şaxta baba kimi bir simvoldur, kompyüter oyunlarındakı şər qüvvələrlə savaşan proqramlaşdırılmış virtual qəhrəmandır. Hər kimdirsə, klassik anlamda lider deyil. Gəncliyin lideri olmaq asan iş deyil. Gənclik sürü liderliyini qəbul etmir. Simvolları isə bəli, sevir, onun qarşısında bəzən baş da əyir, hətta əriyir də...

Hər hansı bir ölkədə kütləvi etirazlar öz daxili məntiqinə uyğun inkişaf edir. Etirazın aydın bir fəaliyyət proqramı, hakimiyyətdə və elitada isə parçalanma yoxdursa, heç bir nəticə əldə etmək mümkün olmur. Rusiyada bu situasiyanın “s” da yoxdur. Amma üstəlik, Navalnın vəd edilən parlaq gələcək üçün proqramı, vitrin üçün komandası belə ortada deyil.
Hakimiyyət belə bir gərginlik mənzərəsi üçün əlbəttə, özünü də suçlamalıdır. Məsələn, 10 il əvvəl  Dumada daha radikal düşüncəli siyasilər otururdu və  bu siyasi sistem üçün təhdid deyildi. Bu siyasət davamlı olsaydı, Navalnı kimi xarizmasız(mənim subyektiv düşüncəm belədir) biri ortaya çıxa bilərdimi? Navalnını Rusiya hakimiyyəti bir az da qova-qov, tuta-tut siyasəti sayəsində yüksəltdi.      

Rusiya göysatana görə inqilab edən və 30 illik prezidenti bir neçə günə ölkədən didərgin salan Tunis deyil, heç Liviya səhrasında xalqdan oğurladığı neft milyardlarını gizlədən və sonu ağır olan Qəddafi rejiminə də bənzəri yoxdur

1991-1992-ci illərdə o zamankı parlamentə rəhbərlik edən Xasbulatovla vitse-prezident Rutskoy tərəfdarlarının Rusiya prezidenti Boris Yeltsinə qarşı çıxması müasir Rusiya müxalifətçiliyin başlanğıc tarixi hesab oluna bilər. Onlar Yeltsinin Ali Soveti ləğv etməsi fərmanın tanımamış və nəticədə ölkədə siyasi və hüquqi böhran yaranmış, Rusiya prezidenti və parlamenti arasındakı qarşıdurma 1993-cü ilin oktyabrında Moskvada tankların iştirakı ilə silahlı toqquşmalarla sona çatmışdı. Məhz 1993-cü il oktyabr hadisələrindən sonra Rusiyada siyasi və ideoloji müxtəlifliyi legitimləşdirən ikipalatalı parlament yaradılmasını özünü əks etdirən konstitusiya qəbul edildi. Əgər 1995-ci ildə Dumaya ilk demokratik seçkilərdə Rusiya kommunistləri 157 mandata sahib idilərsə, zamanla real müxalifət sıradan çıxarıldı, sistem müxalitətinə çevrildilər. 2003-cü ildən bəri isə Rusiyada faktiki olaraq təkpartiyalı(“Vahid Rusiya”) rejim qurulub.

Dumaya seçkilərdə kənarda saxlanılan sistemdənkənar müxalifət bir neçə dəfə siyasi ambisiyalarını həyata keçirmək üçün birləşməyə cəhd etdi. 2012-ci ildə hətta Rusiya liberalları müxalifətinin Koordinasiya Şurasını formalaşdıra da bildi.Məhz müxalifətin birləşməsi sayəsində 2012-ci ilin fevralında “Bolotnoya meydanı”nda Dumaya seçkilərin saxtalaşdırılmasına etiraz olaraq ən izdihamlı aksiya keçirildi, böyük şəhərlərdə və əyalətlərdə də on minlərin iştirakı ilə mitinqlər təşkil olundu ki,  hələ də söz-söhbəti, məhkəmə çəkişmələri bitmir...

Azərbaycanda da bəzilərinin azarkeşlik etdiyi “obyektiv və demokrat” Navalnın 2014-cü ildə Krımı Rusiya ərazisi kimi tanıması(!) müxalifət sırasında ciddi çaxnaşma və fikir ayrılığı yaratdı. Müxalifət sonra da birləşməyə bir neçə dəfə cəhd etsə də, buna nail ola bilmədi. Boris Nemtsovun qətlindən sonra isə müxalifət daha da zəiflədi, bəziləri fəaliyyətini dayandırdı, bəziləri qorxub ölkədən qaçdı. Navalnıya gəldikdə isə o, korrupsiya ilə bağlı araşdırmanı hələ 2012-ci ildə “Həqiqət maşını” adlı projekti ilə sınaqdan çıxarmışdı, amma sonra nədənsə, geri çəkildi. 2017-2018-ci illərdə hakimiyyətə yaxın şəxslərin korrupsiya əməlləri haqda araşdırma materiallar yayımlandı, Navalnının çağırışı ilə bir neçə aksiyalar keçirildi. Navalnı obrazı belə yarandı... Xarici qüvvələr isə onun personası ətrafında dərhal təşkilatlandı, ona fokslandı. İndi Rusiyada rejim əleyhinə hər şey Navalnın adı ilə başlayır, onun adı ilə yekunlaşır.

Aksiyaya çıxanlar necə, aclardımı, həqiqətən də sosial problemlərdən, korrupsiyanın səviyyəsindən bezənlərdimi? “Soyuducu boşdur” deyib küçələrə etiraza çıxanlardı, yoxsa bunu bir fürsət bilib selfi çəkdirmək, bloqları üçün daha maraqlı və laykları bol olacaq filmlər çəkmək həvəskarlarıdımı? Müşahidələr və rus mənbələrindən oxuduqlarımız göstərir ki, Rusiyada acların yox, daha çox toxların üsyanı, onların rejimə qarşı diş göstərmək cəhdidir. Onlar daha fərqli Rusiyada yaşamaq istəyirlər. Amma hansı Rusiyada? Çeçenistan prezidenti Navalnının və onun müdafiə etdiyi dəyərlərin kişinin kişi ilə evlənməsinə tərəfdar olduqlarını qabardır. Yanlışmı deyir? Bu yeniləşmə istəyən Rusiyanın “gələcəyi” haqda yalnız bir xırda epizoddur. “Filmin” isə daha ağır nəticələri ola bilər...

Rusiya göysatana görə inqilab edən və 30 illik prezidenti bir neçə günə ölkədən didərgin salan Tunis deyil, heç Liviya səhrasında xalqdan oğurladığı neft milyardlarını gizlədən və sonu ağır olan Qəddafi rejiminə də bənzəri yoxdur. Rusiya atom bombası olan fövqəldövlətdir və onu Navalnı kimi antikkorupsiya aşiqi yıxa bilməz. Buna imkan verməzlər. Elə Qərb imkan verməz!
Navalnı yalnız narazıları təşkilatlandırmaq, ruhlandırmaq, ayaqda saxlamaq üçün bir vasitədir...Hələ ki, işləyən batareya kimi...
Nazim SABİROĞLU,
Musavat.com
   
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.